Yenilik.Az
www.Yenilik.Az » Ölkə » "Mediator peşəsinin müstəqilliyi təminatı mediator peşəsini digər peşə konfliktlərindən ciddi qoruyur”

"Mediator peşəsinin müstəqilliyi təminatı mediator peşəsini digər peşə konfliktlərindən ciddi qoruyur”

2022-11-04 , 09:07

Medianı ən çox maraqlandıran məsələlərdən biri də mediator peşəsində maraq konfliktlərinin qarşısının alınması ilə bağlıdır. 

Yenilik.az-ın məlumatına görə bu suala aydınlıq gətirilməsi məqsədilə AzVision.az Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilova müraciət edib.


Onun sözlərinə görə, mediator peşəsində maraq konfliktlərinin qarşısının alınması cənab Prezident İlham Əliyev tərəfindən imzalanmış qanunda nəzərə alınıb. Və bu məsələlər birmənalı olaraq Mediasiya Şurasının və Şuraya dəstək olan dövlət orqanlarının diqqət mərkəzindədir:


“Dövlət başçımızın imzaladığı Mediasiya haqqında Azərbaycan Respublikasının Qanunu və eyni zamanda Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş sənədlər mediatorluğun ölkəmizdə müstəqil peşə kimi inkişafı, formalaşması üçün ciddi əsasdır. Bildiyiniz kimi, dünyada peşələrin beynəlxalq nomenklatura qaydaları var və bu qaydalar hər bir peşənin müstəqil obrazını ifadə edir. Ona görə də hətta beynəlxalq peşə təsnifatlarında belə, bir peşə digərini nəinki təkrarlamır, hətta harmonik şəkildə davam etdirir. Maraq konflikti halları olan məsələlərlə bağlı Şuranın Daxili Audit Komitəsi və İntizam Komissiyası tərəfindən davamlı olaraq ciddi ölçülər götürülür.


Dünya praktikasında və eyni zamanda beynəlxalq təşkilatların təcrübəsində mediasiya proseslərində mediatorun müstəqilliyi, digər peşəni təkrar etməməsi məsələlərinə geniş yer verilir. Belə ki, mediator yalnız mediasiya prosesləri ilə məşğul olmalıdır. Çünki mediasiya sessiyalarının aparılmasının beynəlxalq standartlarında digər peşə sahibləri bu sessiyaları apara bilməz və bu sessiyaların aparılmasında iki və üç peşə arasında qalan şəxslər uğurlu mediasiya proseslərinin nəticələrinə mənfi təsir edirlər. Təcrübə göstərir ki, mediator yalnız mediasiya prosesləri ilə məşğul olmalıdır. Digər halda meydana çox ciddi və hətta deyərdim ki, həlli olmayan dolaşıq məsələlər çıxır”.


Praktikada belə hallarla qarşılaşması ilə bağlı suala cavab verən Nadir Adilov qeyd edib ki, Şura fəaliyyətə başladığı dövrdən digər paralel peşələrdə çalışan şəxslərin mediator kimi fəaliyyəti qənəatbəxş olmayıb: “Nəinki maraq konfliktləri, eyni zamanda, peşə təkrarçılığı zamanı iki peşənin arasında qalan şəxslər mediasiya proseslərində ciddi nəticələr göstərə bilməyiblər. Məhz bu səbəbdən də biz bir çox belə şəxslərin Mediasiya Şurasının üzvlüyündən xaric edilmə məsələlərinə baxmışıq.


Bu gün bizim çox gözəl praktikamız yaranır. Bizə dəstək olan qurumlar – başqa Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Nazirlər Kabineti, Ədliyyə Nazirliyi, Məhkəmə-Hüquq Şurası, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası olmaqla bizə maraq konfliktlərinin qorunmasında, eyni zamanda mediator peşəsinin müstəqil peşə kimi inkişafında, bizim müstəqil və nəticəyönümlü fəaliyyətimizə yardım etməkdə xüsusən seçilirlər”.


Nadir Adilov vurğulayıb ki, Ədliyyə Nazirliyi və Məhkəmə Hüquq Şurası məhkəmələrlə işlərimizin əlaqələndirilməsində onlara ciddi və yaxından dəstək göstərirlər: “Məhkəmələrin iş yükünün azaldılması sahəsində bizim çox ciddi nəticələrimiz sıfır nöqtəsindən artım tempinə doğru irəliləyir. Hər gün artan və inkişaf edən nəticələrimiz var və sizi əmin edirəm ki, bu nəticələr daha da artacaq. Biz hakim korpusu ilə çox gözəl və şəffaf münasibətlərə malikik.


Eyni zamanda, digər bir misalı diqqətinizə çatdırmaq istəyirəm. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cənab Prezidentin imzaladığı fərmandan irəli gələn öhdəliklərin sağlam icrasına dəstək məqsədilə, DOST Agentliyi ilə imzaladığımız memorandum çərçivəsində vətəndaşların əmək mübahisələri üzrə müraciətlərinin qəbulu və mediasiya təşkilatlarına yönləndirilməsi sahəsində əməkdaşlığa başlamışıq. Vətəndaş məmnunluğunun artırılması məqsədi ilə DOST mərkəzlərində Mediasiya Şurası son dərəcə müasir infrastruktura malik məkanlarla təmin edilib. Eyni zamanda digər bir misalı da qeyd edim ki, cənab Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış sərəncam Mediasiya Şurasının üzərinə böyük məsuliyyət qoyub. Belə ki, qeyd edilən sərəncamda mediasiya işinin təbliği və KOB subyektləri arasındakı mübahisələrdə mediasiya fəaliyyətinin tətbiqi, Mediasiya fəaliyyətinin genişləndirilməsinə dair təkliflərin həyata keçirilməsi, sahibkarlıq fəaliyyətində yaranan münaqişələrin çevik həllinə imkan verən mediasiya sisteminin genişlənməsi qeyd edilib. Bu məqsədlərin isə ölçülə bilən olması üçün Mediasiya Şurasına mediasiya hesabına həll olunan sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrin sayının hər il 10% artması tapşırığı qoyulub. Bu tapşırığın sağlam icrası məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi Mediasiya Şurasına KOB evlərində mediasiya proseslərinin aparılması, keyfiyyətli mediasiya xidmətlərinin göstərilməsi üçün son dərəcə müasir infrastrukturu olan məkanlarla təmin edib”.


Mediasiya Şurası vəkil büroları ilə də sıx və səmərəli əməkdaşlıq edir. “Vəkillər Kollegiyasının sədri Anar Bağırovla vəkillər və mediatorlar arasında maraq konfliktlərinin qarşısının alınması məqsədi ilə xüsusi saziş imzalanıb ki, bu sənədin tələblərinə istər mediatorlar, istərsə də vəkil büroları tərəfindən ciddi əməl edilir. Bütün bunları deməkdə məqsədim odur ki, biz maraq konfliktlərinin qarşısının alınması yolu ilə eyni ekosistemdə işləyə bilmək kimi bir fürsətlərə malikik. Bu gün heç kəs mediator peşəsinin müstəqilliyinə müdaxilə etmir. Əksinə, bizə bu peşənin müstəqil təsisat kimi inkişafında ciddi dəstək var. Nəzərə alsaq ki, Mediasiya Şurası cəmi 1 il 3 aydır aktiv fəaliyyət göstərir, bizim hələ görəcəyimiz işlər qabaqdadır. Sualınıza cavab olaraq, fürsətdən istifadə edib adlarını çəkdiyim qurumların rəhbərlərinə dərin təşəkkür edirəm.


Gələcəkdə də biz digər dövlət qurumları ilə birgə mediator peşəsinin ölkəmizin inkişafı, cənab Prezidentin qarşımıza qoyduğu vətəndaş məmnunluğu hədəflərinə tam çatmaq üçün səylərimizi birləşdirəcəyik. Ümumiyyətlə isə mediator peşəsinin müstəqilliyi təminatı mediator peşəsini digər peşə konfliktlərindən ciddi qoruyur”,- Nadir Adilov fikirlərini yekunlaşdırıb.


Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.