Yenilik.Az
www.Yenilik.Az » Mədəniyyət » Məşhurlar Zeynəb Xanlarovanı niyə təbrik etmədilər? - “Heç bilmirəm haralardadır...“

Məşhurlar Zeynəb Xanlarovanı niyə təbrik etmədilər? - “Heç bilmirəm haralardadır...“

Məşhurlar Zeynəb Xanlarovanı niyə təbrik etmədilər? - “Heç bilmirəm haralardadır...“
2021-12-29 , 15:27

Xəbər verdiyimiz kimi, ötən gün Xalq artisti Zeynəb Xanlarovanın doğum günü idi. Sənətçi 85 yaşını qeyd edib.

Son vaxtlar səsi-sorağı gəlməyən sabiq deputatı sənət dostları da təbrik edib.
Yenisabah.az-a danışan Xalq artisti Gülyaz Məmmədova pandemiyadan sonra sənətçini görmədiyini deyib:
“Səhhətimdə problem var deyə dünən ancaq yatmışam, heç dünyadan xəbərim olmayıb. Elə soyuqlamışam, səsim belə güclə çıxır. Allah Zeynəb Xanlarovaya can sağlığı versin. O bizim səhnəmizin tacıdır. Zeynəb Xanlarova xanım xanəndələrə hər zaman nümunə olub. Gözəl səsi, pərvazı, hərəkətləri ilə daim örnək olub.  O, Azərbaycan səhnəsinə öz izini qoyub, yaddaşlara həkk olunub. Onun sənət fəaliyyətini danmaq günahdır. Zeynəb xanım haralardadır heç bilmirəm, çoxdandır görünmür. Əvvəllər Saraydakı konsertlərdə onu tez-tez görərdim. Sonuncu dəfə sənətkarı pandemiyadan əvvəl görmüşəm, amma xəbərlərini alırıq, şükür ki, yaxşıdır. Bir daha onu yeni yaşı münasibətilə təbrik edirəm”.
Əməkdar artist, qiraətçi Ağalar Bayramov Z.Xanlarova ilə yaxın münasibəti olduğunu bildirib:
“Zeynəb xanımı dünən bir çox həmkarı təbrik etdi, sosial şəbəkələrdə izləyirdim. Onunla mənim münasibətim çox əladır. Bütün məsuliyyətimlə deyirəm ki, Zeynəb Xanlarova Azərbaycan musiqisinə bir yenilik, dinamika, hərəkət, canlılıq gətirdi. Buna görə xanım xanəndələr Zeynəb Xanlarovaya, kilər də rəhmətlik Məmmədbağır Bağırzadəyə borcludurlar. O, mənim sənətimə çox böyük qiymət verib. Dəfələrlə filarmoniyada mən çıxış etdikdə foyedə mənə yaxınlaşıb. Bir dəfə yubileylərin birində mənə yaxınlaşıb dedi ki, “Əjdaha, sənə eşq olsun!”  Zeynəbdən yoxdur, olan da deyil. Bu real həqiqətdir. O, bütün dünyanı dolaşıb, həmin dövrdə Amerikaya getmək olardı? Amma Zeynəb xanım üç dəfə Amerikaya gedib. Yeganə müğənnidir ki, “Cahargah”ın möhürünü vurub. Bütün sənətçilər - Arif Babayevdən tutmuş, içi mən qarışıq hamımız toylara  getmişik, lakin bir dəfə də görməmişik ki, Zeynəb Xanlarova toylarda oxusun. Bu o demək deyil ki, toyda oxumaq qəbahətdir, amma fakt budur ki, Zeynəb xanım toylara getməyib. O, sənəti ilə bütün dünyanı bəzəyib. O, İrəvanda “Razdan” stadionunda konsert verib, Ermənistanda Xalq artisti adını alıb. Sənətə möhürünü vurub. Mən onu yaxından tanıdığım üçün bütün məsuliyyətimlə insani keyfiyyətlərindən də danışa bilərəm. Çox qayğıkeş, səmimi sənətkardır. Onun mahnılarından hər kəs bu gün də bəhrələnir, lakin o həmin mahnılara öz möhürünü qoyub, hansı mahnıya əl atıbsa, yaddaşlara yazdırıb. Onun sayəsində neçə-neçə sənətkar yetişib, ansablında püxtələşib. Aftandil İsrafilov, Vəli Qədimov, Rəmiş kimi sənətkarlar onun sayəsində yetişib. Mən Zeynəb xanıma ömrünün 85-ci ilində can sağlığı arzu edirəm, bağrıma basıram, əllərindən öpürəm. Mən fəxr edirəm ki, dünyanı gəzib-dolaşmış bu sənətkar Azərbaycan torpağının qızıdır. Allah ona nə qədər ömür veribsə, can sağlığı ilə yaşamasını diləyirəm”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.