Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Bu gün Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmasından 22 il keçir

Bu gün Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmasından 22 il keçir

Bu gün Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmasından 22 il keçir
2023-01-25 , 09:32

Bu gün Azərbaycanın Avropa Şurasına üzv qəbul olunmasından 22 il keçir.

Yenilik.az xəbər verir ki, Azərbaycanla Avropa Şurası arasında əlaqələrin tarixi 1992-ci ildən başlayıb.
Belə ki, 24 yanvar 1992-ci ildə Azərbaycan Respublikasının Parlamenti “xüsusi dəvət edilmiş qonaq” statusu almaq üçün Avropa Şurasına müraciət edib.
1995-ci ilin fevral ayında AŞ Parlament Assambleyası (AŞPA) Bürosu üç Cənubi Qafqaz dövlətinin Avropa Şurasına üzv qəbul edilmək üçün müraciət hüququnu nəzərdə tutan 1247 (1994) saylı tövsiyəyə uyğun olaraq Azərbaycanın “xüsusi dəvət edilmiş qonaq” statusu almaq barədə müraciətinin nəzərdən keçirilməsi təşəbbüsü ilə çıxış edib.
17-18 mart 1996-cı ildə keçirilən Avropa Şurasının Qanun vasitəsilə Demokratiya üzrə Avropa Komissiyasının (Venesiya Komissiyası) iclasında Azərbaycan bu komissiyaya üzv qəbul edilib.
1996-cı ilin iyun ayında Avropa Şurası Parlament Assambleyasının Bürosu Azərbaycanın demokratik dövlət quruculuğu istiqamətində səylərini nəzərə alaraq, ölkəyə “xüsusi dəvət olunmuş qonaq” statusunun verilməsi haqqında qərar qəbul edib.
11 sentyabr 1996-cı ildə AŞ Nazirlər Komitəsinin 573-cü iclasında Azərbaycanın Avropa Şurasına daxil olması, Azərbaycanda demokratiyaya keçid prosesinin sürətləndirilməsi məqsədilə Azərbaycan hakimiyyət dairələri ilə danışıqların intensivləşdirilməsi, əməkdaşlıq proqramları formasında yardımın edilməsini nəzərdə tutan (96) 32 saylı qətnamə qəbul edilib.
20 yanvar 1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin müdafiə edilməsi sahəsində tədbirlər haqqında” Sərəncam imzalayıb.
 26-28 iyun 2000-ci ildə AŞPA-nın növbəti sessiyası keçirilib. 126 nəfər deputatın iştirak etdiyi səsvermədə 120 nəfər lehinə, bir nəfər əleyhinə, beş nəfər isə bitərəf qalmaqla Azərbaycan Respublikasının Avropa Şurasının tamhüquqlu üzvlüyünə qəbul edilməsinə dair müsbət rəy verilib.
17 yanvar 2001-ci ildə AŞ Nazirlər Komitəsinin nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edilib.
2001-ci il yanvarın 25-də Azərbaycanın ozamankı Prezidenti Heydər Əliyevin iştirakı ilə Strasburqda Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi münasibətilə rəsmi mərasim keçirilib və qurumun binasının qarşısında dövlətimizin bayrağı ucaldılıb.
Qeyd edək ki, Avropa Şurası qitənin insan hüquqlarını müdafiə edən aparıcı təşkilatıdır və 1949-cu ildə təsis olunub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.