Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Azərbaycanda şam ağacları niyə quruyur? - Mütəxəssislər müzakirə etdi (FOTOLAR)

Azərbaycanda şam ağacları niyə quruyur? - Mütəxəssislər müzakirə etdi (FOTOLAR)

Azərbaycanda şam ağacları niyə quruyur? - Mütəxəssislər müzakirə etdi (FOTOLAR)
2022-10-14 , 16:30

Dövlət Ekoloji Ekspertiza Agentliyində son illərdə ölkə ərazisində şam ağaclarının qurumasının səbəbləri mövzusunda tədbir keçirilib. Agentliyin əməkdaşlarının, alimlərin, mütəxəssislərin, müstəqil ekoloqların iştirakı ilə keçirilən tədbirin məqsədi şam ağaclarının kütləvi qurumasını törədən amillərin, bu hallara qarşı mübarizə üsullarının, həmçinin aparılan tədqiqat və monitorinq işlərinin nəticələrinin müzakirəsi olub.Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov bildirib ki, dünya ölkələrində şam ağaclarında müşahidə edilən bu proses 30 ildən çoxdur ki, davam etməyinə baxmayaraq Qafqaz bölgəsində 3 il əvvəl qeydə alınıb və bu gün Respublika ərazisində bu xəstəliyə qarşı xüsusi mübarizə tədbirləri aparılır.

"Əvvəlki illərə nisbətən şam ağaclarının qurumasının kütləvi hal alması səbəbindən Ekologiya və Təbii Sərvətlər və Kənd Təsərrüfatı Nazirlikləri, AQTA, Bakı şəhər İcra Hakimiyyəti və Yaşıllaşdırma İdarəsinin mütəxəssisləri, alimlərdən ibarət işçi qrup yaradılıb. İlkin araşdırmalardan sonra ağaclarda yaranan xəstəlik və parazitlərin yaranması səbəbindən onların bioloji inkişafdan qaldığı aydın olub”.
Mirsalam Qənbərovun sözlərinə görə, xəstəliyin torpağa, ətraf mühitə və digər ağaclara keçməsinin qarşısının alınması üçün xəstə, quru ağaclar yerindən çıxarılır, Yaşıllaşdırma İdarəsi tərəfindən müvafiq dərmanlama, sanitar işlər aparılır. Bu hal Gürcüstanda da baş verib.
Meşələrin İnkişafı Xidmətinin Meşəbərpa şöbəsinin müdiri Vahid Fərzəliyev qeyd edib ki, bu sahədə yaradılmış işçi qrup əsasən yaşı 40-45 il olan şam ağaclarında müşahidə olunan xəstəliklərin aradan qaldırılması ilə bağlı tədqiqat və monitorinqlər aparır. Ümumilikdə isə payız mövsümündə xəstə ağacların müalicəsi ilə bağlı profilaktik tədbirlər görülür. Nümunə olaraq, təkcə Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində aparılan monitorinqlər zamanı ziyanvericilərlə sirayətlənərək köküstə tam qurumuş vəziyyətdə aşkarlanan 69 ədəd ağac (67 ədəd Şam və 2 ədəd Sərv ağacı) digər ağaclara yoluxmanın qarşısının alınması məqsədilə və hər birinin əvəzinə yeni tinglərin əkilməsi şərtilə köklərinin torpaqdan çıxarılaraq götürülməsi barədə Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən rəy verilib.
Sözügedən monitoriqnlərdə iştirak edən Bilogiya elmlər doktoru Dilzarə Ağayeva qeyd edib ki, dövlət qurumlarını, ictimaiyyəti və sakinlərimizi ciddi narahat edən bu məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətində bir sıra aidiyyəti qurumların nümayəndələrinin, alim və mütəxəssislərin iştirakı ilə müşavirə və görüşlər keçirilib, Bakıya xarici ölkələrdən alimlər, həmçinin BMT Ərzaq və Kənd Təsərrüfatı təşkilatının mütəxəssisləri dəvət edilib. Bakı şəhərində şam ağaclarında müşahidə edilən xəstəliklərin aradan qaldırılması məqsədi ilə tədqiqat işləri üçün xüsusi olaraq İsraildən paytaxta dəvət edilən bitkiçilik üzrə mütəxəssis, arqonom Qabriel Eliazz artıq paytaxtın bir çox yerlərində xəstə şam ağaclarının vəziyyəti ilə tanış olub, onların müxtəlif hissələrindən nümunələr götürərək analizlər aparıb, xəstə ağacların müalicəsi və profilaktikası, kütləvi qurumanın qarşısının alınması ilə bağlı tədbirlər planı hazırlayıb.
Bilogiya üzrə fəlsəfə doktoru İlhamə Kərimovanın sözlərinə görə, mürəkkəb landşaft və quru iqlimə malik Bakı şəhərinin bəzi ərazilərində şam ağaclarının bir hissəsi sürətlə yayılan göbələk xəstəliyinə tutulub. Bu kimi hallar tək ölkəmizdə deyil, qonşu ölkələrdə də geniş yayılıb. Abşeronun iqlimi üçün əlverişli olan bu ağaclarda göbələk xəstəliyin fəsadlarının aradan qaldırılması, xəstəliyin başqa ağaclara keçməsinin qarşısının alınması və yaşıllıq sahələrinin qorunması üçün Dövlət Ekoloji Ekspertiza Agentliyinin mütəxəssislərinin rəyi əsasında xəstə, qurumuş ağaclar çıxarılaraq utilizasiya olunmalı və eyni zamanda digər ağacların qorunması üçün onlar tərkibində mis olan xüsusi dərman preparatları ilə dezinfeksiya edilməlidir.
"Milli Ekoloji Proqnozlaşdırma Mərkəzi”nin sədri, ekoloq Telman Zeynalov bu problemlə əsas mübarizə vasitəsi kimi bioloji metodlardan - xüsusən ziyanverici həşəratlarla səmərəli mübarizədə geniş istifadə olunan feremonlar barədə söz açıb və kimyəvi mübarizəni tətbiq edilməli olan ən sonuncu üsul kimi qiymətləndirib. Həmçinin aqrotexniki qulluğa, xüsusən suvarmaya xüsusi diqqət ayrılmalı olduğunu xatırladıb.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin şöbə müdiri Şaiq Vəliyev bildirib ki, aidiyyatı qurumlarla birgə paytaxtın bütün rayonlarında genişmiqyaslı tədbirlərin həyata keçirilməsinə başlanılıb. Bununla bağlı xəstə, qurumuş, utilizasiya ediləcək ağacların siyahısı hazırlanır və mərhələli şəkildə bu işlər tərəfimizdən həyata keçirilir. Utilizasiya edilən ağacların yeri dezinfeksiya edildikdən sonra mövsüm ərzində burada yeni ağaclar əkiləcək. Bu günə kimi artıq Bakı şəhərində 3 min ədəd şam ağacı götürülərək utilizasiya edilib.
Çıxış edənlər vurğulayıblar ki, artıq bir müddətdir ki, Abşeron yarımadasında, həmçinin Gəncə, Şirvan, Naftalan, Mingəçevir və digər şəhərlərində də şam ağaclarının bir sıra növlərinin quruması hallarının qurması hallarının qarşısını almaq məqsədilə xüsusi mübarizə metodları hazırlanıb və birgə səylər, düzgün elmi yanaşma nəticəsində bu problemin qarşısının alınması mümkün olacaq.
Azərbaycanda şam ağacları niyə quruyur? - Mütəxəssislər müzakirə etdi (FOTOLAR)
Azərbaycanda şam ağacları niyə quruyur? - Mütəxəssislər müzakirə etdi (FOTOLAR)
Azərbaycanda şam ağacları niyə quruyur? - Mütəxəssislər müzakirə etdi (FOTOLAR)
Azərbaycanda şam ağacları niyə quruyur? - Mütəxəssislər müzakirə etdi (FOTOLAR)

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.