Müğənnilərin toy qiymətləri müzakirə yaratdı – Əməkdar artistlərdən açıqlama
2026-cı ildə müğənnilərin toy qiymətləri ilə bağlı siyahı açıqlanıb. Siyahıda Xalq artistləri Faiq Ağayev, Brilliant Dadaşova Əməkdar artistlər Abbas Bağırov, Ədalət Şükürov, Elnarə Abdullayeva və digər sənət adamlarının adları yer alıb. Onların yarım saatlıq və tam toy məclisini idarə etmə qiymətləri də qeyd olunub.Məsələ ilə bağlı Abbas Bağırov Qaynarinfo-ya açıqlamasında məlumatı təsdiqləyib:
“Bu rəqəmlər düzdür. Amma mən bu məbləği tək almıram. 18 min manat 21 nəfərlik ansambl üzvləri arasında bölünür. Ansamblın tərkibində Əməkdar artist Ənvər Sadıqov da var. Biz toya tək getmirik. Çoxları elə bilir ki, bu məbləğ yalnız mənə aiddir”.
Əməkdar artist Elnarə Abdullayeva da 12 min manat qonorarla bağlı yayılan məlumatlara münasibət bildirib:
“Deyirlər min yeyənin olsun, amma bir deyənin olmasın. İnsanlar nə istəyir, nə axtarır, bilmirəm. Bundan sonra bir milyon da qazansam, yenə danışılacaq. Mən artıq elim, obam, dövlətim üçün nəyi bacarmışamsa, etmişəm. Kasıblıqdan bu yana başımı bulaya-bulaya gəlirəm. İnsanlar başı girməyən yerə bədənlərini soxmağı xoşlayır. Bunu yazmaqla nə dəyişir? Hazırda başım daha çox ustalarla bağlı işlərə qarışıb. Onlar işlərini görüb getsələr, özümü xoşbəxt hiss edərəm”.
Azərbaycan yazıçısı, nasir və ictimai xadim Xeyrəddin Qoca da müğənnilərin toy qiymətlərinə münasibət bildirib:
“Müğənnilərin yarım saatlıq və tam toy qiymətləri ilə tanış oldum, heyrətə gəldim. Sözüm yoxdur, pulu olan xərcləsin. Vaxtında oxuyan olsaydıq… Paxıllıq edənin gözü çıxsın”.
