Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Hərbi ekspert: "Dörd ay hərbi xidmətdə olan şəxs gənc əsgər hesab edilmir"

Hərbi ekspert: "Dörd ay hərbi xidmətdə olan şəxs gənc əsgər hesab edilmir"

Hərbi ekspert: "Dörd ay hərbi xidmətdə olan şəxs gənc əsgər hesab edilmir"
2022-08-04 , 16:42

Məlum olduğu kimi Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən bölmələrinin mövqelərinin qanunsuz erməni silahlı dəstələrinin üzvləri tərəfindən intensiv atəşə tutulması nəticəsində əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub. Bu isə hər fürsətdən istifadə edib ordumuzu gözdən salmaq istəyən şəxslər üçün yeni müzakirə mövzusu olub. Bəziləri şəhid Anar Kazımovun 4 ayın əsgəri olmasını əsas gətirərək dörd ayın əsgərinin hələ hərbi təcrübəsinin az olduğunu, onun Azərbaycan ordusunun ön mövqelərində xidmət aparmalı olmadığını qeyd edirlər. Bununla bağlı hərbi ekspert Şair Ramaldanovun münasibətini öyrəndik. Ş.Ramaldanov Yenilik.az-a bildirdi ki: "Sosial şəbəkədə bu tip müzakirə aparan şəxslərin özləri bilmir ki, gənc əsgər kimə deyirlər. Dörd ay hərbi xidmətdə olan şəxs gənc əsgər hesab edilmir. Bu təkcə bizdə deyil, bütün ölkələrdə belədir. Ümumiyyətlə, Azərbaycan Ordusunda əsgərlərimiz üç ay müddətdən sonra öz vəzifələrini icra edirlər. Bu üç ay ərzində onlar gənc əsgər sayıla bilər. Nəzərə alsaq ki, ali məktəbi bitirən çağırışçılarımız bir il hərbi xidmət keçməlidir. Əgər dörd ay ərzində o, gənc əsgərdirsə, onda əsgər nə vaxt olacaq? Yəni bu, bir az məntiqsiz yanaşmadır”.


Yenilik.az olaraq qeyd edək ki, ötən gün baş verənlərlə bağlı sosial şəbəkələrdə, xüsusilə TikTok platformasında baş verənlər, yəni şəhidə məxsus olmayan fotonun “Şəhid Anarın fotosu”, köhnə videonun yeni kimi təqdim edilməsi, “Şəhid anasının ürəyi partlayıb öldü” başlığı ilə həqiqətə uyğun olmayan məlumatların yayılması cəbhədə baş verənləri fürsət bilib izləyici və layk toplamaqla məşğul olanların sayının çox olduğunu bir daha göstərdi. Lakin biz Yenilik.az olaraq həm saytımızda, həm də sosial şəbəkə hesablarımızda yalnız Müdafiə Nazirliyinin rəsmi təsdiqlədiyi məlumatları yaymaqla oxucuların baş verənlər barəsində dəqiq xəbərlər almasına çalışırıq. Bütün izləyicilərimizi, oxucularımızı da yalnız rəsmi məlumatları izləməyi və rəsmən təsdiqlənməmiş məlumatlara inanmamağa çağırırıq. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.