Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirildi

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirildi

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirildi
2023-02-02 , 21:10

Fevralın 2-də Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.


Yenilik.az xəbər verir ki, iclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verib. O, fevralın 3-dən etibarən 107 nəfər vəkilliyə namizəd üçün icbari təlimlərin başlayacağını diqqətə çatdırıb. Sədr tədrisin mürəkkəb olacağını, lakin bunun bacarıqlı və peşəkar vəkillərin hazırlanmasına müsbət təsir göstərəcəyini vurğulayıb. A.Bağırov ölkəmizdə vəkillərin sayının artdığını və bu artıma şəffaf qəbul prosesi nəticəsində nail olunduğunu bildirib.

İclasda həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12.01.2023-cü il tarixli Sərəncamı ilə hakim vəzifəsinə təyin edilmiş Vəkillər Kollegiyasının üzvləri ilə görüş keçirilib.

A.Bağırov həmin hakimləri təbrik edib, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb. Sədr hakim təyin olunan vəkillərin öz savad və bacarıqları ilə məhkəmə-hüquq islahatlarına töhfə verəcəklərinə əminliyini vurğulayıb: "Hesab edirəm ki, bu gün Azərbaycan vəkilliyi məhkəmə-hüquq sisteminin əsas kadr banklarından biridir. Bu da təsadüfi deyil, çünki vəkillik institutu ölkəmizdə ədalət mühakiməsinin həyata keçirilməsində iştirak edən mühüm təsisatdır".

Sədr Kollegiyanın Rəyasət Heyətinin qərarı ilə hakim vəzifəsinə təyin edilmiş vəkillərə təltif edildikləri Fəxri Fərmanları təqdim edib.
Daha sonra vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və icbari təlimi uğurla başa vurmuş iki namizəd and içib.

İclasda eyni zamanda Naxçıvan Muxtar Respublikasında vəkilliyin vəziyyəti ilə bağlı məsələlər müzakirə olunub, Naxçıvan Vəkillər Kollegiyasının sədri Kamil Şükürov hesabat nitqi ilə çıxış edib.

İclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Vəkillər Kollegiyasında görüləcək işlər üzrə Tədbirlər Planının təsdiq olunub. Bildirilib ki, Plan çərçivəsində mart ayından etibarən ölkəmizin bütün bölgələrində, eyni zamanda Naxçıvan Muxtar Respublikasında ödənişsiz hüquqi yardım aksiyalarının keçirilməsi də nəzərdə tutulub.

Həmçinin, iclas çərçivəsində bir sıra intizam məsələlərinə baxılıb, müvafiq qərarlar qəbul edilib. "Qanunçuluq" vəkil bürosunun vəkili Ramil Rüstəmovun və Şirvan regional vəkil bürosunun vəkili Emil Quliyevin müraciətləri üzrə intizam icraatının başlanılması məsələsinə baxılıb, lakin vəkillər iclasın gedişində barışdığı üçün icraata xitam verilib.

İclada həmçinin dövlət hesabına hüquqi yardımın göstərilməsi zamanı pozuntulara yol vermiş vəkillər barəsində intizam icraatının başlanılması məsələsinə baxılıb və müvafiq qərar qəbul edilib.

Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən bir sıra məsələlər müzakirə edilib.























Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.