Yenilik.Az
www.Yenilik.Az » Ölkə » “Nüvədi harayı: pozulmuş hüquqların bərpası” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib

“Nüvədi harayı: pozulmuş hüquqların bərpası” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib

“Nüvədi harayı: pozulmuş hüquqların bərpası” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib
2021-08-08 , 17:53

Avqustun 7-də Qərbi Zəngəzurun Nüvədi kəndi əhalisinin deportasiyasının 30 illiyinə (1991-2021) həsr edilmiş “Nüvədi harayı: pozulmuş hüquqların bərpası” adlı onlayn beynəlxalq elmi-praktik konfrans keçirilib. Konfransa Azərbaycan, Türkiyə, ABŞ, Ukrayna və Qazaxıstandan ümumilikdə 500-dək alim, politoloq, ictimai xadim, Nüvədi ziyalıları qoşulub.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Tədbirdə ümummilli lider Heydər Əliyevin Nüvədi kəndi ilə bağlı tarixi çıxışına dair videomaterial nümayiş etdirilib.
Beynəlxalq elmi-praktik konfransda giriş sözü ilə çıxış edən Bakı Dövlət Universiteti Hüquq fakültəsinin dekanı hüquq elmləri doktoru, professor Əmir Əliyev bildirib ki, Nüvədidən olan tanınmış alimlərin, eləcə də respublikanın nüfuzlu elm xadimlərinin, Azərbaycan Qaçqınlar Cəmiyyətinin təşəbbüsü ilə təşkilat komitəsi yaradılıb. Təşkilat komitəsi Qərbi Zəngəzurun Nüvədi kəndi əhalisinin deportasiyasının 30 illiyinə (1991-2021) həsr edilmiş konfrans keçirilməsinə qərar verib. Nüvədi sakinlərinin müraciətləri ilə bağlı 4 aya yaxındır ki, beynəlxalq təşkilatlar qarşısında çox ciddi məsələ qaldırılıb. Birinci istiqamət Nüvədi kəndi sakinlərinin öz doğma yurdlarına qayıtmasıdır ki, bu, onların qanuni haqqıdır. Bu haqqı beynəlxalq hüquq müəyyən edir. İkinci istiqamət Nüvədidə olan tarixi, dini, mədəniyyət abidələrini ziyarət etmək məsələsidir. Nüvədi sakinlərinin bu haqqını da beynəlxalq hüquq müəyyən edir. Artıq bir sıra təşkilatlardan cavab gəlir, yazışmalar aparılır, lakin bəzi təşkilatlar hələ də susur.
Professor Əmir Əliyev Qərbi Zəngəzurun Nüvədi kəndinin taleyi ilə bağlı dövlətimizin həyata keçirdiyi tədbirləri qeyd edib, ulu öndər Heydər Əliyevin nüvədililərə dəstəyini xatırladıb, Prezident İlham Əliyevin bu istiqamətdə mühüm işlər gördüyünü vurğulayıb.
Konfransda çıxış edən Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Nüvədi əhalisinin öz doğma yurduna qayıtması məsələsinin, eləcə də bu beynəlxalq tədbirin önəmini vurğulayıb. Moskva və Qars müqaviləsinə diqqət çəkən Əziz Ələkbərli Nüvədinin Ermənistana verilməsinin faktiki hüquqi bazasının olmadığını deyib. Bildirib ki, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan SSR Ali Sovetinin hüquqi varisi kimi 1969-cu il 7 may tarixli fərmanı ləğv edə bilər.
Deputat Əziz Ələkbərli deyib ki, Böyük Qayıdış təkcə Qarabağa deyil, digər tarixi torpaqlarımıza da qayıdışın başlanğıcıdır. Bu, məhz Nüvədidən başlaya bilər. Ötən əsrin 80-ci illərinin sonundan Ermənistanın təcavüzkar siyasəti nəticəsində tarixi torpaqlarından deportasiyaya məruz qalan azərbaycanlıların yaşadığı sonuncu kənd Nüvədi olub. Əhali kəndi 1991-ci il avqustun 8-də tərk edib.
Professor Əmir Əliyevin moderatorluğu ilə davam edən konfransda akademik Fikrət Əliyev, professorlar Tariyel Aztürk (ABŞ), İsmayıl Əliyev, Arif Quliyev (Ukrayna), Qoşqar Əliyev, Xalid Qurbanov, İsrafil İsmayılov, Dilqəm İsmayılov, Cavid Abdullazadə, dosent Asiman Həsənov, professor Əfsər Sadıqov, tibb üzrə fəlsəfə doktoru Bayram Əsədov, professor Turqay Hüseynov, dosent Əbülfəz Hüseynov, təqaüdçü müəllim Vasil Bağırov, politoloq Musa Musayev, aqrar elmlər üzrə fəlsəfə doktoru Şikar Əhmədov, şairlər Arif İbadov, Abdulla Cəfər, araşdırmaçı jurnalist Allahverdi Aydın, Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Zöhrə Həsənova və başqaları çıxış ediblər.
Beynəlxalq elmi-praktik konfransda “Ümummilli lider Heydər Əliyev və dəyanətli Nüvədi”, “Nüvədi daş yazıları və kəndin tarixi barədə bəzi qeydlər”, “Nüvədi tarixinə səyahət”, “Azərbaycançılıq və dinc yanaşı yaşamaq”, “Nüvədi kəndinin əhalisinin mentaliteti”, “Nüvədinin kənd təsərrüfatı və iqtisadiyyatı”, “Qərbi Zəngəzurdan azərbaycanlıların deportasiya tarixi”, “Beynəlxalq hüquqda geri dönmək hüququ”, “Nüvədi və təbabət”, “Zəngəzur dəhlizi İpək Yolunun tərkib hissəsi kimi: təhlükəsizliyin beynəlxalq hüquqi problemləri”, “Nüvədi kəndinin xalq təbabəti”, “Nüvədinin tarixi-dini mədəniyyət abidələrinin qorunması problemi”, “Nüvədinin xalq yaradıcılığı”, “Nüvədinin deportasiya tarixləri”, “Nüvədi kəndinin torpaq-iqlim şəraiti və bitki örtüyü”, “Nüvədi şəhidləri”, “Ermənistanın “demoqrafik problem”dən xilas yolu: qanunsuz məskunlaşma, yoxsa öz vətəndaşına sahib çıxmaq”, “Nüvədi probleminin beynəlxalq-hüquqi həlli” və digər mövzularda məruzələr dinlənilib.
Çıxışlarda 44 günlük Vətən müharibəsində Qarabağın erməni işğalından azad edilməsinə görə Prezident, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq ifadə olunub. Vurğulanıb ki, bu Qələbə Qərbi Zəngəzurun Nüvədi kəndi sakinlərini də doğma torpağa qayıtmağa ruhlandırır. Dövlətimizin başçısı da çıxışlarında “Əgər Şərqi Zəngəzur varsa, deməli, Qərbi Zəngəzur da var. Bəli, Qərbi Zəngəzur bizim dədə-baba torpağımızdır. Demişəm ki, biz oraya qayıtmalıyıq” söyləyib.
Məruzələrdə diqqətə çatdırılıb ki, Nüvədidə yalnız azərbaycanlılar yaşayıb. Onların doğma yurda qayıtmasına 10 noyabr Bəyanatı, eləcə də beynəlxalq hüququn sənədləri hüquqi əsas verir. Digər tərəfdən, Nüvədi kəndi Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının təhlükəsizliyinin təminatı məsələsində, habelə İpək Yolunun tərkib hissəsi kimi çox mühüm rol oynaya bilər. Bu, eyni zamanda, Ermənistan üçün bir şansdır.
Çıxış edənlər ümummilli lider Heydər Əliyevin o zaman blokadada olan Naxçıvandan nüvədililərə göstərdiyi dəstəyi vurğulayıblar. Xatırladılıb ki, Heydər Əliyev 1980-ci illərin ortalarında Moskvada SSRİ Nazirlər Soveti Sədrinin Birinci müavini vəzifəsində işləyərkən bilavasitə onun təşəbbüsü ilə Nüvədi kəndi ərazisindən keçməklə Bakı-Naxçıvan avtomobil yolunun Bakıdan Nüvədiyə kimi 434 kilometr uzunluğunda olan hissəsi çəkilib. Ümummilli Lider Sovet İttifaqı rəhbərliyindən uzaqlaşdırılandan sonra ermənilər bu yolun çəkilməsinin davam etdirilməsinə mane olmuşlar.
Qeyd olunub ki, Nüvədi kəndi 1929-cu ilə qədər inzibati ərazi bölgüsü cəhətdən Azərbaycanın Cəbrayıl qəzasına tabe olub. Ozamankı Zaqafqaziya sovet rəhbərliyi Nüvədi kəndini qeyri-qanuni olaraq Ermənistan SSR-in Mehri qəzasının inzibati idarə etməsinə verib. Həmin sənəd uzun müddət rəsmən təsdiq edilməyib. 1969-cu ilin mayında kəndin əhalisinin heç bir razılığı alınmadan Nüvədi Ermənistan SSR-in Mehri rayonunun inzibati ərazi vahidinə daxil edilib.
Beynəlxalq elmi-praktik konfransda Nüvədi kəndinin qədim tarixinə, mədəni abidələrinə, ziyarətgahlarına, zəngin təbiətinə, müalicəvi sularına, faunasına da diqqət çəkilib. Bildirilib ki, oradakı toponimlər qədim tariximizdən xəbər verir. Ermənistan hökuməti tərəfindən Nüvədi kəndinin adının dəyişdirilərək “Nrnadzor” adlandırılması toponimik soyqırımıdır.
Konfransın sonunda məruzə ilə çıxış edən professor Əmir Əliyev vurğulayıb ki, beynəlxalq aləmdə bütün insan hüquqları sənədləri nüvədililərin qayıtmaq hüququnu tam təsdiqləyir. Belə ki, 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, 1951-ci il Qaçqınların statusu haqqında Beynəlxalq Konvensiya, 1966-cı il beynəlxalq paktları, BMT-nin 1998-ci il tarixli Məcburi köçkünlərlə bağlı Rəhbər Prinsipləri, BMT-nin İqtisadi və Sosial Şurasının 2005-ci ildə qəbul etdiyi Qaçqınlar və məcburi köçkünlər üçün ev və əmlak restitusiyası Prinsipləri və digər beynəlxalq sənədlər nüvədililərin bu qanuni və tarixi haqqını tanıyır. Nüvədi sakinləri bu işdən geri çəkilməyəcək.
Sonda “Nüvədi harayı: pozulmuş hüquqların bərpası” adlı beynəlxalq elmi-praktik konfrans iştirakçılarının adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, beynəlxalq təşkilatlara müraciət qəbul edilib.
Konfrans https://youtube.com/channel/UCPU3QFlwIpvywzPgGlcUdUg  kanalından və ya Bakı Dövlət Universiteti Hüquq fakültəsinin dekanı hüquq elmləri doktoru, professor Əmir Əliyevin feysbuk səhifəsindən (https://www.facebook.com/al.amir.ib) yayımlanıb.
Beynəlxalq elmi-praktik konfransın materialları toplu halında nəşr olunacaq.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.