Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Yalançı mollalar, pedofil keşişlər, viruslu Facebook və etirafçı baş nazir

Yalançı mollalar, pedofil keşişlər, viruslu Facebook və etirafçı baş nazir

Yalançı mollalar, pedofil keşişlər, viruslu Facebook və etirafçı baş nazir
2021-10-12 , 22:55

Məsciddə donuz saxlayanların dostu

Təbii halda, İran Cənubi Qafqazda, xüsusilə Azərbaycanda böyük nüfuza sahib olmalıydı. Ümumiyyətlə, bu böyüklükdə, bu qədər resurslara sahib ölkə dünyada seçilməli idi, rəğbətlə qarşılanmalı idi. Ancaq fakt odur ki, İran orta əsrlər, “molla rejimi”, mövhumatla assosiasiya olunur.
“Niyə bəs оlmadı imanları iranlıların?
Dərhəqiqət pis imiş qanları iranlıların!”
XX əsrin əvvəllərində satirik Sabir də İrandan gileyli idi, 100 il sonra biz də.
1918-ci ildə qurulan Cümhuriyyəti İran rejimi yalnız 1920-ci ildə tanımışdı.
Konstitusiyasında özünü islamın mühafizəkarı, islam ölkələrinin dostu kimi təsbit edən cənub qonşumuz əsrlərdir azərbaycanlılara, müsəlmanlara qarşı soyqırımlar, etnik təmizləmə siyasəti aparan, məscidləri dağıdan, o yerlərdə donuz saxlayan ermənilərə dost deyir, ardıcıl dəstək verir. Faktiki olaraq, bu illər ərzində blokadada olan işğalçı Ermənistan üçün İran yeganə nəfəslik kimi çıxış edib, rəsmi şəxslərin qarşılıqlı olaraq səsləndirdiyi bəlağətli epitetlərlə zəngin qarşılıqlı səfərlər bir-birini əvəz edib.
Azərbaycan ərazilərinin işğal altında olduğu dövrdə əksər müsəlman ölkələri rəsmi Bakının beynəlxalq hüquqa söykənən mövqeyinə birmənalı dəstək veririblər, Pakistan, Türkiyə, Səudiyyə Ərəbistanı, hətta Cibuti belə Ermənistanla diplomatik əlaqələr qurmayıblar. Müsəlman aləmində yalnız İran qatı ermənipərəst siyasət yürüdür və bunu nəinki gizlətməyib, nümayişkaranə şəkildə ifadə edib.
Və baxın, Paşinyan ötən həftə nə deyib: "İranla münasibətlərimiz və ittifaqımız bizim üçün çox önəmlidir. 1990-cı illərdə çox çətin vəziyyətdə idik. İran bizə kömək etməsəydi, Azərbaycana məğlub ola bilərdik. Bu yaxşılığı unutmaq olmaz. İrana minnətdarıq!"

İslam nə deyir?

Biz demirik ki, İran bizi islam ölkəsi olduğumuz üçün dəstəkləməli idi. Eyni dindən olduğu üçün ədalətsizi dəstəkləmək haqdan deyil. İran Azərbaycanı ədalətli mövqeyinə görə dəstəkləməli idi. Çünki islam ilk növbədə zalıma, zülm edənə, ədalətsizliyə qarşı çıxmağı tələb edir. Cənub qonşumuzda isə deyəsən, islamı yalnız qadağalar doktrinası kimi qavrayırlar.
Ötən həftə bu ölkədə qadınlara yeni qadağalar barədə məlumat verildi. Belə ki, ölkədə kamera qarşısında qadınların pizza və ya sendviç yeməsini, qırmızı rəngli içkilər içməsini və ya dəri əlcək geyməsini qadağan edəcək yeni senzura tətbiq ediləcək. Həmçinin insanların ev şəraitində çəkilişi və kişilərin qadınlara çay süzdüyü səhnələrin də efirə verilməsi qadağan ediləcək.
Hazırda İranın Taliban rejimindən, deyəsən, çox fərqi yoxdur.
Yeri gəlmişkən, taliblər də bu günlərdə boş oturmur, yeni tabular düşünüb tapırlar – budur, Əfqanıstanda toylarda canlı musiqilər qadağan edilib, həmçinin qadın və kişilərin mərasimi fərqli otaqlarda qeyd etmələri barədə göstəriş verilib.
Bundan öncə qadınların Kabil Universitetində işləməsi və təhsil alması, eləcə də arxeoloji qazıntılar qadağan edilmişdi...
Bu arada Əfqanıstanın Hərat şəhərində quldurluqla məşğul olan dəstə üzvlərinin krandan asılmış cəsədləri nümayiş etdirilib.

Bir ilə iki master-klass

Gələcək nəsillər bizə, bəlkə də tarixi günlər yaşadığımıza görə qibtə edəcəklər. Dünyada yaxın tarixdə itirilən torpaqların geri qaytarılması ilə müşayiət olunan hadisə yoxdur. Yalnız 80-lərin sonlarında İran İraqı öz torpaqlarından çıxarıb. İndi dünyada 50-dən çox bu cür münaqişə var, ancaq bizim qələbəyə bənzər presedent yoxdur. Azərbaycan daha bir nümunə yaradır – Livan, 4 Lüksemburq qədər ərazinin yenidən qurulması. Söhbət xırda-para bərpa işindən yox, sıfırdan şəhərlərin, kəndlərin qurulmasından gedir. Çünki düşmənin Qarabağı nə kökə saldığını görürük. Beləliklə, 1 il ərzində bütün dünyaya iki master-klass göstəririk: yeni texnologiyalardan istifadə etməklə qazanılan parlaq qələbə, ərazilərimizin azad olunması və onların ən müasir şəkildə bərpası.
Bu həftə Cəbrayılın, Hadrutun işğaldan azad edilməsindən 1 il ötdü.

Etiraflar həftəsi

Paşinyanın etirafları yalnız İranla bağlı deyildi. Ötən həftə baş nazir siyasi rəqiblərini linç etmək istəyərkən, növbəti dəfə bizim “əlimizə” oynamağa davam edib. Sitat: “Bu gün çoxları müharibəyə yol verməməkdən danışır. Anlamaq lazımdır ki, müharibəyə yol verməməyin yeganə şərti ərazilərin qaytarılması olub. Odur ki, müharibəyə yol verməmək üçün biz əraziləri qaytarmalıydıq. Ən azı beş rayonu. Digər iki rayon məsələsi başqadır. Əslində isə gərək qeyd-şərtsiz yeddi rayonu qaytaraydıq”.
Və Şuşanı həyasızcasına erməni şəhəri kimi təqdim etmək istəyənlərə isə Paşinyanın bu etirafını göstərmək lazımdır: “Bu gün Şuşa haqqında bu qədər danışırlar, bəs bu 30 ildə Şuşada neçə yaşayış evi tikilib? Heç bir, bəs niyə? Kimsə heç soruşmur ki, niyə tikilməyib? Nədir bunun səbəbi? Məntiq nədir ki, tikilməyib, pulları olmayıb? Cavab, məncə, aydındır”.
Cinsi təcavüzləri araşdıran müstəqil komissiya isə tükürpədici və Fransada kilsənin nüfuzuna xələl gətirən məlumatlar açıqlayıb: Fransada kilsələrdə 1950-ci ildən 2020-ci ilə qədər 216 min uşaq cinsi istismara məruz qalıb. 1950-ci ildən bəri Fransa Katolik Kilsəsində 2900-3200 arasında pedofil keşiş və ya kilsənin digər üzvlərinin fəaliyyət göstərdiyi aşkarlanıb.

Pandemiya sanksiyası

Bəlkə də bu cür keşişlərə görə Yer kürəsinə sanksiya tətbiq olunur – koronavirusun timsalında. “Delta” ştammı artıq 200-ə yaxın ölkədə yayılıb. 10 gün öncə cəmi 185 ölkədə mövcud idi bu ştamm.
Bu arada koronavirus keçirənlərin qan plazması COVID-19-u ağır keçirən xəstələrin müalicəsi üçün əlverişli olmadığı sübut edilib.
BMT-nin Baş katibi isə dünya əhalisinin 40 faizini ilin sonuna qədər koronavirusa qarşı peyvənd etdirmək üçün əlavə səkkiz milyard dollara ehtiyac olduğunu deyib.
Amma bütün günahları keşişlərin üstünə atmaq olmaz – yuxarıda İran mollalarından da danışdıq – terrorçulara necə dəstək veriblər, hamımız bilirik.
Koronaviruslu xəstələri xilas etməli olan FHN-in Hospitalının baş həkimi də az günahkar deyil: sən demə, həkim VİP palatalara qəbula “tarif” müəyyən edibmiş: 3000 AZN. Bir dəfə biri ilə dialoqda pasiyent rəqəmi 300 kimi başa düşüb – qəbul edib, sonra qovublar.
ABŞ-Sinqapur Tibb Universitetinin professoru Van Linf deyib ki, koronavirus insanlardan yarasaya da yoluxa bilər. Məsələn, insanın dişlədiyi meyvəni yarasa yesə, xəstəlik ona keçə bilər və yenidən mutasiyaya uğraya bilər.

Facebook virusu

Həyatımıza virus kimi daxil olmuş sosial şəbəkələrdə bu həftə ciddi dalğalanmalar yaşandı. Bir neçə dəfə Facebook, Whatsapp, Instagram sıradan çıxdı. Hətta 1 gün ərzində bu şəbəkələr 7 saat işləmədi. Fürsətdən istifadə edib, əksəriyyət qohumları, ailəsi ilə maraqlandı, atalar məktəbli uşaqlarının gündəliyinə, analar balacaların pamperslərinə baxdı, babalar çoxdandır danışmaq istədiyi gənclik hekayələrinini nəvələrinə danışdılar və s.
Bu rəzalətdən sonra Mark Zukerberq 6,6 milyard dollar ziyana düşdü.

Qıfıl vuraq

Məcbur deyil ki, hər şeydə başımızı başlara qoşaq. Ləğv edək futbolu, dincələk birdəfəlik. Dünya bizi müzəffər xalq kimi tanıyır, Azərbaycan adı eşidiləndə Qarabağdakı zəfər yada düşür. Milli komandamız isə fasiləsiz şəkildə bizi rəzil edir.
Daha bir məğlubiyyəti ötən həftə sonu İrlandiyadan aldıq: 0-3. İlk dəfədir ki, yığma doğma divarlar arasında ardıcıl olaraq iki oyunda böyük hesabla məğlub olur.
Yəni bu qədər uğursuzluq üçün italiyalı mütəxəssis lazımdır?! De Byazinin əvəzinə bu məğlubuyyətləri Tərlan Əhmədovla, Yunis Hüseynovla da “qazanmaq” olmazmı?! (Halbuki bu məşqçilərlə, bəlkə də yığma daha yaxşı motivasiya qazanar) Yoxsa mütləq italyana milyonları qazandırmalıyıq?! Yoxsa mütləq kimlərsə yığma üzərində biznes qurmalıdır?! Yoxsa mütləq Rəfiyev “Sumqayıt”ın oyunçularını baha satmaq üçün yığmadan vitrin kimi istifadə etməlidir?! Yoxsa mütləq dünyanın hansısa uzaq küncündən tapıb gətirdikləri oyunçuları yığmaya dürtüşdürməklə nələrsə qazanmalıdır kimlərsə?!.
San-Marino istisna olmaqla hətta bütün cırtdan ölkələrin də nəticələri bizdən yaxşıdır. Belə cırtdanlaşmaqdansa, AFFA-nn qapısına qıfıl vuraq, məsələ bitsin.

Vüsal Məmmədov,Sputnik.az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.