Yenilik.Az
www.YENILIK.Az » Ölkə » "Səs" qəzeti 29 yaşını qeyd edir TƏDBİR

"Səs" qəzeti 29 yaşını qeyd edir TƏDBİR

"Səs" qəzeti 29 yaşını qeyd edir TƏDBİR
2020-01-11 , 21:39

Müstəqil Azərbaycanın ilk mətbuat orqanlarından olan “Səs” qəzeti 29 illiyini qeyd edir. SİA-nın verdiyi məlumata görə, bu məqsədlə "Səs" qəzetinin redaksiyasında təntənəli mərasim keçirilib.

Tədbirdə çıxış edən qəzetin Baş redaktoru, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev müstəqil Azərbaycan mətbuatının qaranquşlarından hesab olunan "Səs" qəzetinin ictimai-siyasi mətbu orqanı kimi 1990-cı ilin noyabrında "Əlincə" Xeyriyyə Cəmiyyətinin orqanı olaraq qeydiyyatdan keçdiyini, 1991-ci il yanvarın 11-dən isə dərcinə başladığını, qəzetin tarixi Azərbaycanın müstəqillik tarixindən bir neçə ay əvvələ təsadüf etdiyini qeyd edib və ümumiyyətlə, qəzetinin keçdiyi şərəfli yoldan danışıb.

Baş redaktor bildirib ki, “Səs” 1990-1993-cü illərdə, ölkədə ictimai-siyasi durumun gərgin vəziyyətdə olduğu və güclü senzuranın mövcud olduğu dövrdə fəaliyyətə başlayıb: "“Səs” qəzeti olduqca mürəkkəb bir tarixi dövrdə həyata vəsiqə alıb. Belə bir dövrdə araya-ərsəyə gələn qəzetin əsas fərqləndirici xüsusiyyətlərindən biri məhz o olub ki, 1990-cı illərin fərqli, alternativ fikirlərini öz səhifələrinə gətirməklə, Azərbaycan xalq hərəkatında və milli-azadlıq hərəkatında fikir plüralizmini, söz və düşüncə azadlığını təmin edib. “Səs” qəzeti Azərbaycansevərlərin səsini, azadfikirli, sağlam düşünən ziyalıların səsini xalqa çatdırıb. Bunun da nəticəsi idi ki, 1991, 1992, 1993-cü illərdə qəzetə qarşı o dövrkü hakimiyyət dairələri, ayrı-ayrı siyasi qüvvələr tərəfindən dəfələrlə basqılar, təzyiqlər, hücumlar edilirdi. “Səs” qəzeti müstəqil yönümlü idi, fikir plüralizmini, söz və düşüncə azadlığını ortaya qoymuşdu, Azərbaycan həqiqətlərini yazırdı, xalqın səsinə, harayına səs verirdi, onun mənafeyini ifadə edirdi. Milli azadlıq mübarizəsinin həqiqi mahiyyətinin ortaya çıxmasında və sağlam bünövrə üzərində müstəqillik ideyalarının insanlarımız arasında geniş yayılmasında qəzetin müstəsna xidmətləri var. “Səs” qəzetinin Azərbaycanın mətbuat tarixində özünəməxsus yeri və əzəmətli xidmətlərindən biri də Ulu Öndərimiz Heydər Əliyev şəxsiyyətinin və ideyalarının Azərbaycan vətəndaşları arasında geniş şəkildə yayılması ilə bilavasitə əlaqədardır. Bunun nəticəsi idi ki, ölkə ziyalıları, sağlam düşüncə sahibləri o illərdə Azərbaycanın dövlət müstəqilliyini məhv olmaqdan, fəlakət və tənəzzüldən xilas etmək üçün 1992-ci ilin oktyabr ayında “Səs” qəzeti vasitəsilə xalqımızın yeganə ümid yeri olan Ümummilli Liderimiz Heydər Əliyevə müraciət etdilər. Fərəhləndirici haldır ki, Ümummilli Liderimiz Heydər Əliyevin ziyalılara ünvanladığı cavab da, məhz “Səs” qəzetində dərc olundu".

B.Quliyev qeyd edib ki, "Səs" qəzeti 29 illik fəaliyyətində dövlətçilik, azərbaycançılıq ideologiyasının təbliğində mühüm rol oynayıb: "Bu xətti hazırda da inamla davam etdirir. 2008-ci ilin avqustunda bu nəşrə tabe olan Səs İnformasiya Agentliyi (SİA) yaradılıb. Qəzetin həmçinin “Səs” İnternet Televiziyası da fəaliyyət göstərir. “SƏS” artıq bir Media Qrup kimi çoxminli Azərbaycan mediası arasında geniş populyarlığa malikdir. "Səs" qəzeti bu gün də YAP-ın ideyalarının ən fəal təbliğatçısı kimi çıxış edir. Partiyanın fəaliyyətinin təbliğində və işıqlandırılmasında bu qəzetin özünəməxsus rolu var. YAP-ın mövqeyini, siyasi kursunu müdafiə edən qəzetlər sırasında "Səs" qəzeti öz ardıcıllığı, mübarizliyi və məqsədyönlülüyü ilə seçilir. "Səs" bu gün Azərbaycan Respublikasının Prezidenti, YAP-ın Sədri İlham Əliyevin siyasi xəttini, eyni zamanda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətini çox fəal şəkildə öz səhifələrində işıqlandırır, görülən işləri təbliğ edir. Bu da öz ədalətli mövqeyində dönməz olan "Səs"in ictimai-siyasi qəzet kimi nüfuzunu, populyarlığını daha da artırır və qəzetin oxucu auditoriyasını bir qədər də genişləndirir".

Sonra "Səs" qəzetinin 29 illiyi münasibətilə tort kəsilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.