Yenilik.Az
www.Yenilik.Az » Ölkə » “Talış, ləzgi, kürd özünü danmadığı kimi...” – Türk yoxsa, azərbaycanlı polemikası qızışır...

“Talış, ləzgi, kürd özünü danmadığı kimi...” – Türk yoxsa, azərbaycanlı polemikası qızışır...

“Talış, ləzgi, kürd özünü danmadığı kimi...” – Türk yoxsa, azərbaycanlı polemikası qızışır...
2020-07-01 , 20:50

"Azərbaycan dili və ya "azərbaycanlıyam” deməklə qədim dövrlərə gedib çıxan tariximizi qısaldırıq”.


Bu sözləri dilimizin türk və ya azərbaycan dili olması barədə gedən müzakirələrə münasibət bildirərkən Fərqli Vətəndaş Hərəkatının rəhbəri Günel Səfərova deyib:
 
"Dilimiz türk dilidir. Bunu şəxsi fikrimə dayanaraq demirəm. Tarixə baxsaq görərik ki, kökümüz türkdür, türkdilli ölkələrdən biriyik. Azərbaycan dili və ya "azərbaycanlıyam” deməklə qədim dövrə gedib çıxan tariximizi qısaldırıq”.

"Dilimiz birmənalı olaraq, türk dilidir”

Bu sözləri Milli Məclisin deputatı Razi Nurullayev deyib: "Azərbaycan sadəcə coğrafi məkanın adıdır. Yazıçılarımız, şairlərimizin yazılarında daha çox türk dilinin dialektini görürük. Bu Hüseyn Caviddə, Mirzə Fətəli Axundovda da var. Amma sovet imperiyası dövründə dilimizdə rus sözləri çoxluq təşkil etdi və dialekti də bir qədər fərqləndi”.

"İndi danışdığımız dili azərbaycan dili kimi təqdim etməliyik, amma tarixi köklər baxımından türkdilli xalqlardanıq”
 
Bu açıqlama politoloq Fərhad Mehdiyevə məxsusdur: "Dil məsələsinin müzakirəsi bir qədər siyasi görüşdür. Prezident Adminstrasiyasının kitabxanası var. Orada keçən əsrin 20-ci illərində Dağlıq Qarabağa muxtariyyət statusunun verilməsilə bağlı sənədlər üzərində işləyəndə bir yazı ilə rastlaşdım. Burada qeyd edilirdi ki, Azərbaycan Respublikasının Konstitusiyası təsdiq olunsun və üç dildə, türk, erməni və rus dillərində çıxarılsın. Rus arxivlərində bizlərə ya müsəlman, ya tatar, ya da türk deyiblər. İndiki dilimizin isə Türkiyə türkcəsilə eynilik təşkil etmədiyini də başa düşürəm. Dillər öz-özünə inkişaf edir, gəlişir. Bu təkamülü qəbul etsək, indi danışdığımız dili azərbaycan dili kimi təqdim etməliyik. Amma tarixi köklər baxımından türkdilli kimi təqdim olunuruq”.
 
Ümid partiyasının sədri İqbal Ağazadə bildirdi ki, dünyada heç bir millət yaşadığı ərazinin adına şəkilçi qəbul etməklə adlanmır: "Toponimdə Azərbaycan dili anlayışı olmayıb. Bunu qarışdırırlarsa tarixçilər və dilşünasların problemidir.Dilimiz türk dilidir. 1936-cı ilə qədər Sovet rejimində dilimiz türk dili olaraq qeyd olunub. Təəssüf ki, Azərbaycanda bu məsələyə siyasi konyuktura nöqteyi-nəzərindən yanaşırlar.Guya dilimizin türk dili olduğunu deməklə milli azlıqların hüquqları pozulur. Bu kökündən yanlışdır. Talışı, ləzgini, kürdü də sevirəm. Onlar öz millətinin adını doğru-dürüst dedikləri kimi, biz də həmin hüquqa malikik. Qədim tarixi köklərə sahibik, türk milləti olaraq bu coğrafiyada uzun əsrlərdir yaşayırıq”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.