Yenilik.Az
www.Yenilik.Az » Ölkə » "Azərbaycanın IV Sənaye İnqilabındakı potensialı kifayət qədər genişdir" Emin Əliyev

"Azərbaycanın IV Sənaye İnqilabındakı potensialı kifayət qədər genişdir" Emin Əliyev

"Azərbaycanın IV Sənaye İnqilabındakı potensialı kifayət qədər genişdir" Emin Əliyev
2020-07-10 , 15:45

“Müasir dövrümüzün qlobal inkişaf mexanizmlərindən biri də iqtisadiyyatda cərəyan edən trendlər və onlardan vüsət alan inqilabi transformasiyalardır. Əbəs deyil ki, texnologiyalarda radikal dəyişikliklərin böyük sürətlə baş verməsi sənaye inqilabın indikatorudur. Belə ki, illər əvvəl mümkünsüz hesab etdiyimiz layihələr artıq bu gün aparıcı şirkətlər tərəfindən reallaşdırılır, nailiyyətlər əldə olunur. Dünən təəcüblə kvant hesablamaları, əşyaların interneti, böyük data, süni intellekt, əlavə olunmuş reallıq kimi terminlər bugün texnoloji şitkətlərin laboratoriyalarından tətbiqi düstur kimi reallaşdırılan layihələrə çevrilib. Deyərdim ki, bu həm də yeni reallığın tələbidir və bu tələbat günü-gündən artır. Məhz bu baxımdan hesab edirəm ki, Azərbaycan dördüncü Sənaye İnqilabının realizəsi üçün tam mənada hazır olmalıdır”. Bu fikirləri SİA-ya Tarix üzrə fəlsəfə doktoru, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin Şura üzvü Emin Əliyev sözügedən mövzu ilə bağlı açıqlamasında bildirib.

Onun sözlərinə görə, hələ ötən ay, iyunun 16-da Prezident İlham Əliyevlə “Microsoft” şirkətinin təşəbbüsü ilə şirkətin vitse-prezidenti Filip Roq, Mərkəzi və Şərqi Avropa bölgəsinin korporativ əlaqələr və hüquqi məsələlər üzrə rəhbəri Nanna-Luize Linde və “Microsoft” şirkətinin digər nümayəndələri arasında videokonfransın keçirildiyi vaxt dövlətimizin başçısı ölkəmizin sənaye inqilabı üzrə regional mərkəzə çevrildiyini vurğuladı və Davos İqtisadi Forumu zamanı cənab Borge Brende ilə Davosun Dördüncü Sənaye İnqilabı üzrə Regional Mərkəzinin Bakıda yaradılması ilə bağlı sənədi imzaladıqlarını xatırlatdı. Bu mərkəzin nəinki Azərbaycanı, region ölkələrini də əhatə edəcəyini qeyd edən Prezident İlham Əliyev həmçinin bildirib ki, bizim əsas strategiyamız, innovasiyalar, yeni texnologiyalar və müasir idarəçilik əsasında dayanıqlı inkişafa nail olmaqdır. “Bu baxımdan da qənaətə gəlmək olar ki, Azərbaycan innovasiya və eyni zamanda, informasiya texnologiyaları baxımından regionun aparıcı ölkələrindəndir”, deyən Emin Əliyev əlavə edib ki, xüsusilə dördüncü Sənaye İnqilabı ilə bağlı regional fəaliyyətlərdə Azərbaycanın öndə olması, Davos İqtisadi Forumunun dördüncü Sənaye İnqilabı üzrə Regional Mərkəzinin ölkəmizdə yaradılması ilə bağlı razılığın əldə edilməsi həmçinin onu göstərir ki, Azərbaycan innovasiyanı dəstəkləyən, habelə texnoloji inkişafa töhfə verən ölkə olaraq tanınır: "Xüsusilə postpandemiya dövründə ölkəmizdə həyata keçirilən islahatlar, innovativ və eyni zamanda, texnoloji yeniliklərin, sahibkarların və bütövlükdə, iqtisadiyyatın paralel olaraq daha yaxından dəstəklənməsinə şərait yaradacaq. Nəticədə iqtisadiyyatın güclənməsi və daha rentabelli tərəqqisi üçün münbit imkanlar yaranacaq”.
Emin Əliyevin sözlərinə görə, zamanın və dünyanın kataklizimləri bəşəriyyəti daha dərindən düşünməyə, mövcud durumlardan uğurla çıxarmağa vadar edir. Ona görə də, dördüncü Sənaye İnqilabı dövlət idarəçiliyin daha rəqəmsal və effektiv, sosial münasibətlərin manevrli və daha inkluziv olması, insanlara yaxın gələcəkdə daha keyfiyyətli, daha sağlam və daha fəal həyat yaşamaq imkanı verir: “Texnoloji inkişaf şübhəsiz ki, biznesi də necə və hansı sürətlə aparmağımıza təsir göstərir. Dronlar, süni intellekt, biomühəndislik, kvant kompüterlər və digər yeni texnologiyalar sahibkarlara xərcləri azaltmaqda, müştəriləri cəlb etməkdə və məhsuldarlığı artırmaqda kömək edir”.
Emin Əliyev hesab edir ki, dördüncü Sənaye İnqilabı inkişafda yeni üfüqlər açmaqla yanaşı heç şübhəsiz insanlar üçün ardıcıl yeniliklər gətirəcək: “Davos Forumunun hesabatına görə, 2020-ci ilə dünyada təxminən 4.7 milyon ofis işçisi, istehsalatda 1.6 milyon, tikintidə isə təxminən 0.5 milyon insan öz iş yerini itirəcək. Lakin eyni zamanda İT, texnoloji mühəndislik və digər İT sahəsinə yaxın istiqamətlərdə yüz minlərlə yeni iş yeri yaranacaq. Yəni “Sənaye 4.0” robotlaşma təkcə insanların öz iş yerlərini itirməsi ilə deyil, həmçinin biznesin ən fərqli sahələrində yeni imkanların yaranması ilə müşayiət olunacaq”.
Söz yox ki, Azərbaycanı da dördüncü Sənaye İnqilabı böyük çağırışlarla üzləşdirəcək: “Hazırda ölkəmiz nüfuzlu reytinqlərdə hər il pozitiv inkişaf dinamikası göstərir. Azərbaycan İKT sahəsinin inkişafına görə dünya üzrə yüksək yerlərdə qərarlaşır və Cənubi Qafqaz ölkələri arasında liderdir. Beynəlxalq Telekommunikasiya İttifaqının (İTU) “State of Broadband Report” sənədinə əsasən, Azərbaycan MDB məkanında internetin əhatə olunması, yayımına görə ilk yerdədir. Dünya Bankının “Doing Business” hesabatında isə, ölkəmiz Avropa və Mərkəzi Asiyada ən çox islahat aparan 10 ölkə sırasına düşüb və dünya üzrə 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb. Hazırda aparılan rekord sayda islahatlar imkan verir ki, Azərbaycan texnoloji cəhətdən daha da inkişaf etsin. Sözügedən faktor ölkəmizi qlobal iqtisadi rəqabətdə öz rolunu dəyişmək imkanı verir. Bu isə Azərbaycan iqtisadiyyatının mövcud potensialından tam şəkildə istifadə etmək, innovasiyaları tətbiq etməklə mümkündür. Azərbaycanın mövcud zaman kəsiyində malik olduğu imkanlardan tam yararlanaraq texnoloji sıçrayışla və innovativ həllərlə Regionun Rəqəmsal Mərkəzinə çevrilməsi imkanı olduqca böyükdür. Azərbaycan dördüncü Sənaye İnqilabının hədəflərinin həyata keçirilməsində fəal iştirak etmək niyyətindədir və burada da standartlar yaratmaq iqtidarındadır. Çünki ölkəmizin bu istiqamətdə hədəfləri və potensialı kifayət qədər geniş və şaxəlidir"
Lakin, hər zaman diqqətdə saxlamaq lazımdır ki, İT sahəsi hər gün transformasiyalara məruz qalır. Dünən müəyyən parametrlər üzrə lider ölkə və ya şirkət qısa zaman kəsiyində mövqelərini itirə bilər. Bu riskləri idarə etmək üçün dayanıqlığın təmin olunması əsas kriteriyə çevrilməlidir.
Azərbaycan Prezidenti cənab İlham Əliyev “Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda birmənalı şəkildə vurğulamışdır ki, Azərbaycan dördüncü Sənaye İnqilabında lider olmalıdır. Ölkə başçısı Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində forum ilə Azərbaycan arasında 4-cü sənaye inqilabı üzrə Bakıda regional mərkəzin yaradılması hadisəsinin əhəmiyyətindən danışaraq bildirmişdir ki, biz elmi tərəqqini, inkişafı təmin etməliyik, ölkəmizi gələcəyə aparmalıyıq, müasirləşdirməliyik”.
Emin Əliyev onu da xatırladıb ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən, ölkədə innovativ sahibkarlığın inkişaf etdirilməsi, yeni fəaliyyət növlərinin və məhsullarının təşviqi üçün əlverişli mühitin yaradılması ilə yanaşı, qabaqcıl texnologiyaların transferi və mənimsənilməsi istiqamətində tədbirlər gücləndirilir:
“Bir sözlə, hazırda dördüncü Sənaye İnqilabı Azərbaycana qlobal iqtisadi rəqabətdə öz rolunu dəyişmək imkanını verir. Bu isə ölkə iqtisadiyyatının mövcud potensialından tam şəkildə istifadə etmək, innovasiyaları tətbiq etməklə mümkündür. Azərbaycanın mövcud zaman kəsiyində malik olduğu imkanlardan tam yararlanaraq texnoloji sıçrayışla və innovativ həllərlə Regionun Rəqəmsal Mərkəzinə çevrilməsi imkanı olduqca böyükdür. Şübhəsiz, Davos Ümumdünya İqtisadi Forumunun Bakıda regional mərkəzinin yaradılması bu prosesin daha da sürətlənməsinə şərait yaradacaq”.
Rövşən RƏSULOV

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.