“Yaxşı sənətkar toya getməməlidir“ - Nazpəri Dostəliyeva

“Yaxşı sənətkar toya getməməlidir“ - Nazpəri Dostəliyeva Xalq artisti Nazpəri Dostəliyeva müğənni həmkarı Xatirə İslamın efirə çıxmaq üçün telekanallardan pul tələb etməsi barədə qərarına münasibət bildirib.

Yenisabah.az-a bu barədə danışan sənətçi xarici ölkələrdə müxtəlif məbləğlərdə qonorar aldığını xatırladıb:
“Müğənnilərə efirə çıxdığına görə qonorar verilməsi bu günün söhbəti deyil. Bu məsələ illərdir müzakirə olunur. Bütün dünyada müğənni istər radioda, istər televiziyada çıxışından sonra qonorar alır. Bizdə bu qanun təəssüf ki, yoxdur. Əslində, qanunla müğənnilər qonorar almalıdır. Mən özüm bir neçə xarici ölkədə olmuşam, radiolarda çıxış etmişəm və mənə qonorar veriblər. Elə Türkiyənin özündə bir neçə TV proqramlara qatılmışam, efirdən çıxıb otelə qayıdanda artıq zərfdə qonorarımın qoyulduğunu görmüşəm. Açığı, bu həmin vaxt mənim üçün gözlənilməz oldu, çünki ölkəmizdə heç vaxt belə şey görməmişdim. Orada öyrəndim ki, başqa ölkələrdə uzun illərdir ki, sənətçiləri qiymətləndirirlər, onlar çıxışlarına görə qonorar alırlar. Söhbət təbii ki, əsl sənətkarlardan gedir, sənəti olanlar hər zaman dəyərləndirilməlidir. Bu gün xalqın sevdiyi sənətçilər var. Onları  qonorar tələb etdiklərinə görə heç kəs qınaya bilməz. Sözsüz ki, hər müğənni də bunu tələb edə bilməz. Lakin Xatirə İslam tələb edə biləcək, xalqın sevgisini qazanmış bir müğənnidir. Xalq artistlərinə, Əməkdar artistlərinə mütləq çıxışlarına görə pul ayırmaq lazımdır. Mən faktlarla danışıram, xaricdəki çıxışlarımıza görə bizə pul ödəyiblər. Məbləğ o qədər də vacib deyil, əsas odur ki, dəyərləndirirlər”.
Nazpəri Dostəliyeva həmkarının bu şikayətində haqlı olduğunu qeyd edərək onu dəstəkləyib:
“Xatirə İslamın şikayəti haqlı şikayət və gileydir. Mən onu dəstəkləyirəm, çox doğru deyir. Bizdə belə şey heyif ki, yoxdur. Bu gün müğənnilərimizi çox vaxt qınayırlar ki, “toylara gedir”. Bəs yazıq müğənni toya da getməsə, haradan, necə qazansın? Nə etsin? Əslində yaxşı sənətkar toya getməməlidir, o, konsertlərindən, buraxdığı disklərdən, televiziyadan, kliplərindən öz qonorarını qazanmalıdır və onunla dolanmalıdır. Əgər bizləri dünya şöhrətli müğənnilərlə müqayisə etmək istəyirlərsə, nəzərə almalıdırlar ki, onlar heç biri toylara getmir. Ona görə ki, qazana bilirlər, gəlir yerləri var”.
Qeyd edək ki, efirə dəvət edilən qonaqlara qonorar verilməsi sistemi dünyanın əksər ölkəsində tətbiq edilir. Türkiyədə isə dəvət və intervülərə görə qonorar tələb edən ilk sənətçi Barış Manço olub.

Geri qayıt