Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Prezidentin səlahiyyətli nümayəndəsi Əlahiddə Ümumqoşun Orduda olub, xidmət şəraiti ilə maraqlanıb

Prezidentin səlahiyyətli nümayəndəsi Əlahiddə Ümumqoşun Orduda olub, xidmət şəraiti ilə maraqlanıb

Prezidentin səlahiyyətli nümayəndəsi Əlahiddə Ümumqoşun Orduda olub, xidmət şəraiti ilə maraqlanıb
2022-12-28 , 20:07

Dekabrın 28-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Əlahiddə Ümumqoşun Orduda olub, xidmət şəraiti ilə maraqlanıb.

Yenilik.az xəbər verir ki, əvvəlcə Naxçıvan Qarnizonu Qoşunlarının Mərkəzi Qərargahına gələn Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinə müasir avtomatlaşdırılmış idarəetmə sistemləri ilə təchiz edilmiş Döyüşü İdarəetmə Mərkəzi və Mərkəzi Komanda Məntəqəsinin fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, Döyüşü İdarəetmə Mərkəzi Əlahiddə Ümumqoşun Ordunun birləşmə, hissə və bölmələri arasında qarşılıqlı əlaqənin təmin edilməsində, qarşıya qoyulan döyüş tapşırıqlarının operativ icrasında mühüm rol oynayır.
Müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev muxtar respublikanın etibarlı müdafiəsinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
Səlahiyyətli nümayəndə Fuad Nəcəfli ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğıdan danışıb, bundan sonra da muxtar respublikanın təhlükəsizliyinin təmin edilməsi və müdafiə potensialının daha da gücləndirilməsi istiqamətində lazımi addımların atılacağını diqqətə çatdırıb.
Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzi ilə də tanış olan Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə müxtəlif sinif otaqları, simulyasiya mərkəzi və trenajorlar zalı barədə ətraflı məlumat verilib.
Təlim-Tədris Mərkəzində Naxçıvanda ordu quruculuğundan bəhs edən videoçarxa baxış olub.
Sonra Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrində olub, qərargah binaları, əsgəri məişət kompleksləri, hərbi xəstəxana, həmçinin ordumuzun arsenalında olan silah-sursat və döyüş texnikaları barədə məlumat alıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.