Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Postmüharibə dövrü: yeni reallıqlar, yeni imkanlar və perspektivlər

Postmüharibə dövrü: yeni reallıqlar, yeni imkanlar və perspektivlər

Postmüharibə dövrü: yeni reallıqlar, yeni imkanlar və perspektivlər
2021-07-26 , 21:24

Prezident İlham Əliyevin 22 iyul Daşkəsən rayonuna səfəri zamanı Azərbaycan televiziyasına verdiyi müsahibə ölkəmizdə və xaricdə böyük maraq doğurdu.

Ölkə başçısı müsahibəsində yalnız Azərbaycanın deyil, bütövlükdə bölgənin üzləşdiyi problemlər və onların həlli yollarına, işğaldan azad olunmuş ərazilərin dirçəldilməsi ilə bağlı görülmüş işlərə nəzər saldı, beynəlxalq münasibətlər və ikili standartlar siyasətinin nəticələrini yeni dövrün reallıqları prizmasından dəyərləndirdi, ölkəmizin haqlı mövqeyi bir daha dünyaya bəyan etdi
Regionların sosial-iqtisadi inkişafı  dövlət siyasətinin əsasını təşkil edir
Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində ölkədə qeyri-neft sektorunun davamlı inkişafı, yeni müəssisələrin və iş yerlərinin açılması, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, əhalinin məşğulluq səviyyəsinin artırılması, yoxsulluğun azaldılması istiqamətində mühüm irəliləyişlər əldə edilib. Bu məqsədlə son illər ərzində Azərbaycan Prezidentinin bölgələrə yüzlərlə səfəri baş tutub. Son 18 il ərzində baş tutan açılışlar və təməlqoyma mərasimləri görülmüş işlərin həcmini göstərir. Eyni zamanda, bu onu göstərir ki, ölkə hərtərəfli inkişaf edir.
Ölkə başçısı Azərbaycan televiziyasına müsahibəsində son səfəri zamanı baş tutan açılışları dəyərləndirdi, bölgənin mövcud potensialı və gələcək perespektivləri ilə bağlı açıqlama verdi.
Vurğulandı ki, Naftalanda yeni sanatoriyanın açılmasışəhərin turizm potensialını artırır. Mövcud sahəyə böyük investisiyalar cəlb olunub və artıq 13 mehmanxana və sanatoriya fəaliyyətdədir. Burada bütün kateqoriyadan olan müxtəlif səviyyəli istirahət zonaları olmalıdır. Azərbaycan vətəndaşları ilə yanaşı, xarici qonaqlar da bundan istifadə etməlidir.
Təqribən son 15 il ərzində görülmüş işlər nəticəsində burada qalacaq turistlər üçün 2300-dən çox yer artıq istifadəyə verilibdir və bu proses davam edir. Bu zona vahid bir turizm məkanı olacaq. Naftalana gələn qonaqların ölkəmizlə tanış olmaları üçün gərək daha geniş imkanlar olsun, həm Gəncəyə, həm digər şəhərlərə gedə bilsinlər. Bu mənada işğaldan azad olunmuş Suqovuşan qəsəbəsi də çox mənzərəli bir yerdir.
Prezident İlham Əliyev qeyd etdi ki, Naftalan şəhərində, Goranboy, Daşkəsən rayonlarında mühüm layihələr icra edilib. Yollar, içməli su xətləri çəkilib, xəstəxanalar, sosial obyektlər tikilib, iş yerləri yaradılıb, yəni, bu bölgə sürətlə inkişaf edir və işlər plan üzrə gedir. İkinci Qarabağ müharibəsindən sonra bizim əsas diqqətimiz azad edilmiş torpaqlaradır. Ancaq bizim ənənəvi işlərimiz, regionlarla bağlı olan proqramlar da yaddan çıxmamalıdır və çıxmır.
“Böyük Qayıdış”ın təmin olunması dövlətimizin əsas prioritetlərindən biridir
Azad olunmuş ərazilərin tezliklə bərpa edilməsi üçün burada mühüm infrastruktur layihələri reallaşdırılır. Bu ilin sonuna qədər həm Qarabağda, həm də Şərqi Zəngəzurda bütün elektrik təsərrüfatı qurulacaq. Ermənilərin Kəlbəcər və Laçın rayonlarında onlara iki həftə möhlət veriləndən sonra yandırıb dağıtdıqları 12 su elektrik stansiyası bərpa olunacaq. Bundan sonra yaşıl enerji layihəsi icra ediləcək. 200 meqavatlıq günəş elektrik stansiyasının xarici şirkətin vəsaiti hesabına tikintisi ilə bağlı razılıq əldə olunub.
Eyni zamanda yollarla bağlı 8 ay ərzində böyük işlər görülüb. Bərdə-Ağdam avtomobil yolu tikilir, Zəfər yoluna, demək olar ki, sentyabr ayında asfalt döşənməsi də başa çatacaq. Paralel olaraq Füzuli-Şuşa magistral yolu, Horadiz-Ağbənd yolu çəkilir, 4-6 zolaqlı yoldur. Zəngilan-Qubadlı-Laçın yolu çəkilir. Bu da çox önəmli yoldur. Füzulu-Hadrut, Füzuli-Cəbrayıl yolları – bütün yollar üzrə qızğın iş gedir. Kəlbəcərə rahat çatmaq üçün Göygöldən Ömər aşırımı üzrə yol çəkilir. Bu yol heç vaxt olmayıb, cığır olub. Qış aylarında heç vaxt ondan istifadə olunmayıb. Biz indi yol çəkirik, tunellər çəkirik ki, ilin bütün mövsümlərində o yoldan istifadə edə bilək. Eyni zamanda, biz Göygölü də turizm mərkəzi kimi Kəlbəcərin gələcək mənzərəli turist mərkəzləri ilə bağlamış oluruq. Digər yollar, Kəlbəcər, Laçın rayonlarında hərbi əhəmiyyətli yollar çəkilir. Bu yolların ümumi uzunluğu 700 kilometrə qədərdir. Çünki orada yol olmayıb, sərhədə gedən istiqamətdə yol olmayıb. Strateji nöqteyi-nəzərdən və sərhəddə öz mövqelərimizi möhkəmləndirmək nöqteyi-nəzərindən bu yolların çox böyük əhəmiyyəti var.
Ermənistan nəticə çıxarmalıdır
Ermənistanın bəzi yersiz bəyanatları və addımları hələ nəticə çıxarmalı olduqlarını göstərir. Onlar ikinci Qarabağ müharibəsini unutmamalıdırlar. Prezident İlham Əliyev Şarl Mişelin İrəvanda olarkən sərhəd ərazilərini mübahisəli ərazilər adlandırmasına da münasibət bildirdi: “Bu ifadə ilə razılaşmaq olmaz. Biz hesab edirik ki, bu, bizim ərazilərdir. Zəngəzur bizim dədə-baba torpağımızdır və biz öz ərazimizdəyik. Zəngəzur dəhlizi mütləq açılmalıdır. Ermənistan bunu nə qədər tez dərk etsə, onlar üçün o qədər də yaxşıdı”r.
Rəsmi İrəvan müharibədən sonrakı həqiqətlərlə barışa bilmir. Burada psixoloji amil də rol oynayır. Yəqin ki, psixoloji baxımdan yeni reallığa alışmaq üçün vaxt lazımdır.
Ölkə başçısı bildirdi ki, bizim tarixi torpağımızda Dağlıq Qarabağ Muxtar Vilayətini yaratmaq, bir kəndi – Xankəndini, hansı ki, kənd idi, onu oranın mərkəzi etmək və cəllad Şaumyanın adını vermək Azərbaycan xalqına qarşı çox mənfi bir addım idi. Bizim üçün təhqir idi. Tarix hər şeyi yerinə qoyub.
Mina xəritələrinin verilməməsi Ermənistan tərəfindən göstərilən növbəti əxlaqsızlıqdır
Müharibədən cəmi 8 ay keçib, amma nə qədər böyük işlər görülür. Ancaq daha çox iş görə bilərdik. Biz, əlbəttə, ilk növbədə, mina təmizləmə işləri ilə məşğul olmalıydıq və məşğul oluruq. Bu, həm çox vaxt, həm də böyük vəsait aparır. Əfsuslar olsun ki, müharibədən sonra 150-yə yaxın Azərbaycan vətəndaşı minalara düşərək ya həlak olub, ya da öz sağlamlığını itirib.
Mina xəritələrinin Azərbaycana verilməməsi məsələsinə toxunan ölkə başçısı bildirdi ki,  bunun hansısa şərtlərlə verilməsi Ermənistan tərəfindən göstərilən növbəti əxlaqsızlıqdır, mənəviyyatsızlıqdır, vicdansızlıqdır, normal insani davranışa zidd olan yanaşmadır. Bu, bir daha Ermənistan rəhbərliyinin bizə qarşı olan nifrətinin, düşmənçiliyin təzahürüdür.
Azərbaycana heç bir vəsait ayrılmaması növbəti beynəlxalq ədalətsizliyin təzahürüdür
Avropa İttifaqı Ermənistana 2,6 milyard, Gürcüstana 2,3 milyard avro ayırsa da, Azərbaycana heç bir vəsait ayrılmaması beynəlxalq ədalətsizliyin növbəti təzahürüdür.
Bu, ədalətsiz mövqedir. Çünki Azərbaycan Cənubi Qafqazın ən böyük ölkəsidir həm ərazisi, həm əhalisi, həm də potensialı baxımından. Bu günə qədər Cənubi Qafqaz ölkələrinə belə böyük məbləğdə vəsait verilmirdi. Yəni bu, onu göstərir ki, bu vəsait məhz müharibədən sonra verilir. Yəni, bu vəsaitin verilməsinin səbəbi müharibədir. Əks təqdirdə, 30 il bundan əvvəl verəydilər. Müharibədən ən çox əziyyət çəkən ölkə Azərbaycandır. Azərbaycana bu vəsait verilməlidir. 10 min kvadratkilometr ərazi tamamilə dağıdılıb, erməni vandalları tərəfindən məhv edilib. 100 minlərlə mina döşənilib və bütün binalar, tarixi binalar, bütün infrastruktur məhv edilib. Amma pulu verirlər Ermənistana, harada ki, nə dağıntı var, nə də mina döşənilib.
Ölkə başçısı bəyan etdi ki, bu addım ədalətsizdir. Ona görə də bu məsələlər gündəlikdən düşməməlidir.
Azərbaycanın yanaşması dəqiqdir, məsuliyyətlidir və məqsədə hesablanıb
Prezident müsahibəsində Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin üzv dövlətlər dəvəti ilə daha bir il uzadılmasının səbəbinə də aydınlıq gətirdi.
Ölkə başçısı qeyd etdi ki, bizim sədrliyimiz dövründə bütün üzv ölkələr gördülər ki, bizim sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur. Bakı Zirvə görüşündə rəsmən Azərbaycan sədrliyi öz üzərinə götürmüşdü. Biz üzv ölkələrin maraqlarını, beynəlxalq hüququ və ədaləti müdafiə edəcəyik və bunu edirik. Bunun ən gözəl nümunəsi İkinci Qarabağ müharibəsidir. Biz təkbaşına, bütün təzyiqlərə və təhdidlərə baxmayaraq, beynəlxalq hüququ və ədaləti bərpa etdik. Qoşulmama Hərəkatının 60 illik tarixi var və bu müddət ərzində müxtəlif sədrlər olubdur. Bəziləri buna laqeyd yanaşıblar. Sadəcə olaraq, necə deyərlər, bir status kimi formal yanaşırdılar. Bizim yanaşmamız isə çox dəqiqdir, məsuliyyətlidir və məqsədə hesablanmışdır. Biz üzv ölkələrin maraqlarını beynəlxalq tribunalarda müdafiə edirik, onlar da bizi müdafiə edirlər.
Rusiya və Azərbaycan münasibətlərinə toxunan ölkə başçısı bildirib ki, iki ölkə arasındakı strateji tərəfdaşlıq sözdə deyil, real həyatda da strateji tərəfdaşıq. Uzunmüddətli strateji əməkdaşlıq perspektivləri ilə bağlı fikir ayrılığı yoxdur. Bizim aramızda çox möhkəm dostluq əlaqələri var. Bu, çox önəmlidir. Hazırda yeddi yol xəritəsi üzərində işlər aparılır. Hər bir yol xəritəsi konkret sahəyə aiddir. Hər bir sahə üzrə də yaxşı nəticələr var.
Bəli, bu gün Prezident İlham Əliyevin yürütdüyü düzgün siyasət nəticəsində Azərbaycanda milli həmrəylik, xalq-iqtidar birliyi var.  Azərbaycan ləyaqətli ölkə olaraq bərabərhüquqlu dostluq və əməkdaşlıq əsasında bütün tərəfdaşlarla əlaqələr qurmağı bacarıb. Beləliklə, postmüharibə dövrünün gündəliyini də məhz böyük dərəcədə Azərbaycan müəyyənləşdirir.
Anar Qasımlı, Sumqayıt Regional Vəkil Bürosunun müdiri

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.