Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Yeganə Hacıyeva:"Azərbaycan Fransanı və Makronu dürüst olmağa çağırdı"

Yeganə Hacıyeva:"Azərbaycan Fransanı və Makronu dürüst olmağa çağırdı"

Yeganə Hacıyeva:"Azərbaycan Fransanı və Makronu dürüst olmağa çağırdı"
2022-11-14 , 21:42

Bu günlərdə Fransa prezidenti Emmanuel Makronun Azərbaycan prezidenti İlham Əliyevə zəngi hələ də siyasi kulurarlarda müzakirə olunmaqdadır. Bu zəngin əhəmiyyəti və mahiyyəti nədir, Makron niyə qəfildən Azərbaycan prezidentinı zəng etmək ehtiyacı hiss etdi? Bu suallara politoloq Yeganə Hacıyevanın fikirlərini öyrənməyə çalışdıq.


Y.Hacıyeva Yenilik.az-a açıqlamasında bildirdi ki, “makronun prezident İlham Əliyevə telefon zəngi ilə bağlı əvvəlcə bunu qeyd etmək lazımdır ki, Makron hazırda bir neçə tədbir ərəfəsində Azərbaycan prezidenti ilə təmasda olmağa cəhd göstərir. Bu onunla bağlıdır ki, Makron Azərbaycanla münasibətlərin müsbət məcrada inkişafına maraqlı olduğunu göstərməyə çalışır.  Maraqlıdır ki, Makronun bu zəngi məhz prezidentin 44 günlük müharibədə qazandığımız Zəfərin 2-ci ildönümünə həsr edilmiş tədbirdə çıxşı zamanı Fransanın dövlət başçısını qeyri-ciddi, qeyri-obyektiv, qərəzli biri kimi təqdim etməsindən sonra baş tutdu. Qeyd edim ki, Azərbaycanla Ermənistan arasındakı proseslərin detalları dünyada ancaq bu proseslərlə maraqlanan və bu nizamlama prosesinə daxil olan şəxslərə məlumdur. Digər dövlət başçıları detalları bilmir. Fransa Afrikada, Avropada bir neçə bölgədə qlobal miqyasda nizamlayıcı missiyanı öz üzərinə götürüb. Qlobal səviyyədə Fransanın adının ədalətsiz, qərəzli arbitr kimi hallanması rəsmi Parisin dövlət maraqlarına ziddir və Makronun dövlət xadimi kimi reputasiyasını korlayır.” 

Y.hacıyevanın sözlərinə görə, “Azərbaycan prezidentinin haqlı olaraq onu proseslərdə qeyri-dürüst adlandırması, qeyri-ciddi adam kimi təqdim etməsi Makronu narahat edir, ona görə də ilk fürsətdəcə İlham Əliyevlə təmas qurmağa cəhd edib. İkincisi isə bu zəng Fransanın ənənəvi Frankfoniya tədbirləri ərəfəsində baş tutub. Frankfoniya tədbirləri fransız mədəniyyətinin təbliği kimi təqdim olunsa da, əslində erməni lobbisinin təbliğinə həsr olunur. Dünyanın bir çox yerlərində bu tədbirləri erməni lobbisi təşkil edir. Bu tədbirlərin aktiv keçirildiyi ölkələrdən biri məhz Ermənistandır. Hətta bir neçə dəfə bu tədbirlərin əsas mərkəzi də Ermənistan olub. Bu tədbirlər ərəfəsində həmişə Fransa hökümət üzvləri erməni lobbi qrupları ilə təmasda olurlar. Bu təmasları biz yenə görəcəyik. Noyabrın 17-18-19-da keçiriləcək Frankfoniya tədbirləri zamanı Makronun Paşinyanla görüşü olacaq. Makron indi bu zənglə elə təəssürat yaradır ki, guya Paşinyanla müzakirə olunacaq məsələləri Azərbaycan prezidenti ilə məsləhətləşir. Həmin zəng məhz bu görüntünün yaradılmasına xidmət edir.”

Politoloq Y.Hacıyeva əlavə edib ki, “Azərbaycan prezidentinin fikirləri isə obyektiv dəyərləndirilməlidir. Son dövrlərdə Ermənistan rəhbərliyinin rəsmi dövlət tezislərinin Fransa rəhbərliyi tərəfindən səsləndirilməsinin şahidi olmuşuq, ona görə də dövlət və xalq laraq Fransaya güvənmirik, Azərbaycan prezidenti də bu mövqeyi ifadə etmişdi. Prezident Zəfər bayramında etdiyi çıxışındakı kimi telefon zəngi zamanı da beynəlxalq arbitr roluna iddialı olan dövlətin rəhbərliyinə qərəzsiz və obyektiv olmağı xatırladıb, Fransaya xarici siyasətdə, eləcə də Azərbaycanla münasibətlərdə bu prinsiplərə əsaslanmaqla bağlı çağırış edib. Azərbaycan Fransanı və Makronu dürüst olmağa çağırdı. Bunu belə qəbul etmək lazımdır.”

Süleyman

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.