Yenilik.Az
www.Yenilik.Az » Ölkə » “Füzuli, Ağdam və digər rayonlarımız da qayıdacaq”

“Füzuli, Ağdam və digər rayonlarımız da qayıdacaq”

“Füzuli, Ağdam və digər rayonlarımız da qayıdacaq”
2020-10-01 , 08:53

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyovla müsahibəni təqdim edirik:

 
- Rasim müəllim, Azərbaycan Ordusunun əks-hücum əməliyyatı cəbhəboyu davam edir. Bununla paralel olaraq beynəlxalq ictimaiyyətdən hər iki tərəfə müharibəni dayandırmaqla bağlı çağırışlar olunur. Vəziyyəti necə qiymətləndirirsiniz?
 
- Azərbaycan özünün haqlı müharibəsini aparır. Kim nə deyir desin, ancaq biz mövqeyimizi çatdırırıq. Əslində heç kimin əsası yoxdur ki, bizə irad tutsun. Sadəcə olaraq bütün iradlar və çağırışlar bir kəlmə ilə bağlanır: Azərbaycan döyüşü öz ərazisində işğalçı qüvvələrə qarşı aparır. Bununla da məsələ bitir. Əlbəttə, çağırışlar edilir ki, insanların ölümü düzgün deyil, atəşkəsi bərpa edin, danışıqları qeyd-şərtsiz başlayın. Bu nə deməkdir? Azərbaycan bütün bunlara reaksiya vermir. Bu mənada BMT Təhlükəsizlik Şurasının son çağırışları da əsassızdır. Müharibə davam edəcək. O vaxta qədər ki, erməni tərəfi işğal olunan ərazilərdən öz qoşunlarını çıxarmasına dair öhdəlik götürsün.
 
Konkret əməliyyatlara gəldikdə gördüyünüz kimi, bu aparılır və Müdafiə Nazirliyi də əməliyyatlarla bağlı məlumat yayır. Bəzən kimlərsə deyir ki, döyüşlər gedir, amma ordumuz müdafiəni yara bilmədi, irəli getmək olmur, insanlarımız həlak olur və s. Belə fikirlər əsaslı deyil. Əslində ermənilər gözləyirdi biz haradasa cəbhə xəttini yararaq qabağa gedək, bunlar da ustalıqla pusqu qursun, bizi elə yerə salsınlar ki, oradan çıxmaq imkanımız olmasın, əsgərlərimiz həlak olsun, əsir düşsün. Bununla da elan etsinlər ki, baxın, azərbaycanlılar müharibə apara bilmirlər. Tutaq ki, gedib Füzulini tutduq, bəyəm Füzuli var? Ağdam və Füzuli daş-kəsəkdən ibarət dağılmış yerdir. Orada nə əhali var, nə də sağlam binalar... Heç nə yoxdur. Üstəlik Füzuli və Ağdam düzən ərazilərdə yerləşir. Hazırda bizim əsas hədəflərimiz yüksəkliklərdir. Biz yüksəklikləri götürməklə faktiki olaraq düşməni məcbur edəcəyik ki, geri çəkilsin. Bu halda Füzuli, Ağdam və digər rayonlarımız da qayıdacaq. Nəhayət, Azərbaycan ordusu bu gün erməniləri məcbur edir ki, onlar silah-sursatı, minaları, güllələrini istifadə etsin. Nəzərə alın ki, onların hərbi təchizatı, ehtiyatda olan silah-sursatı bizdən qat-qat azdır. Onların müqavimət gücünü sındırmaq üçün bizə vacibdir ki, onların döyüşçülərini məhv edək, yaralayaq, habelə texnikalarını sıradan çıxarmaq. Yəni onları sursatsız qoymaqla məcbur edək ki, geriyə çəkilsinlər və sülh üçün Azərbaycana yalvarsınlar. Hazırda Azərbaycan ordusu bunu həyata keçirir. Uzunmüddətli müharibədə ermənilərin bizə qarşı şansı yoxdur.
 
- Sentyabrın 29-da Ermənistan hakimiyyəti bütün strukturları daxil olmaqla kampaniya apardı ki, guya Azərbaycandan qalxan F-16 qırıcısı Ermənistan hava məkanında SU-25 qırıcısını vurub. Ermənilər dünyanı buna inandırmaqla nəyə nail olmağa çalışırlar?
 
- Cəfəngiyyat danışırlar. Əvvəla nəzərə almaq lazımdır ki, SU-25-lər azı 35 ilin təyyarəsidir. Qaldırıblar havaya, indi qəza olub və ya başlarına nə gəlib, bundan bizə nə? Hələ utanmadan deyirlər ki, F-16 gəlib bizi vurdu, özü də Ermənistan hava məkanı üzərində... Qələtdir edirlər. Bundan əvvəl qondarma respublikada ağıldankəm biri demişdi ki, guya F-16 vurublar. Bunlar hamısı cəfəngiyyatdır. Bunu deməklə yanaşı insanları inandırmaq və ortaya sübut qoymaq vacibdir. Buyur göstər ki, həmin təyyarəni F-16-dan çıxan raket vurub. Normalda F-16-dan açılan raketin hissələri yerdə qalmalıdır. Bunlar heç SU-25 qırıcısını tapıb göstərə, deyə bilmirlər ki, doğurdan da vurulub.
 
- Azərbaycan Prezidenti İlham Əliyevin son çıxışında da qeyd edildi ki, əslində Ermənistan üçüncü ölkələri prosesə qoşmaq üçün müxtəlif üsullara əl atır. SU-25-lə bağlı biabırçı addımı bu qəbildən hesab etmək olarmı?
 
- Bəli, ermənilər konkret olaraq Rusiyanı öz tərəflərində vuruşmağa sövq etmək istəyirlər. Rusiya da deyir ki, nə olub, müharibə Azərbaycan ərazisində gedir. Anlayırlar ki, bütün bu hay-həşirlər məqsədlidir. Erməni tərəfinin əsas arqumenti odur ki, Türkiyə Azərbaycan tərəfində vuruşur, sən də gəl mənim tərəfimdə vuruş. Paşinyan sadəlövh adamdır və düşünürdü ki, onun dediyinə o saat qulaq asıb əməl edəcəklər. Putin də onu dinləyib və sonra da rədd edib.
 
- BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağdakı vəziyyətlə bağlı qapalı toplantı keçirib və tərəfləri təcili sülhə dəvət edib. Nədən Təhlükəsizlik Şurası 1992-1993-cü illərdə məhz Qarabağ probleminə dair qəbul etdiyi 4 qətnaməyə istinad etməyib?
 
- Deməli, ikili standartdır, onların ürəyi Ermənistan üçün yanır. Ancaq Azərbaycanı da qınaya bilmirlər. Çünki beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Ona görə də ümumi fikirlər işlədilir, deyilir ki, danışıqları bərpa edin və ATƏT-in Minsk Qrupu formatında davam etdirin. Ancaq onların bunu deyib-deməməsindən asılı olmayaraq bunun bizə aidiyyəti yoxdur.
 
- Fransa prezidenti bildirib ki, Vladimir Putin və Donald Trampla danışaraq Qarabağdakı vəziyyəti müzakirə edəcək. Bu üç ölkənin lideri müharibənin dayandırılmasına nail ola bilərmi?
 
- Mən əminəm ki, Rəcəb Tayyib Ərdoğan da deyəcək ki, tulanızı Azərbaycan ərazilərindən çək. Bununla da məsələ dayansın. Söhbət ondan getməlidir ki, siz ermənilərin başına ağıl qqoyub işğal edilən ərazilərdən çıxarılmasına hazırsınızsa, buyurun danışıqlara başlayaq. Yox, bunu etmək niyyətində deyilsənsə, müharibə davam edəcək. Azərbaycanın öz torpaqlarını düşməndən azad etmək hüququ var. Söhbət təkcə ondan getmir ki, bizim buna hüququmuz çatır. Biz əslində beynəlxalq hüquqa, konkret olaraq BMT-nin 51-ci maddəsinə söykənərək hər bir dövləti bizə kömək etməyə dəvət edə bilərik. Belə bir hüququmuz var. Çünki 51-ci maddədə nəzərdə tutulub ki, ölkə öz ərazisini müdafiə, ərazi bütövlüyünü təmin etmək üçün işğalçı qüvvələrə qarşı fərdi və kollektiv təhlükəsizlik tədbirləri həyata keçirə bilər.
 
- Digər narahatedici məqam odur ki, Ermənistana İran üzərindən silahlar daxil olur. Müsəlman İran tərəfinin öz ərazisindən Azərbaycana qarşı istifadə ediləcək silahların keçməsinə yaşıl işıq yandırılmasını necə qiymətləndirmək olar?
 
- Rusiyanın ayrı yolu yoxdur, əvvəl təyyarə ilə silah daşıyırdılar. Amma təyyarə ilə təmin etmək mümkün deyil. Ehtimal edirəm ki, silah-sursat gəmi ilə limana gətirilib və oradan da yük maşınları ilə daşıyırlar. Çox sağ olsunlar, bizim orada olan qeyrətli soydaşlarımız bunun əleyhinə qalxıblar. Hesab edirəm ki, bunu daha geniş şəkildə etmək vacibdir.
 
- Qəribədir ki, ortada fotolar və video görüntülər olsa da, İran rəsmiləri bunu təkzib edir...
 
-Şiəlikdə mütəkiyə üsulu var. Bu o deməkdir ki, sən ali məqsədlərə çatmaq üçün yalan danışa bilərsən.
 
- Hazırda cəbhədə əməliyyatların gedişinin dördüncü gününü müşahidə edirik. Sizcə, əməliyyatlar nə qədər davam edə bilər?
 
- Bu, sözsüz ki, illərlə çəkməyəcək. Düşünürəm ki, bu proses 10 gün, iki həftə, uzağı bir ay çəkə bilər. Hazırda bizim imkan və resurlarımız daha çoxdur, nəinki ermənilərin. Bizim əsas vəzifəmiz ondan ibarətdir ki, düşmənin həm canlı qüvvəsini, həm də texnikasını zərərləşdirək. Bunu edə bilsək, onlar danışıqlara da gələcək, bu danışıqlarda özlərini adam kimi aparacaqlar.
 
Mən deyim, 2016-cı ildə onlar yalvardılar və Putin də məsələni yoluna qoydu. Sonrada ermənilər bəyan etdilər ki, biz Azərbaycanı məhv edəcəkdik, amma ruslar imkan vermədi. İndi də Putin bunlara deyir ki, gəlib diz üstə mənə yalvarmayana qədər müdaxilə etməyəcəyəm. Bilmirəm, Putin-Ərdoğan arasında hansı danışıqlar ola bilər. Bütün hallarda bizim cavabımız birdir. Biz öz torpaqlarımızda işğalçı qüvvələrlə müharibə aparırıq. Bunu da cənab prezident açıq bəyan etdi. Bütün yalan-palana bir cavabımız var. Biz işğalçı qüvvələri öz ərazimizdən çıxarmaqla məşğuluq. Zəhmət çəkib öz xoşları ilə ərazimizdən çıxsınlar və müharibə də dərhal dayansın.Teleqraf

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.