“Konsertlər davam edir... yalandır" - Sərdar Ortaçdan səhhəti ilə bağlı AÇIQLAMA

“Konsertlər davam edir... yalandır Türkiyənin tanınmış müğənnisi Sərdar Ortaç haqqında son günlər yayılan səhhət xəbərləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Musavat.com-un məlumatına görə, uzun müddətdir MS (dağınıq skleroz) xəstəliyi ilə mübarizə aparan sənətçinin səhhətinin pisləşdiyi, ciddi xəstəlik tutması keçirdiyi və intensiv müalicəyə cəlb olunduğu iddia edilmişdi. Hətta bəzi mənbələrdə 56 yaşlı müğənniyə son 15 gündə xüsusi müalicə proqramı tətbiq olunduğu və bu səbəbdən konsertlərinin təxirə salındığı irəli sürülmüşdü.
Yayılan xəbərlərin ardından Sərdar Ortaç sosial media hesabında açıqlama verərək iddiaları təkzib edib.
Məşhur ifaçı paylaşımında “Xəbərlər yalandır. Özümü çox yaxşı hiss edirəm. Konsertlər davam edir” sözlərini yazıb.
“Padişah”, “Karabiberim”, “Bilsem ki”, “Poşet”, “Mikrop”, “Mesafe” və “Dansöz” kimi məşhur hitləri ilə tanınan sənətçi bununla da pərəstişkarlarının narahatlığına son qoyub.
Qeyd edək ki, Sərdar Ortaç son aylarda həm sosial şəbəkələrdəki paylaşımları, həm də Saygı1 layihəsi çərçivəsində yenidən gündəmə gəlib. O, bir müddət əvvəl canlı yayımda etdiyi emosional çıxışla da diqqət çəkmiş, mahnılarının gələcək nəsillərə çatdırılması ilə bağlı arzularını dilə gətirmişdi.
Hazırda isə tanınmış sənətçinin açıqlamasına əsasən, səhhətində ciddi problem yoxdur və yaradıcılıq fəaliyyətini davam etdirir.

Geri qayıt