Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Bir gecə komandoslar qəfil gələcək! - Bakının səbri daşır: “Novruz bayramınadək...”

Bir gecə komandoslar qəfil gələcək! - Bakının səbri daşır: “Novruz bayramınadək...”

Bir gecə komandoslar qəfil gələcək! - Bakının səbri daşır: “Novruz bayramınadək...”
2023-01-28 , 10:48

“Miatsum” qatarı “status” vaqonu ilə birgə çoxdan gedib; Azərbaycana meydan oxuyan Vardanyan odla oynayır; alman professor: “2014-dən sonra Qərb qəti şəkildə ərazi bütövlüyünün tərəfini tutub, uzun müddət belə olacaq...”

Ermənistan öz xoşbəxtliyini regionda, qonşularla dil tapmaqda axtarmaq əvəzinə, Qərbə sarı boylanmağa davam edir. Kapitulyant ölkə və onun rəhbərliyi heç cür anlamaq istəmir ki, 44 günlük müharibədəki sarsıdıcı məğlubiyyətdən sonra artıq ona hətta ənənəvi köhnə dostların da münasibəti dəyişib və əvvəlki tək olmayacaq.
Ermənilərin klassik yalvarışları və “timsah göz yaşları” da işə yaramayacaq. Çünki Ermənistan son savaşdan sonra olan-qalan subyektivliyini də itirib və yalnız hansısa məsuliyyətsiz qlobal gücün əlində zəif təzyiq aləti ola bilər.
Azərbaycan XİN-in bəyanatında da vurğulandığı kimi, Ermənistan bu günədək 1988-2020-ci il münaqişəsindən düzgün nəticə çıxarmayıb. Sanki ordusu darmadağın edilən, məğlub olan tərəf o deyil. Yenə özünü diktə edən tərəf kimi göstərməyə çalışır, sülh müqaviləsini müxtəlif bəhanələrlə əngəlləyir. Havadarlarının sırf özlərinin milli maraqlarından qaynaqlanan bəzi boş vədlərinə aldanır, havaya girir. O səbəbə bayırda 2023-cü ilin olduğunu fərq edə bilmir. Ağıllı çağırış və təklifləri qulaqardı edir. Demək, növbəti zərbəni də yeməli olacaq.
*****  

“Ermənistan doğrudan da 1991-ci ildən 2020-ci ilə kimi Qarabağ məsələsində Qərbin dəstəyinə ümid edə bilərdi”.
“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri Minval.az-a bu barədə Minval.az-a WeltTrends Beynəlxalq Siyasət İnstitutunun (Potsdam, Almaniya) professoru, politioloq Aleksandr Rar deyib.
“Qərb ölkələri daim öz aralarında mübahisə edirdi ki, beynəlxalq hüququn hansı prinsipi daha önəmlidir: ərazi suverenliyinin toxunulmazlığı, yoxsa xalqların öz müqəddəratını təyinetmə hüququ. Nə qədər ki, Kosovo hadisəsi Qərb siyasətçilərinin və ziyalılarının beynində möhkəm "oturmuşdu", ermənilər Qarabağın işğalının beynəlxalq birlik tərəfindən “öz müqəddəratını təyinetmə hüququ” ruhunda bəyəniləcəyinə ümid edə bilərdilər. Ancaq 2014-cü ildə Ukrayna epopeyası - Qərblə Rusiya arasında yeni “soyuq müharibə” başladı. Qərb Rusiyaya münasibətdə qəti şəkildə barışmaz mövqe tutdu: Rusiya uduzmalıdır. Rusiyanın Krım və Donbasdakı vəziyyəti Kosovodakı vəziyyətlə müqayisə etməsi Qərbi ciddi şəkildə təşvişə saldı və Qərb ərazi bütövlüyü prinsipi mövqeyində qətiyyətli mövqe tutmağa qərar verdi", - deyə alman ekspert qeyd edib.
Onun təbirincə desək, beləcə, Azərbaycan mövqeyi legitimləşmiş oldu. “Beynəlxalq hüquq baxımından Qərb birmənalı şəkildə Azərbaycanı dəstəklədi, Ermənistan isə Rusiya kimi günahkar tərəf qismində qəbul olundu. Belə vəziyyət hələ uzun müddət davam edəcək. Bakıda bunu yaxşı başa düşürlər, Ermənistanda isə görünür, yox”, - alman professor fikrini yekunlaşdırıb.
*****

Dünyadakı geosiyasi ab-havanı tuta bilməyən Ermənistanın bu laqeydliyi isə ona 44 günlük savaşdakından da baha başa gələ bilər. Məsələ ondadır ki, Qarabağ anklavında həm də İrəvanın birbaşa və dolayı dəstəyi ilə separatçılıq, təhlükəli “dövlətcik” oyunu səngimir - nəyə ki, Azərbaycan dövləti uzun müddət dözüm göstərməyəcək. Laçın yolunda 48 gündür davam edən etiraz aksiyası ermənilərə ən əvvəl bunun anonsu və mesajıdır. Yəni haylar özlərini yığışdırmasalar, bir gecə komandoslar qəfil gələ bilərlər. Artıq bunun üçün bütün zəruri əsaslar hazırdır. Hüquqi zəmin də öz yerində.
“Müşahidələr onu göstərir ki, Novruz bayramına qədər Azərbaycan III Qarabağ müharibəsinə başlamasa da, ən azı güclü bir antiterror əməliyyatı həyata keçirmək məcburiyyətində qalacaq. Azərbaycanı bu saat məhz buna təhrik edirlər. Paşinyanın əli ilə Azərbaycanı müharibəyə təhrik etdilər və "Dəmir yumruq"la cavablarını aldılar. İndiki cavab isə Azərbaycanın “Polad yumruğu” ola bilər".
Bunu isə politoloq Cümşüd Nuriyev deyib (Teleqraf.com).
*****
Təəssüf ki, öz zavallı xalqının hissləri üzərində oynayan Ruben Vardanyan kimi çağırılmamış qonaq-dələduzlar onları hansı faciənin gözlədiyini hesablaya bilmirlər. Ağılları gedib uzaq 1988-ci ilə. Girdikləri bataqlığa öz soydaşlarını təzədən soxmağa cəhd edirlər.
Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarova görə, ermənilər 1988-ci ildə Xankəndidə baş verənləri yenidən təkrarlamaq istəyirlər. O, Xankəndidə çox gərgin vəziyyətin hökm sürdüyünə diqqət çəkərək deyib: “Əslində Xankəndidə əsas problem Vardanyandır. Ağıllı adamlar bilirlər ki, Vardanyan Xankəndinə ona görə gəlib ki, 1988-ci ildə başlayan hadisələri təkrar həyata keçirsin. Ermənilər düşünür ki, o zaman arxamızda Rusiya dururdu, özümüzün gücümüz var idi, Azərbaycan zəif idi. Eləcə də Türkiyə Azərbaycana kömək edə bilmirdi. Fikirləşirlər ki, amma 30 ildən sonra uduzduq, indi yenidən sıfırdan buna necə başlayaq, köhnə müharibəni alovlandıraq?”

Sabiq diplomat hesab edir ki, erməni əhalisi oradan qaçacaq. “İndi Laçın yolunda sadə ermənilərin hərəkətinə maneə yaradan nə bizim ekoloqlardır, nə də rus sülhməramlıları. Özləri problem yaradır, imkan vermirlər ki, ermənilər bu yoldan yararlansın. Bu səbəbə mən təklif etmişəm ki, Qarabağdakı sıravi ermənilərə Kəlbəcərdən keçməyə imkan verməliyik. Burada da Azərbaycan gömrüyü, sərhəd məntəqəsi olsun. Onlar da sonda Vardanyana sual versinlər ki, deyirsən dərman, ərzaq yoxdur, bəs nədən bizi ora buraxmırsan?”
Qısası, Vardanyanın “Köhnə bazara təzə nırx qoyması” alınmayacaq. Bədələni isə yenə sıravi ermənilər ödəyəcək. Odur ki, Qarabağdan onu nə qədər tez qovsalar, bir o qədər özlərinə yaxşılıq eləmiş olarlar. Çünki 1988-ci ilə qayıdış mümkün deyil, heç vaxt da olmayacaq. “Miatsum” qatarı “status” vaqonu ilə birgə çoxdan gedib. Vardanyan, onun cinayət ortaqları gecikib...   
Siyasət şöbəsi,
“Yeni Müsavat”

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.