“Qanlı Göl”ə yeni həyat verilir - Göl ətrafında yaşayış kompleksinin layihəsi reallaşır

Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən "Qanlı göl" ətrafında həyata keçiriləcək layihənin növbəti ictimai dinləməsi keçirilib. Agentliyin konfrans zalında təşkil olunan tədbirdə şirkətlərin, dövlət qurumlarının, QHT, KİV və digər maraqlı tərəflərin nümayəndələrinin iştirakı ilə ərazi üzrə ətraf mühitin mühafizəsi, habelə ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində görüləcək işlərin müzakirəsi aparılıb.
"Qanlı göl" ətrafında reallaşacaq layihə barədə ətraflı məlumat verən şirkətin direktoru İbrahim Dostuməliyev bildirib ki, paytaxtın Yasamal rayonunda 27 hektar ərazidə böyük bir yenidənqurma işləri əsasında yaşayış kompleksinin inşası planlaşdırılır. Bununla yanaşı, "Qanlı göl" ətrafında 32 hektar ərazi və şamlıq zonadan ibarət 6 hektarlıq park layihələndirilib. Layihə yeni, müasir standartlara cavab verən mütərəqqi landşaft layihələri əsasında işlənilib.
Sonra landşaft memarı Başak Taş Özdemir layihənin təqdimatını edib.
Çıxış edən digər mütəxəssislər gölün estetik görkəminin pozulmaması, gölün su balansının tənzimlənməsi, bütün ekoloji tələblərə riayət olunmasından sonra layihəyə başlanmasının mümkünlüyünü qeyd ediblər.






OXŞAR XƏBƏRLƏR