Sumqayıtda avtobuslarda sərnişinlərdən artıq pul tələb olunur

Sumqayıt şəhərinin 3, 9, 12 və 30 nömrəli marşrut avtobuslarında ikili tarif tətbiq olunur.
Hətta ötən gün Hacı Zeynalabdin Tağıyev qəsəbəsi istiqamətində olan 3 saylı marşrut avtobuslarının sürücüləri sərnişinlərdən 60 qəpik tələb ediblər. Bu zaman sərnişinlərlə sürücülər arasında mübahisə də yaşanıb.
Sürücülər isə bu ittihamlarla razılaşmırlar. Onların sözlərinə görə, sərnişinlərdən müəyyən edilmiş tarifdən artıq məbləğ tələb olunmur.
Yerüstü Nəqliyyat Agentliyindən isə Xəzər TV-yə bildirilib ki, Sumqayıtda yalnız 3 nömrəli marşrutda gedişhaqqı 50 qəpik müəyyən edilib. Digərlərində isə məsafəyə uyğun olaraq 40 qəpik nəzərdə tutulub. Agentlik qiymətləri süni şəkildə qaldıran daşıyıcılara da xəbərdarlıq edib. Belə hallarla qarşılaşan sərnişinlərdən isə 11-81 Çağrı Mərkəzinə məlumat vermələri xahiş edilir.