Yenilik.Az
www.Yenilik.Az » Ölkə » “Ali Baş Komandan, sizə inanırıq, sizinlə birlikdəyik...” - Prezidentə yazırlar

“Ali Baş Komandan, sizə inanırıq, sizinlə birlikdəyik...” - Prezidentə yazırlar

“Ali Baş Komandan, sizə inanırıq, sizinlə birlikdəyik...” - Prezidentə yazırlar
2020-09-30 , 11:22

Son günlər cəbhədə baş verən döyüşlərlə əlaqədar Azərbaycan vətəndaşları ilə yanaşı bir sıra ölkələrdən də Prezident İlham Əliyevə dəstək məktubları göndərirlər. “Yeni Sabah” məktublardan bir neçəsini təqdim edir:

Ucar sakini Tələt Əmirov yazır:
"Hörmətli cənab Prezident.
Ulu öndərimiz Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycan Sizin rəhbərliyinizlə qələbəyə doğru inamla addımlayır.
Ucar rayonunda məskunlaşmış məcburi köçkünlər Ordumuzun hər nailiyyətinə ürəkdən sevinirlər. Artıq böyük köçə, doğma yurdlarımıza qayıtmağa hazırıq.
Əziz Prezidentimiz, biz məcburi köçkünlər daim Sizinləyik, bütün qərarlarınızı dəstəkləyirik. İnşallah, Sizinlə qayıdıb abadlaşdıracağımız doğma torpaqlarda görüşərik".
Bakı sakini Mehran Hematyardan:
"Hörmətli cənab Prezident.
Sizi ilk qələbə xəbərləri münasibətilə təbrik edirəm. Mən əslən Cənubi Azərbaycandanam. Həyat yoldaşım Azərbaycan vətəndaşıdır. Bakıda yaşayan ailəmiz bir əsgər böyüdür.
Ailəlikcə hamımız canımızı Azərbaycan yolunda fəda etməyə hazırıq. Hamımız Sizin arxanızdayıq. Allah Sizi qorusun.
İnşallah, Sizin rəhbərliyinizlə işğala son qoyulacaq. Yaşasın, Azərbaycan!"
Bakı Bahar Quliyevadan:
"Cənab Ali Baş Komandan.
İlk növbədə, bizə günlərdə yaşatdığınız hədsiz sevinc və qürur hislərinə görə Sizə və şanlı Ordumuza təşəkkürümü bildirirəm. İllərdir görmədiyimiz, atalarımızın, babalarımızın haqqında həsrətlə danışdıqları torpaqlarımıza bir addım da yaxınlaşdığımızı hiss etmək bizi o qədər xoşbəxt edir ki, biz “Budur, Azərbaycanın şanlı Ordusunun gücü!” deyir və qələbəyə daha da ürəkdən inanırıq.
Sizin dəfələrlə xəbərdarlığınıza baxmayaraq, mənfur qonşularımız atəşkəsi pozmaqdan, mülki vətəndaşlarımızı öldürməkdən çəkinmədilər. Ordumuzun düşmənin ön xəttini bir neçə saata darmadağın etməsi göstərdi ki, bizim üçün işğalçıları torpaqlarımızdan təmizləmək çox asandır. Bu haqq yolunda Sizə və şanlı Ordumuza uğurlar arzu edir, dualarımızın Sizinlə olduğunu bildirəm. Lazım olarsa, mən də son damla qanımadək Vətən yolunda, torpaq yolunda döyüşməyə hazıram.
Azərbaycan gəncliyi Sizin yanınızdadır, cənab Ali Baş Komandan! Baxmayaraq ki, bu məktubu Sizə Bakıdan yazıram, əminəm, tezliklə doğma Qarabağdan - Xocalıdan yazacağam".
Bakı sakini Lətif Səmədov yazır:
"Hörmətli cənab Prezident.
Bu, mənim Sizə ilk məktubumdur. Həyəcandan necə başlayacağımı bilməsəm də, nə yazmaq istədiyimi dəqiq bilirəm. Son iki gündə böyük fərəh hissi yaşayıram. Azərbaycanlı olmağımdan və Sizin kimi qətiyyətli Prezidentimizin olmasına görə qürur hissi duyuram.
Əminəm ki, çoxsaylı təşəkkür məktubu alırsınız. Mən də bu məktubumla xalqımız üçün gördüyünüz işlərə görə Sizə təşəkkür etməyi özümə borc bilirəm.
Vətənlə fəxr etdiyimizi, liderimizlə qürur duyduğumuzu, şərəflə azərbaycanlı olduğumuzu söyləyən anlarda keçirdiyimiz hislər Sizin sayənizdədir. Xalqımız inanırdı ki, gün gələcək və hər şey həqiqətən də yaxşı olacaq. Həmin gün yaxındadır. Çox sağ olun, cənab Prezident!"
Bakı sakini İsmayıl Gülverdiyev və başqalarından:
"Hörmətli cənab Prezident.
Əminik ki, Sizin rəhbərliyinizlə Qarabağımız qısa müddət ərzində işğaldan azad olunacaq. Ya Qarabağ, ya ölüm! Bizim başqa yolumuz yoxdur.
Artıq illərlə gözlədiyimiz gün gəlib çatıb. Biz Sizə inanırıq. Sizin uğurlu daxili və xarici siyasətiniz güclü Azərbaycan Ordusunu formalaşdırdı. Həmin siyasət və güclü ordu ilə yaxın gələcəkdə torpaqlarımızı azad edəcəyik. Bu günü bizə yaşatdığınıza görə Sizə təşəkkür edir, Sizinlə fəxr edirik.
Yaşasın, Azərbaycan Ordusu! Var olsun, cənab Ali Baş Komandan!"
Zaqataldan Malik Bilalov və Rasim Musayev yazır:
"Cənab Prezident.
Son zamanlar ölkəmizdə pandemiya və müharibə ilə bağlı verdiyiniz qərarlar, gördüyünüz tədbirlər və yürütdüyünüz uğurlu siyasətiniz sayəsində xalqımızda ruh yüksəkliyi yaratdığınız üçün Sizə təşəkkürümüzü bildiririk. Şübhə yoxdur ki, işğal altında olan torpaqlarımız da Sizin siyasətiniz, ordumuzun gücü, və xalqımızın dəstəyi sayəsində erməni təcavüzkarlarının tapdağından azad olunacaq. Qələbə Azərbaycanındır".
Zaqatala sakini Sona Qazıyevadan:
"Möhtərəm cənab Prezident.
Bütün Azərbaycan xalqı kimi, biz ağbirçək analar da ermənilərin Vətənimizin torpaqlarının işğalını, xalqımıza qarşı soyqırımı siyasətini davam etdirməsinə bu gün də şahidik və bu hadisələri ürək ağrısı ilə izləyirik, düşmənə qarşı nifrətimiz daha da artır. Biz analar övlad itkisinin ağırlığını daha çox hiss edirik. Lakin yaxşı başa düşürük ki, Vətən itkisi bundan da dəhşətlidir. Odur ki, bu gün övladlarımızın ərazi bütövlüyümüzü bərpa edərək gələcək nəsillərə-nəvələrimizə miras qoymasını müqəddəs and və borc hesab edirik.
Bu gün müstəqilliyimizin qorunması, torpaqlarımızın düşməndən azad edilməsi uğrunda bütün xalqımız kimi, biz ağbirçək analar da ölüm-dirim mübarizəsinə qoşulmağa hazırıq.
Ümummilli lider Heydər Əliyev siyasətinin layiqli davamçısı kimi Sizinlə fəxr edirik. Biz hamımız yaxşı başa düşürük ki, Sizin xalqa arxalanaraq yenilməz siyasi iradəniz, rəhbər qətiyyətiniz, zəngin idarəetmə təcrübəniz, dünyada gedən proseslərə dərindən bələd olmağınız, baş verən hadisələrin səbəblərinin təhlili zamanı yüksək məharət və bacarığınız, qurduğunuz güclü Azərbaycan Ordusunun fəaliyyəti sayəsində torpaqlarımız tamamilə və tezliklə düşmən tapdağından azad ediləcəkdir.
Əziz Prezidentimiz, Ali Baş Komandan, biz Sizə inanırıq, Sizinlə birlikdəyik.
Allah Sizi, xalqımızı və Ordumuzu qorusun. Düşmən üzərində qələbə arzusu və diləyi ilə…"
Quba sakini Elmin Sərdarlıdan:
"Cənab Ali Baş komandan İlham Əliyev.
Sizinlə qürur duyuram. Azərbaycan xalqı Sizinlə qürur duyur, Sizin düzgün siyasətinizi alqışlayır. Mən gələcəyin jurnalisti kimi söz verir və and içirəm ki, Azərbaycanı xarici ölkələrdə tanıdacağam. Qürurla deyəcəyəm ki, “Mən fəxr edirəm ki, güclü, vüqarlı, şanlı vətənim Azərbaycanın övladıyam. Biz birlikdə güclüyük! Qarabağ Azərbaycandır!"
Bakı sakini Gülnarə Şəmmədovadan:
"Cənab Prezidentimiz İlham Əliyev.
Əvvəla, hər zaman xalqımızın yanında olduğunuz üçün Sizə sonsuz dərin təşəkkürümü bildirirəm. Bu gün isə Vətənimizin ərazi bütövlüyü uğrunda mübarizə apardığınız üçün Sizə minnətdaram. Artıq üç gündür ki, böyük addımlarla zəfərə doğru gedirik. Əminik ki, Azərbaycan Ordusu daha da irəli gedəcək. Çünki artıq gücümüzlə dünyaya səs salmışıq. İnşallah, Qələbə bizimdir, Qarabağ bizimdir. Allahdan Sizə səbir, dözüm, daha təmkinli olmağı diləyirəm. Bütün Azərbaycan xalqına, xüsusən də bu gün səngərdə vuruşan igidlərimizə Ulu Tanrıdan cansağlığı, möhkəm olmağı, içlərindəki Vətən sevgisinin daha da artmasını diləyirəm.
Cənab Prezident, biz Sizinləyik. Hər bir vətəndaş əmindir ki, bizim zəfərə sayılı günlərimiz qalıb. Çünki bizim güclü ordumuz, qorxmaz millətimiz var. Qarabağ Azərbaycandır, Qarabağ bizimdir!"
İmişli sakini Aqşin Mürsəlovdan:
"Hörmətli cənab Prezident
Bu gün Azərbaycanda xalqı, Azərbaycan Ordusu vahid məqsəd, ümummilli hədəflər uğrunda mübarizədə Sizin ətrafınızda sıx birləşib. Bu birlik sayəsində Azərbaycan Ordusu mənfur düşmən üzərində qətiyyətli və tam qələbə ilə zəfər çalacaq. Bu haqq yolunda canımızla, qanımızla əmrinizdəyik. Allah Sizi qorusun, Ordumuza kömək olsun. Qələbə xalqımızın haqqıdır".
Bakı sakini Nigar Zeynalovadan:
"Hörmətli Prezident, cənab Ali Baş Komandan.
İlk növbədə, bizlərə sevinc dolu günlər yaşatdığınız üçün çoxsaylı təhsil işçiləri, bütün Azərbaycan xalqı adından Sizə dərin təşəkkürümü bildirirəm.
Rəşadətli Ordumuzun hazırki zəfər yürüşü Sizin müdrik siyasətinizin, gərgin əməyinizin məntiqi nəticəsidir. Sizin adınız Azərbaycanın görkəmli sərkərdələri sırasına qızıl hərflərlə yazılacaq. Hər zaman olduğu kimi, indi də Sizə güvənir, Sizinlə qürur duyuruq. Bu çətin günlərdə ordumuza əlimizdən gələn köməyi etmək hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Bu gün Azərbaycan Sizin sayənizdə güclü, müasir silah-sursatla təchiz olunmuş orduya malikdir.
İnşallah, azad edilən ərazilərdə böyük quruculuq işlərinə başlanacaqdır. Biz həmin işlərin də öhdəsindən birlikdə gələcək, Qarabağı çiçəkləndirəcəyik".
Bakıdan Elnur Qurbanov yazır:
"Hörmətli cənab Prezident.
Sizin hər bir qərarınız xalqımızın gələcəyi, firavan həyatı, xoş günləri üçün qəbul edilir. Koronavirus pandemiyasına qarşı görülən tədbirlər Azərbaycanı bu bəladan ən az itkilərlə qurtulan ölkələr siyahısına saldı. Buna görə də xalqımız qəbul etdiyiniz hər bir qərarı alqışlayır.
Cənab Ali Baş Komandan, Təhlükəsizlik Şurasının son iclasındakı çıxışınızı dinləyərkən ürəyim dağa döndü, qələbə müjdələri gözlərimi sevinc göz yaşları ilə doldurdu. Cənab Prezident, cəbhəyə yollanmaq üçün əmrinizi səbirsizliklə gözləyirəm. Sizə sevgim, güvənim sonsuzdur. Bizə yaşatdığınız sevincə görə Sizə dərin minnətdarliğımı bildirirəm. Məktubumu hamımızın şüarına çevrilmiş sözlərinizlə bitirmək istəyirəm: “Qarabağ Azərbaycandır!”

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.