Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Anar Bağırov: Vəkillər Kollegiyası qanunlarımızın keşiyində durmaq istiqamətində fəaliyyətini inkişaf etdirəcək

Anar Bağırov: Vəkillər Kollegiyası qanunlarımızın keşiyində durmaq istiqamətində fəaliyyətini inkişaf etdirəcək

Anar Bağırov: Vəkillər Kollegiyası qanunlarımızın keşiyində durmaq istiqamətində fəaliyyətini inkişaf etdirəcək
2022-12-28 , 04:42

Heç kimə sirr deyildir ki, insan hüquq və azadlıqlarını, onların müdafiəsini vəkillik institutu olmadan təsəvvür etmək olmaz. “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Prezident İlham Əliyevin 2018-ci il 22 fevral tarixli Sərəncamın preambulasında da qeyd edildiyi kimi insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyəti vardır.

Məlum olduğu kimi, milli qanunvericiliyə edilmiş dəyişikliklərin nəticəsi olaraq 2018-ci ildən etibarən ölkəmizdə vətəndaşların məhkəmələrdə təmsil edilməsi məsələsi Vəkillər Kollegiyasının üzvlərinə həvalə olunub. Eyni zamanda, Mülki Prosessual Məcəlləyə dəyişikliklərin edilməsi haqqında müvafiq Qanunun tətbiqi barədə Prezidentin Sərəncamına əsasən, ölkəmizdə vətəndaşların yüksəkkeyfiyyətli hüquqi yardım almaq hüququnun daha səmərəli təmin edilməsi məqsədilə vəkillərin sayının artırılaraq zəruri həddə çatdırılması Vəkillər Kollegiyasına tövsiyə olunub. Ötən müddətdə 10-larla qəbul imtahanları keçirilib.
Yenilik.az xəbər verir ki, bu fikirlər Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırovun məqaləsində yer alıb. Həmin məqaləni təqdim edirik.
Vəkilliyin yeni inkişaf mərhələsinə təkan vermiş dövlətimizin başçısının 2018-ci il 22 fevral tarixli Sərəncamında dövlət hesabına göstərilən hüquqi yardıma görə müəyyən edilmiş məbləğin üç dəfə artırılması, ixtisas imtahanlarının müntəzəm keçirilməsi, üzvlüyə xüsusən gənc hüquqşünasların qəbul edilməsi üçün şərait yaradılması, vəkillərin peşə hazırlığının və ixtisasının artırılması ilə bağlı zəruri tədbirlərin görülməsi, aztəminatlı şəxslər üçün ödənişsiz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi, müasir İKT-nin tətbiqi, hüquqi xidmətlərin elektron formada göstərilməsi təcrübəsini genişləndirmək üçün vəkilliyin vahid elektron informasiya sisteminin təşkili və bu sistemin “Elektron məhkəmə” informasiya sisteminə inteqrasiyası istiqamətində tədbirlərin görülməsi və sair məsələlər əksini tapıb. Sərəncamda qeyd olunan işlər bu gün tam gücü ilə icra olunmaqdadır.
Sərəncama əsasən, regionlarla bağlı olaraq apellyasiya məhkəmələrinin yurisdiksiyasına uyğun Gəncə, Lənkəran, Sumqayıt, Şəki və Şirvan şəhərlərində Vəkillər Kollegiyasının regional vəkil qurumları yaradılıb, müvafiq binalarla təmin edilib, müasir İKT-nin imkanlarından yararlanmalarına dəstək göstərilib, bir çox bürolar əsaslı təmir edilib, maddi-texniki avadanlıqlarla təchiz edilib, regionlarda vəkillərin sayı bir neçə dəfə artırılıb, aylıq üzvlük haqları Bakıdakı vəkillərlə müqayisədə azaldılıb və onların fəaliyyətlərinin stimullaşdırılması üçün müxtəlif tədbirlərin görülməsi daim diqqət mərkəzində saxlanılıb. Bununla yanaşı, Nazirlər Kabinetinin 2021-ci il 7 iyun tarixli Sərəncamı ilə Vəkillər Kollegiyasının Rəyasət Heyətinə Bakıda ümumi sahəsi təxminən 3500 kvadratmetr olan bina ayrılıb.
“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanı ilə 2020-ci ildən etibarən dövlət büdcəsində dövlət hesabına göstərilən hüquqi yardıma görə vəsaitin müvafiq icra hakimiyyətinə deyil, birbaşa Vəkillər Kollegiyasına ayrılması müəyyən olunub. Bununla da, həm bürokratik maneələr aradan qalxıb, həm də vəsaitin müvafiq bölgüsünün şəffaf şəkildə aparılmasına nəzarət təmin olunub. Bu sahədə vəkillərə ödənilməli olan məbləğlər cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında Vəkillər Kollegiyası tərəfindən vəkil qurumuna və ya fərdi vəkillərə 2020-ci il yanvar 1-dən başlayaraq nağdsız qaydada ödənilir. Hazırda vəkillər məhkəmə hakimiyyətinin özünü idarə edilməsi, habelə məhkəmə hakimiyyətinin formalaşdırılması işində, yəni Məhkəmə-Hüquq Şurasının və Hakimlərin Seçki Komitəsinin işində də üzv kimi fəaliyyət göstərirlər. Həmçinin bu gün Vəkillərin İxtisas Komissiyasının işində həm məhkəmə hakimiyyətinin təmsilçiləri, həm də hüquqşünas alimlər iştirak edirlər.
Dövlətimizin başçısının “Sosial sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə” imzaladığı Fərmanla illərdir vəkilləri narahat edən daha bir məsələ həllini tapıb. Aparılan müzakirələr və müraciətlər nəticəsində vəkillərin məcburi dövlət sosial sığorta haqqının 20 faizdən 10 faizə endirilməsini nəzərdə tutan Qanun 2020-ci il iyunun 2-də təsdiq olunub. Dövlətimizin başçısının 2017-ci il 7 noyabr tarixli sərəncamları ilə Mülki Prosessual, İnzibati Prosessual məcəllələri və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanununa dəyişikliklər təsdiq edilib və həmin sərəncamlarla vəkillik institutunun hüquq sistemində yerinin gücləndirilməsi, peşəkar və yüksəkkeyfiyyətli hüquqi yardımın məhz vəkillərə həvalə olunması qət olunub.
Vəkillərin təşəbbüsləri, müxtəlif hüquq sahələrində qanunvericiliyin təkmilləşdirilməsi və beynəlxalq təcrübə nəzərə alınaraq, Vəkillər Kollegiyasının nəzdində “Biznes hüququ”, “Əmək hüququ”, “Elektron vəkillik”, “Kibercinayətkarlıq və kibertəhlükəsizlik” və “Mübahisələrin alternativ həlli üzrə” komitələri təsis edilib. Eyni zamanda, qadın vəkillərin cəmiyyətdə rolunun artırılması, bilik və bacarıqlarının təkmilləşdirilməsi, məişət zorakılığı qurbanlarının müdafiəsində qadın vəkillərin rolu və qadın hüquqşünasların vəkilliyə marağının artırılması məqsədilə Azərbaycan Qadın Vəkillər Alyansı yaradılıb.
Kollegiya tərəfindən ölkəmizin mövcud qanunvericiliyi, habelə beynəlxalq təcrübə, milli qanunvericiliyimizin müasir dünya hüquq sisteminə inteqrasiyası məsələləri nəzərə alınmaqla, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunda dəyişikliklər edilməsi barədə təkliflər paketi hazırlanaraq aidiyyəti orqanlara təqdim olunub.
Həmçinin Vəkillər Kollegiyası ötən müddətdə cəmiyyətin hüquqi maariflənməsi istiqamətində də bir sıra layihələr həyata keçirib. 2019-cu ilin əvvəlindən “Prodemos - Xalq üçün” layihəsinə başlanılıb. Bu layihənin əsas məqsədi qanunvericilikdəki ictimai əhəmiyyət kəsb edən yenilikləri sadə dildə vətəndaşlarımıza izah etmək, hüquqi yardıma ehtiyacı olanlara dəstək olmaq, o cümlədən hər həftə ən aktual mövzular üzrə həmin sahədə ixtisaslaşmış vəkilləri dəvət etmək, vətəndaşlarımızın suallarını onlayn cavablandırmaqdır.
Vəkillər Kollegiyası Rəyasət Heyətinin fəaliyyətinə aid olan məsələlərdən biri də metodik tövsiyələrin hazırlanmasıdır. Belə ki, ildə bir neçə dəfə “Azərbaycan vəkili” jurnalı, BMT, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti və sair beynəlxalq təşkilatlarla birgə “Vəkilin cinayət işində müdafiə fəaliyyəti” metodik vəsaiti, “Vəkil məsləhətləri” toplusu, Uşaq hüquqlarının müdafiəsinə dair bələdçi/təlimat, “Nizami Gəncəvi: nəsihətləri, kəlamları, hikmət və aforizmləri” adlı kitab, BMT İnkişaf Proqramı ilə birlikdə “Həssas qruplara sosial hüquqlar üzrə hüquqi yardım” bələdçi, “Hüquq və Mən” məktəblilər üçün qanunlar və məhkəmələr haqqında bələdçi və “Hüquq və Mən” məktəblilər üçün işçi dəftər də daxil olmaqla, müxtəlif hüquq sahələrinə aid kitablar, metodik vəsaitlər, təlimatlar, tövsiyələr, dərs vəsaitləri və sair hazırlanaraq dərc edilmiş və hüquq ictimaiyyətinin istifadəsinə pulsuz verilib. Demək olar ki, Kollegiyanın bütün fəaliyyət istiqamətləri üzrə qaydalar, təlimatlar hazırlanıb və hər biri rəsmi veb-saytda ictimaiyyət və əlçatanlıq üçün dərc edilib.
Eyni zamanda, qeyd edilməlidir ki, əvvəlki dövrlərdən fərqli olaraq bu gün Vəkillər Kollegiyasının rəhbərliyi vəkillərin rastlaşdıqları problemlərə operativ reaksiya verərək onların qarşılaşdıqları çətinliklərin həllinə dəstəyini göstərməkdədir. Həm vəkillərə yaradıla bilən süni maneələr, həm də “Elektron məhkəmə” və digər elektron informasiya sistemlərində olan texniki problemlər barədə onların haqlı narahatlığı Kollegiya tərəfindən geniş təhlil olunur, dövlət orqanları ilə əməkdaşlıq və danışıqlar çərçivəsində bu məsələlər həllini tapır. O cümlədən hər hansı bir hüquq sahəsinin təkmilləşdirilməsi ilə bağlı vəkillərin təklifləri ümumiləşdirilərək aidiyyəti qurumlara göndərilir və nəticəsi barədə vəkillər məlumatlandırılır.
Kollegiyanın rəhbərliyi təkcə peşə fəaliyyəti ilə bağlı deyil, eyni zamanda, vəkillərin şəxsi problemlərinin həllinə də dəstək göstərir. Rəyasət Heyətinin müvafiq qərarları ilə ötən dövrdə müxtəlif xəstəliklərdən əziyyət çəkən onlarla vəkilə maddi yardım göstərilib. Bundan əlavə, 249-dan çox vəkil analıq məzuniyyəti, təhsil və digər əsaslarla üzvlük haqqı ödəməkdən azad edilib. Həmçinin İkinci Qarabağ müharibəsində iştirak etmiş Vəkillər Kollegiyasının 9 üzvü 2021-ci il üzrə ödənilməli olan üzvlük haqqından azad edilib, hər birinə maddi yardım verilib, eyni zamanda, Rəyasət Heyəti tərəfindən tibbi-sosial reabilitasiyası məqsədilə müalicəyə göndəriliblər.
Koronavirus pandemiyası dövründə karantin rejimi nəzərə alınmaqla, “Legalaid” elektron hüquqi yardım mobil tətbiqi hazırlanaraq vətəndaşların istifadəsinə verilib. “Legalaid”in yaradılmasında başlıca səbəb vətəndaşların günün istənilən vaxtında və yerindən asılı olmayaraq onlayn, rahat və keyfiyyətli hüquqi yardıma çatımlılığını təmin etmək və vətəndaşlara ilkin ödənişsiz hüquqi yardım göstərməkdir. Həmçinin koronavirus infeksiyası ilə bağlı vəziyyətə görə Hüquqi Yardım və Tədris Mərkəzində vətəndaşlar üçün ödənişsiz onlayn hüquqi yardım xidmətləri göstərilib.
2018-ci ildən başlayaraq Kollegiya tərəfindən vəkillərin sayının artırılması ilə bağlı genişmiqyaslı işlərin görülməsinə başlanılıb. Vəkilliyə test üsulu ilə qəbulun 2004-cü ildən başladığını nəzərə alaraq qeyd olunmalıdır ki, 2004-2018-ci illərdə, yəni 14 il ərzində beş yazılı test imtahanı keçirilməklə, vəkillərin sayı 931 nəfər təşkil edib. Lakin son dörd il yarım ərzində isə doqquz yazılı test imtahanı keçirilib və vəkillərin sayı 2,5 dəfədən çox artaraq 2 min 237 nəfərə çatıb.
Ümumilikdə isə 4 min 87-dən çox hüquqşünas bu imtahanlarda iştirak üçün müraciət edib. Hazırda ölkədə 1835 kişi, 402 qadın vəkil var. Vəkillərin 1 767 nəfəri Bakıda, 470 nəfəri isə rayonlarda fəaliyyət göstərir. Beləliklə, həm xanım vəkillərin sayı, həm də regionlardakı vəkillərin sayı da dəfələrlə artıb.
Eyni zamanda, Rəyasət Heyətinin qərarı ilə vəkil vəsiqələrinin yeni forması hazırlanaraq vəkillərin istifadəsinə verilib. İlk dəfə vəkil köməkçilərinə 3 il müddətinə etibarlı olan vəkil vəsiqəsinin verilməsi də nəzərdə tutulub. Qeyd edək ki, hazırda 210 nəfər vəkil köməkçisi fəaliyyət göstərir.
Bundan başqa, vəkillikdə innovasiyaların tətbiqi hər zaman xüsusi həssaslıqla yanaşılan məsələlərdən biri olub. Vətəndaşların hüquqi yardıma çatımlılığını təmin etmək üçün Vəkillər Kollegiyasının rəsmi saytında bütün vəkil qurumlarının və vəkillərin onlayn reyestri yaradılıb və buradakı bütün informasiyaların yenilənməsi daim təmin edilməkdədir. Hər bir vəkil üçün elektron kabinet istifadəyə verilib və həmin kabinetlər “Elektron məhkəmə” informasiya sisteminə inteqrasiya olunub.
Həmçinin Kollegiyanın rəsmi sənədlərinin və vəkillərə aid sənədlərin dövriyyəsi həmin elektron kabinet üzərindən həyata keçirilir. Göndərilən yeni sənədlər və məlumatlar barədə vəkillər SMS və e-poçt vasitəsilə də məlumatlandırılırlar. Vəkillər Kollegiyasının Rəyasət Heyəti fəaliyyətə başladığı zamandan etibarən vəkilliyə qəbulla bağlı sənəd qəbulu elektronlaşdırılıb. Hazırda bu daha da təkmilləşdirilir və veb-sayt vasitəsilə müvafiq platforma vasitəsilə də namizədlərin onlayn qaydada sənədlərini göndərməsi mümkün olacaq. Kollegiyanın Aparatı daxilində sənəd mübadiləsinin elektronlaşdırılması çərçivəsində vəkillərin şəxsi işləri də elektronlaşdırılaraq elektron baza yaradılıb. Həmçinin qeyd etmək istərdik ki, artıq ödənişsiz hüquqi yardımlar – yəni, “Pro Bono”lar ənənəvi qayda ilə yanaşı, onlayn formada da aparılır.
Bundan başqa, ötən dövrdə “Davamlı tədris üzrə” elektron platforma vəkillərin istifadəsinə təqdim olunub. Beləliklə, regionlardakı vəkillərin paytaxta gəlmədən onlayn qaydada kurslarda iştirakı təmin edilib və sonda onlar üçün onlayn qiymətləndirmə keçirilməsi təmin olunub. Həmçinin vəkil sorğularının elektron formada əldə olunması üzrə müvafiq qurumlar ilə hazırda işlər davam etdirilməkdədir. Yaxın gələcəkdə “Elektron vəkil orderi” platforması da istifadəyə veriləcək.
Beynəlxalq əməkdaşlıq məsələsinə gəldikdə isə deyə bilərik ki, əvvəlki illərlə müqayisədə 2018-ci ildən başlayaraq, bu sahədə mühüm uğurlar əldə edilib. BMT-nin çoxsaylı ixtisaslaşmış qurumları, Avropa Şurası, Avropa İttifaqı, Dünya Bankı, Beynəlxalq Qırmızı Xaç Komitəsi, GİZ, ayrı-ayrı ölkələrin Vəkillər kollegiyaları və Hüquq cəmiyyətləri, həmçinin müxtəlif qitələrdəki bu təşkilatların beynəlxalq birlikləri, xarici ölkələrin Azərbaycandakı səfirlikləri və Ticarət Palataları ilə əməkdaşlıq münasibətləri qurularaq möhkəmləndirilib. Eyni zamanda, vəkillik sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq münasibətləri qurulub. Bu təşkilatların tövsiyələri ilə “Vəkillərin davranış qaydaları haqqında” Əsasnaməyə əlavə və dəyişikliklər edilməklə həmin sənədlər təkmilləşdirilib. Daha sonra “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna edilmiş təkliflər nəzərə alınıb. Həmçinin Vəkillər Kollegiyası Türkdilli və Əqrəba Ölkələrin Vəkillik Təşkilatları Birliyinə həmtəsisçi və üzv, daha sonra Beynəlxalq Vəkillər Assosiasiyasına, Asiya və Sakit Okean Hüquq Assosiasiyasına, Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasına və Avropa Vəkillər Assosiasiyasına üzv seçilib.
Xüsusilə qeyd edilməlidir ki, Avropa Şurasına və Avropa İttifaqına üzv olan ölkələrin vəkillər kollegiyalarını, hüquq cəmiyyətlərini və 1 milyondan çox vəkili özündə birləşdirən CCBE təşkilatı Avropada ən böyük və nüfuzlu təşkilatlardan sayılır və Avropa hüquq peşəsinin səsi kimi tanınır. Dörd il ərzində davam edən danışıqların, keçirilən iclasların, hazırlanan hesabatların nəticəsi olaraq, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası müstəqil peşə birliyi olaraq rəsmən tanınıb və 2022-ci il mayın 13-də İrlandiyanın paytaxtı Dublində keçirilmiş plenar iclasda təqdimat və çıxışlardan sonra, bütün ölkələrin suallarının cavablandırılmasının nəticəsi etibarilə Vəkillər Kollegiyası böyük səs çoxluğu ilə üzv qəbul olunub. CCBE təşkilatına üzv olaraq Azərbaycan vəkillərinin avropalı vəkillər, kollegiyalar, o cümlədən hüquq cəmiyyətləri ilə əməkdaşlıq imkanları genişlənəcək, Avropada təcrübə keçmək imkanları mümkün olacaq, vəkillərin peşə hazırlığı artırılmaqla, onların fəaliyyətinin Avropa standartlarına uyğun həyata keçirilməsində müstəsna əhəmiyyət kəsb edəcək. Bu, eyni zamanda, Vəkillər Kollegiyasının işinin daha da təkmilləşdirilməsi üçün böyük imkanlar yaradır və son dörd ilin ən böyük uğurlarından biridir. Bu uğur ölkəmizin imicinə də müsbət təsir göstərir. İllər ərzində həmin təşkilatla gərginlik yaşanıb və tənqidi fikirlər səsləndirilib. Amma dövlətimizin uğurlu xarici siyasəti nəticəsində bu münasibətlər artıq dəyişir, beynəlxalq sahədə aktiv fəaliyyət, bu kimi uğurlar və üzvlüklərlə əsassız fikirlərə qarşı mövqe sərgiləmək və ölkəmizin maraqlarını dəstəkləmək imkanı daha çox yaranmış olur.
2022-ci ildə Avropa Şurasının Hüquqi əməkdaşlıq üzrə Avropa Komitəsinin yeni təsis edilmiş alt-qurumu olan vəkillərin müdafiəsi üzrə Ekspertlər Komitəsinin Strasburqda hibrid formada keçirilmiş ilk iclaslarında Vəkillər Kollegiyası nümayəndələrinin də təmsil olunma imkanı əldə edilib. Bundan başqa, Kollegiyanın təqdimatı əsasında Vəkillərin İntizam Komissiyasının sədri, Hüquqi Yardım və Tədris Mərkəzinin direktoru Şahmar Məmmədov Avropa Vəkillər Assosiasiyasının Deontologiya Komitəsinə üzv seçilib.
Gənc hüquqşünasların vəkilliyə marağının artırılması da diqqət mərkəzində saxlanılan məsələlərdəndir. Bu mənada Vəkillər Kollegiyasının Bakı Dövlət Universiteti, Prezident yanında Dövlət İdarəçilik Akademiyası (DİA), Milli Aviasiya Akademiyası, Dövlət Gömrük Komitəsinin Akademiyası, ADA Universiteti ilə bağlanmış əməkdaşlıq sazişləri uğurlu təşəbbüs kimi qiymətləndirilə bilər. Həmin əməkdaşlıqlar çərçivəsində, Kollegiyanın maddi dəstəyi ilə DİA-da “Hüquq ədəbiyyatı kitabxanası” yaradılıb, kitabla təmin edilib, o cümlədən universitetlərlə birgə elmi-praktik konfrans keçirilib və müxtəlif layihələr və proqramlar icra edilib.
Eyni zamanda, tələbələrin həm könüllü formada, həm də ali təhsil müəssisələrinin istehsalat təcrübəsi ilə bağlı müraciəti əsasında vəkil qurumlarında peşəkar təcrübə keçmələri təmin olunur. Son illərdə edilən müraciətlərə əsasən, ümumilikdə 235 tələbə təcrübəyə cəlb olunub. Onlardan 120 nəfəri ali təhsil müəssisələrinin müraciəti, 115 tələbə isə fərdi müraciət əsasında bir neçə aylıq təcrübə proqramlarında iştirak ediblər. Həmçinin ölkədə ilk dəfə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə 2022-ci ildə 13 yerli və xarici universitetdən 300-dən çox hüquqşünas tələbənin müraciət etdiyi bir aylıq Yay Məktəbi təşkil olunub. Keçirilmiş “Vəkil olmaq istəyirəm” adlı Yay Məktəbini uğurla bitirən hüquqşünas tələbələrə sertifikatlar təqdim olunub, fərqlənmə ilə bitirən 36 tələbə isə bölgələrdə təşkil olunmuş yay düşərgəsində iştirak edib.
Vəkillər Kollegiyası tələbə təşkilatları ilə də səmərəli əməkdaşlıq edir, onların inkişafına dəstək göstərir. Belə ki, Dövlət İdarəçilik Akademiyasının Hüquq Klubunun məhkəmə simulyasiya üzrə layihəsinə maddi yardım edilib, həmçinin Bakı Dövlət Universiteti “Sabah” qrupunun tələbələrinin məhkəmə müsabiqələri də daxil olmaqla, ali təhsil müəssisələrinin daxili tədbirlərinə, tələbələrin digər təşəbbüslərinə müxtəlif formalarda dəstək edilib. Hər il Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə tərəfdaşlığa uyğun olaraq ADA Universitetində də Məhkəmə Müsabiqələri təşkil olunur.
Kollegiya və ELSA Azərbaycan arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən, ELSA hər il üç instansiya məhkəmələrində Milli Məhkəmə, Arbitraj Məhkəməsi, Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyaları və digər müxtəlif formatlarda səhnələşdirilmiş məhkəmə müsabiqələri təşkil edir və final mərhələ təntənəli şəkildə Ali Məhkəmədə keçirilir.
Bu müsabiqələr zamanı kazusların hazırlanması, çoxsaylı təlimlərin təşkil olunması birbaşa vəkillər tərəfindən aparılır, habelə Kollegiyanın müraciəti əsasında məhkəmələrdə real hakimlərin iştirakı təmin edilir. Bundan başqa, Hüquqi Yardım və Tədris Mərkəzinin inzibati binası və bir neçə vəkil bürosunda vəkillərin təlimçi kimi iştirakı ilə 44 təlim, vörkşop, panel müzakirə, “Career Talks”-“Karyera Söhbətləri”, müştəri konsultasiya müsabiqələri, kampaniyalar, iclaslar baş tutub.
Vəkillər Kollegiyası məktəblilər üçün də layihələr həyata keçirir. GİZ ilə əməkdaşlıq çərçivəsində Kollegiya respublikamızın 10 orta məktəbində “Hüquq və mən” layihəsi keçirib. Eyni zamanda, ADA Universiteti gənclərinin təşəbbüsü və Vəkillər Kollegiyasının maddi-akademik dəstəyi ilə Bakı və Gəncədə çoxsaylı məktəblərdə yüzlərlə şagird üçün “Voice of law” hüquqi maarifləndirmə layihəsi həyata keçirilib.
Qeyd etmək istərdik ki, Kollegiya, həmçinin sosial, ekoloji aksiyalar da keçirməkdə davam edir. Qocalar və uşaqlar evinə tez-tez səfərlər, ətraf mühitin mühafizəsi üçün kampaniyalar, ağacəkmə aksiyaları, ödənişsiz hüquqi yardım aksiyaları daim təşkil edilir, o cümlədən idman və elmi sahələrdə çoxsaylı yarışlar, müsabiqələr həyata keçirilir. Bunlara misal olaraq beynəlxalq və yerli futbol və şahmat turnirlərini, rəssamlıq, ədəbiyyat və bir çox bədii yaradıcılıq müsabiqələrini göstərə bilərik.
Kollegiya və ümumən vəkil peşəsi üçün taleyüklü məsələlərdən biri də “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun müasirləşdirilməsidir və bu sahədə islahatların aparılmasıdır. Məhz bu istiqamətdə son dövrlər Vəkillər Kollegiyası aidiyyəti dövlət orqanlarının iştirakı ilə vəkillik haqqında qanunvericiliyin təkmilləşdirilməsi üzrə işlər görülür. Hesab edirik ki, son illər fəaliyyətimiz zamanı rast gəldiyimiz çətinliklərin hamısı Qanunun yenilənməsini, müasirləşdirilməsini tələb edir. Qanun şərti olaraq canlı orqanizmdir. O da daim yenilənməlidir, bugünkü günün tələblərinə cavab verməlidir. Demək olar ki, Qanunun bir çox müddəalarına, maddələrinə dəyişikliklərin edilməsi vacibdir. Burada Vəkillər Kollegiyasının statusundan tutmuş vəkilliyə qəbul, vəkillərin intizam icraatı, Kollegiyanın funksiyaları, fəaliyyəti bir çox məsələlər var ki, əminik ki, son nəticədə həm vəkillərimiz üçün, həm də onların xidmətlərindən yararlanan insanlarımız üçün arzu olunan nəticələr ərsəyə gələcək.
Təbii ki, qeyd olunanlar vəkillik sahəsində son dövrlər görülmüş işlərin çox az hissəsini əhatə etməsinə baxmayaraq, Vəkillər Kollegiyası missiyasına sadiq qalmaqla insanlarımıza xidmət, qanunlarımızın keşiyində durmaq istiqamətində fəaliyyətini daha da möhkəmləndirəcək.
Beləliklə, bu gün ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən və hüququn bir çox sahələrini əhatə edən mütərəqqi məhkəmə-hüquq islahatları vəkillik sahəsində də davam etdirilir və etdiriləcək.
Sonda fürsətdən istifadə edərək xalqımızı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edir və fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.