Yenilik.Az
www.Yenilik.Az » Ölkə » 6180 YAP-çıya BİR ELDƏNİZ SƏLİMOV... – Yaxud hakim partiyanın “seçim prinsipi”

6180 YAP-çıya BİR ELDƏNİZ SƏLİMOV... – Yaxud hakim partiyanın “seçim prinsipi”

6180 YAP-çıya BİR ELDƏNİZ SƏLİMOV... – Yaxud hakim partiyanın “seçim prinsipi”
2021-08-06 , 07:34

Məlum məsələdir ki, hər parlament seçkisində YAP-ın deputatlığa namizədləri siyahısına düşmək 60-70 faiz Milli Məclisin üzvü olmaq şansı deməkdir.

Son olaraq 2020-ci ilin növbədənkənar parlament seçkisində 125 dairədən 123-də YAP-ın öz namizədi olub. Eyni zamanda, partiyanın təqdim etdiyi rəsmi rəqəmlərə görə, YAP-ın 760 mindən çox üzvü var. Bu, o deməkdir ki, təxminən hər 6 min 180 nəfər YAP üzvünə bir deputatlığa namizəd düşür.
Onu da nəzərə alaq ki, YAP elə-belə partiya deyil, məlum səbəblərdən müəllimlərdən, həkimlərdən, kitabxana işçilərindən tutmuş elmi dərəcələri, titulları, fəxri adları olan şəxslərə qədər böyük əksəriyyət, yəni cəmiyyətin belə demək mümkünsə, “qaymağının” olduqca böyük hissəsi bu partiyanın sıralarındadır. Bu isə onu təxmin etməyə əsas verir ki, YAP-dan hər deputatlığa namizədə düşən 6180 partiya üzvünün təxminən 5 mini ali təhsillidir. Deməli, təxminən hər 5 min ali təhsilli YAP üzvünə bir deputatlığa namizəd düşür. O zaman sual yaranır – necə olur ki, bu 5 min nəfərin içərisindən Azərbaycanın rəsmən diplomunu belə tanımadığı Dağıstan Dövlət Universitetini “bitirmiş” birisi, yəni Xaçmazdan “seçilən” Eldəniz Səlimov kimisi YAP-ın deputatlığa namizədi olub?
Məhz bu deputatı misal gətirməyimiz qətiyyən “yıxılanı baltalamaq” məqsədi güdmür. Əksinə, anlatmaq istədiyimiz odur ki, həmin deputatın bugünkü duruma düşməsinin, həm özünün həyatını qaraltmasının, həm də parlamenti daha da gözdən salmasının əsas səbəbkarlarından biri, bəlkə də birincisi elə onu namizədlər siyahısına salan və seçdirən YAP-ın özüdür. Axı, bu adamın nəinki parlamentdə, ümumiyyətlə, YAP-ın namizədlər siyahısında nə işi vardı? Hansı xüsusi bilik və bacarıqlarına, xidmətlərinə, təcrübəsinə görə ora düşmüşdü?
Adamın “karyerasına” fikir verin - 10 ilə yaxın Vergilər Nazirliyinin rayon şöbəsində inspektor, sonra qalmaqallı “TexnikaBank" ASC-nin Xaçmaz filialında ortabab bir vəzifədə, daha sonra isə Xaçmaz rayon icra başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi, yəni el dilində desək, “kənd soveti” işləyib. Ardınca da birdən-birə Xaçmaz boyda böyük və əhəmiyyəli rayondan Milli Məclisin üzvü “seçilib”. Sual olunur: necə?
Yəni doğrudanmı, 760 minlik bir hakim partiyanın normal, ali savadlı, dünyagörüşlü, siyasi bilikləri bir yana, heç olmasa adi etik qaydalar barədə məlumatı olan 125 nəfər seçmək imkanı yoxdur? Təbii ki, var! Ancaq əsas məsələ seçimin kimlər tərəfindən və hansı kriteriyalar əsasında aparılmasıdır. Məhz bu seçim kriteriyaları YAP-ın rəhbərliyində uzun illər onun “sifətinə” çevrilmiş Siyavuş Novruzov kimi şəxslərin qərarlaşmasına səbəb olub. Məhz bu kriteriyalar Hadı Rəcəbli, Hüseynbala Mirələmov, Siyavuş Novruzov və digər bu qəbildən olanları önə çəkib, deputat edib. Eynilə də Eldəniz Səimov kimi tamamilə “piyada” birisi məhz bu anlaşılmaz seçim prinsipləri əsasında parlamentə düşüb. Özü də parlamentin istər köhnə, istərsə də yeni tərkibində YAP-dan olanlar arasında E.Səlimov kimilər heç də az deyil... 
Odur ki, E.Səlimovun silləsi təkcə bir deputatın polisə vurduğu sillə deyil, həm də onun kimiləri qabağa çəkib, adını namizədlər siyahısına salıb, deputat edən YAP-ın müvafiq strukturlarındakı təfəkkürün, idarəetmə və seçim prinsiplərinin cəmiyyətə vurduğu sillədir. Ona görə də hakim partiya yalnız özünə məlum olan “seçim kriteriyaları”nı dəyişməyincə, çox Eldəniz Səlimov, Hüseynbala Mirələmov, Siyavuş Novruzov və s. kimilərə görə utanmalı olacaq... 
Yəqin ki, bütün bu qeyd etdiklərimizi YAP-da da bilən, anlayan az deyil. Və maraqlıdır ki, E.Səlimovla bağlı Milli Məclisdə müzakirələr açılmasına, Baş Prokurorluğun açıqlama verməsinə rəğmən, bu deputatı “öz qoynunda” bəsləyib yetişdirən YAP-dan səs çıxmır. Sadəcə, mətbuat üçün quru bir açıqlama var ki, YAP-ın Xaçmaz Rayon Təşkilatının İdarə Heyətinin 2 avqust tarixli qərarına əsasən, partiyanın nüfuzuna xələl gətirən hərəkətləri ilə əlaqədar Eldəniz Adil oğlu Səlimov YAP üzvlüyündən xaric edilib. Vəssalam! Elə bu? Yəqin utandıqlarından deməyə söz tapmırlar...

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.