Müslüm Maqomayevin 80 illiyi qeyd olunacaq

Müslüm Maqomayevin 80 illiyi qeyd olunacaq Bu gün Kreml Sarayında “XXI əsrin tenorları” art layihəsi və Rusiya Filarmoniyasının Simfonik Orkestri Müslüm Maqomayevin repertuarından hitlər ifa edəcək.
Bu barədə Orkestrin mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, “Sənsiz mahnı yoxdur” gecəsi maestronun anadan olmasının 80 illiyinə həsr olunacaq.
“2022-ci ildə Rusiyada böyük bir tarix - əfsanəvi müğənni və bəstəkar, SSRİ xalq artisti Müslüm Maqomayevin anadan olmasının 80 illiyi qeyd olunur. Onun təkrarolunmaz səsini bütün ölkə tanıyır və sevir. O, sadəcə xalqın sevimlisi deyil, həm də milyonların kumiri idi, onun adı sənətimizin bir növ simvoluna çevrildi”, - deyə orkestrdə repertuar seçimi izah edilib.
Proqrama M.Maqomayevin “Koroleva krasotı”, “Luçşiy qorod zemli”, “Svadba”, “Çertovo koleso”, “Verni mne muzıku”, “Skajite, devuşki”, “Melodiya”, “Blaqodaryu tebya”, “Sinyaya veçnost” və s. məşhur mahnıları daxil edilib.
Səhnəyə beynəlxalq müsabiqələr laureatı, bas-bariton Nikolay Ryabuxa çıxacaq. Dirijor pultu arxasında Sergey Tararin olacaq.
Qeyd edək ki, Müslüm Maqomayev 1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olub. O, 2008-ci il oktyabrın 25-də Rusiya paytaxtında vəfat edib.
Mənbə: TASS

Geri qayıt