Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Əflatun Amaşovun “ələyi” niyə indi fırlanır?

Əflatun Amaşovun “ələyi” niyə indi fırlanır?

Əflatun Amaşovun “ələyi” niyə indi fırlanır?
2022-08-01 , 18:08

Mətbuat Şurasının sədri Əflatun Amaşovun “reket jurnalistika”sı ilə bağlı statusu olduqca əhəmiyyətlidir və bu problem ətrafında yekun bir müzakirələr aparılmalı, tədbirlər görülməlidir.


Ancaq mütləq şəkildə əvvəlcə hörmətli Əflatun Amaşovun ifadələrindən başlamalıyıq - ilk növbədə isə “reket jurnalistika” anlayışından...

Əflatun Amaşovun bu ifadəni işlətməsinə çox üzüldüm. “Reket jurnalistika” anlayışı yoxdur və ola da bilməz: bir ixtisasın, peşənin adının qarşısına “reket” sözünün atılması peşəni təhqir etmək və problemin mahiyyətini ifadə edə bilməməkdir. Əgər bir şəxs problemin səbəbini düzgün ifadə edə bilmirsə, demək, prosesi düzgün qiymətləndirməkdə çətinlik çəkir.

“Reket jurnalistika” deyil, “reketliklə məşğul olan jurnalist” ifadəsindən istifadə etmək mütləqdir: Mətbuat Şurasının rəhbəri kimi Əflatun Amaşov ilk növbədə peşənin təəssübünü çəkərək, bu anormal ifadəni ən azı özü işlətməməli idi.

İkincisi, Əflatun Amaşov illərlə “reketliklə məşğul olan jurnalistlərə” qarşı mübarizənin o qədər də effektiv olmamasından narahatlığını bildirib və tamamilə haqlıdır. Görəsən, bunun günahı kimdədir?

Mətbaut Şurası rəhbərinin fikrincə, bununla bağlı qanunvericilikdə boşluqlar var, eyni zamanda “reketliyə” qarşı mübarizədə ümumilikdə jurnalistlərin prinsipiallıq nümayiş etdirməməsi də ciddi rol oynayır.

Haqlıdır, ancaq bu problemin qaynaqlandığı səbəblər sırasında Mətbuat Şurasının də rol aldığını Amaşov mütləq şəkildə etiraf etsəydi, sevinərdik.

Əflatun Amaşov 20 ilə yaxındır Mətbuat Şurasının sədridir. Çox böyük zaman deyilmi? Bu qədər müddətdə “reket jurnalistlər”in öhdəsindən gələ bilməyən bir qurum sədri niyə getmək barədə düşünməyib? Dövlətin mediaya dəstəyində zaman-zaman kimlərinsə etdiyi ədalətsizlik və qərəzlərə qarşı nə zaman sərt, prinsipial və qəti mövqeyini ortaya qoyub?

Mətbuat Şurasının şanlı “qara siyahısı” vardı. İllərlə o “qara siyahı” Əli Həsənovun göstərişləri ilə idarə olunurdu: Əli Həsənov xoşuna gəlməyən sayt və qəzetlərin o siyahıya düşməsinə və yaxud xoşuna gələnlərin o siyahıdan çıxarılmasına göstəriş verirdi.

Mətbuat Şurasının mediaya münasibətdə hansı yanlışlar etdiyini hər birimiz yaxşı bilirik. Şura medianın siması ola, lokomotivlik edə bilmədi və illərlə kimlərinsə sifarişlərini yerinə yetirməklə məşğul oldu.

“Reket jurnalistika” ifadəsini işlətməyi özünə sığışdıran Əflatun Amaşov Mətbuat Şurasına bəh-bəhlə üzv seçdiyi media orqanı rəhbərlərinin bəzilərinə inşa deyil, imla yazdırmağı sınasaydı, nələr baş verərdi?

Bu, əlbəttə ki, ritorik sualdır. Əflatun Amaşova heç kəs o səlahiyyəti verməyib ki, hansısa media rəhbərinə imla yazdırıb, onu yoxlasın. Ancaq həm Əflatun Amaşov, həm də Mətbuat Şurasında olan peşəkarlar üzvlüyə qəbul etdikləri media qurumlarının rəhbərinin hansı səviyyədə olduğunu hər kəsdən gözəl bilirlər. Bəs, onları niyə üzv qəbul edib, Mətbuat Şurasının rəsmi tədbirlərində başda otuzdururlar?


Mətbuat Şurası qanunvericiliyin tələbləri ilə hərəkət etməyə, kimlərdənsə şikayət olduqda onu Baş Prokurorluğa yönləndirməyə çalışıb – prokurorluğun “filialı” funksiyasını yerinə yetirib.


Halbuki tendensiyaya qarşı mübarizə aparmaq, bütövlükdə reketliyin kökünü kəsmək, prinsipiallıq göstərmək üçün Mətbuat Şurası böyük mənəvi üstünlüyə malikdir. Haradasa “reketlik” edən adi jurnalistlərlə Baş Prokurorluq olduqca uğurlu mübarizə apara bilər, Mətbuat Şurasının işi “reketlik” prinsipi üzərində işini quran media qurumları olmalıdır. Bunun üçünsə Mətbuat Şurasında çalışanların həm təcrübəsi, həm peşəkarlığı, həm də geniş müşahidə qabiliyyəti kifayət qədərdir.


Hörmətli Amaşov “medianı ələmək” iddiasına düşüb və deyir ki, “ələyin gözündən yaxşılar düşəcək”dir. Obrazlıdır, ancaq Mətbuat Şurası sədrinin nə demək istədiyi aydındır və dəstəklənməlidir.


Ancaq “əsas məsələ ələyi hərəkətə gətirməkdir” deyən Əflatun Amaşovla razılaşmaq mümkün deyil. İllərdir bu "ələyi" niyə hərəkətə gətirmirsiniz? Və yaxud, bu “ələyi” kim hərəkətə gətirəcək? Əgər hansısa tənqidi materialın hansısa saytdan çıxarılmasını xahiş edən subyekt “əks halda Mətbuat Şurasına hörmət edib, onsuz da sildirəcəyəm” təsəvvürünə sahibdirsə, ilk növbədə “ələk” Mətbuat Şurasında “hərəkətə” gətirilməlidir.

İnanmaq istəyirəm ki, Mətbuat Şurası “ələyi hərəkətə gətirmək” istəyib, çalışıb, cəhd göstərib. Ancaq kimlərsə mane olub.

Hörmətli Amaşov hər şeyi öz adı ilə, çılpaq şəkildə deməlidir: “ələyin” işləməsinə indiyə qədər mane olanlar, Mətbuat Şurasının prinsipial iş görməsinə imkan verməyənlər kimlərdir?

Amaşov bu barədə açıq yazmalı, hər şeyi adı ilə çağırmalı, ondan sonra isə “çör-çöplə” yox, “kötüklərlə” mübarizəyə qalxmalıdır. Əks halda “ələy”in gözündən yaxşılar düşməyəcək, əksinə, yaxşılar gözdən düşəcək – necə ki, indiyə qədər elə belə də olub.

Hər bir halda Amaşovun mövqeyi bölüşüləsidir. Ancaq bu mövqe Baş Prokurorluğun təşəbbüs və həbslərindən sonra olmamalı, hüquq-mühafizə orqanlarının apardığı əməliyyatın lazımlılığına ictimai dəstək vermək naminə “tapşırıq” təəssüratı yaradan açıqlamalara çevrilməməli, ortaya böyük iş qoyulmalıdır.

Saytında yazdığı “köşə yazısının” hər cümləsində fikir, üslub, qrammatik səhvlər edən baş redaktorlarla “qardaş fotoları” çəkdirib, sonra da “reket jurnalistika” ifadəsindən istifadə etməklə bu mübarizə aparılmaz.


Elnur
BakuPost

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.