Yenilik.Az
www.Yenilik.Az » Ölkə » “Qarabağ probleminin 50 faizi artıq həll olunub” - AÇIQLAMA

“Qarabağ probleminin 50 faizi artıq həll olunub” - AÇIQLAMA

“Qarabağ probleminin 50 faizi artıq həll olunub” - AÇIQLAMA
2020-10-01 , 09:25

Azərbaycan prezidenti İlham Əliyev ölkəmiz üçün önəmli və taleyüklü bir dövrdə Rusiyanın “Rossiya l” telekanalına müsahibə verərək sentyabrın 27-də Ermənistanın təxribatı nəticəsində başlanmış müharibə haqqında həqiqətləri ustalıqla böyük auditoriyaya çatdırdı.  Prezident İlham Əliyev Rusiya ictimaiyyətini Ermənistanın təxribatları, işğalçılıq və təcavüz siyasəti haqqında məlumatlandırdı. Yeni Azərbaycan Partiyasının şöbə müdiri, deputat Aydın Hüseynov  bu barədə “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan prezidenti İlham Əliyev “Rossiya 1" telekanalına müsahibəsində qalib dövlətin, qalib ordunun Ali Baş Komandanı olduğunu bir daha qətiyyəti ilə nümayiş etdirdi: ”Prezident Dağlıq Qarabağ münaqişəsini indiki vəziyyətə hansı səbəblərdən gəlib çatdığını, bu gün yaşananları, Azərbaycan reallıqlarını, Ermənistanın işğalçılığını, Ermənistan iqtidarının terrorçu mahiyyətini çox böyük məharətlə, faktlarla ortaya qoydu. Bu müsahibə Azərbaycanın Ali Baş Komandanının Dağlıq Qarabağ məsələsində, torpaqlarımızın azad olunmasında necə qətiyyətli olduğunu Rusiya ictimaiyyətinə, həmin telekanalı izləyən bütün dünya ictimaiyyətinə nümayiş etdirmiş oldu: Cənab Prezident Azərbaycana qarşı Ermənistanın işğalçılıq həyata keçirdiyini, danışıqları Ermənistan hakimiyyətinin bütün vasitələrlə pozmaq xətti yürütdüyünü sübutlarla qeyd etdi. Azərbaycanın heç bir ölkənin ərazisində hərbi əməliyyatlar keçirmədiyini, yalnız öz ərazisində işğalçı Ermənistan ordusuna qarşı əks-hücum həyata keçirdiyini cənab İlham Əliyev dəfələrlə vurğuladı. Eyni zamanda Azərbaycanın beynəlxalq konvensiyalara, 1949-cu il Cenevrə konvensiyasına hörmətlə yanaşdığını, Ermənistanın isə beynəlxalq konvensiyaları, Cenevrə konvensiyasını pozduğunu, faktiki olaraq hərbi cinayət törətdiyini və bu gün də hərbi cinayət törətməkdə davam etdiyini dəlillərlə ortaya oydu. Şübhə etmirəm ki, bu müsahibəni dinləyən istənilən siyasətçi, istənilən adi insan danışıqları Ermənistanın pozduğuna, Azərbaycanın öz torpaqlarının azadlığına nail olmaqdan başqa niyyətinin olmadığına əmin oldu.

 
Azərbaycan prezidenti həmçinin bəyan etmiş oldu ki, Ermənistanın işğalçılıq siyasəti, Qarabağa xaricdən terrorçu qrupları gətirməsi təkcə Azərbaycan üçün deyil, bütün bölgə üçün təhlükə vəd edir. Bölgə dövlətləri, o cümlədən Avropanın özü bunun fərqində olmalıdır. Əslində bu gün Azərbaycan dövləti, ordusu, Azərbaycan prezidenti həm də bütün regionun gələcək təhlükəsizliyi uğrunda mübarizə aparır. Buna görə Azərbaycana minnətdar olmalıdırlar və Azərbaycanın haqq işini müdafiə etməlidirlər".
 
Deputat bildirdi ki, Azərbaycan prezidentinin müsahibəsinin ən mühüm qürurverici məqamlarından biri də qardaş Türkiyəni öz ölkəsinin müdafiə etdiyi kimi müdafiə etməsi, Ermənistanın Türkiyə ilə bağlı son günlər apardığı antitəbliğatı yerlə bir etməsi oldu. Prezidentimiz erməniləri ifşa edərək onların Türkiyəyə qarşı böhtanının keçmədiyini qətiyyətlə bəyan elədi.
 
A.Hüseynov qeyd etdi ki, Rusiya mediası və ictimaiyyəti İlham Əliyevin necə qətiyyətli, arqumentlərlə mövqeyini ortaya qoyan, çox böyük diplomatik təcrübəsi olan, xalqının iradəsinə arxalanan lider olduğunu bir daha gördü: “Azərbaycan prezidentinin hər müsahibəsi, hər çıxışı, hər cümləsi ciddi təsir gücünə malikdir. ”Rossiya 1" kanalına müsahibəsi isə xüsusilə möhtəşəm idi.
 
Ermənistanın baş naziri Nikol Paşinyanı isə Rusiyada, rus mediasında artıq tamamilə qeyri-ciddi, populist küçə siyasətçisi, Sorosun kuklası kimi tanıyırlar. Nikol Paşinyanın açıqlamaları və bəyanatlarını ciddiyə almırlar. Nikol Paşinyanı cəbhədə Azərbaycan Ordusu bir siyasətçi kimi bitirir, siyasi müstəvidə isə Azərbaycan prezidenti artıq bitirib, məhv edib. Paşinyanın simasında işğalçı Ermənistanın işğalçı siyasəti də bitirilərək məhv edilir. Ordumuz bunu döyüş meydanında, Ali Baş Komandanımız isə siyasət meydanında, diplomatik meydanda edir".
 
Prezident İlham Əliyevin müsahibəsində nümayiş etdirdiyi qətiyyət, mövqe Azərbaycan müxalifətində də çox yüksək qiymətləndirilib. Bu barədə ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, prezident İlham Əliyev bu müsahibəsində və bundan əvvəlki çıxışlarında Qarabağ məsələsi ilə bağlı çox düzgün, çox qətiyyətli, haqqa, ədalətə söykənən mövqe nümayiş etdirdi: “Ordumuz hərbi əməliyyatları peşəkar icra eləməkdədir, Azərbaycan prezidenti isə müsahibəsi və çıxışları ilə siyasi diplomatik əməliyyatları icra eləməkdədir. Yəni diqqət etdikdə görürük ki, sinxron, bir-birini tamamlayan proses gedir. Cəbhədə ordu döyüşür, siyasi meydanda Prezident. Bu isə mən əminəm ki, faktiki olaraq Qarabağın 10 gün ərzində azad edilməsi ilə nəticələnəcək. Mənim fikrimcə, artıq Ağdərə, Kəlbəcər, Füzuli Azərbaycan Ordusunun nəzarəti altındadır. Xocavənd nəzarətimizə tam keçmək üzrədir. Qarabağ probleminin 50 faizi artıq həll olunub. Verilən məlumatlardan da görünür ki, işğalçı tərəf nə qədər böyük miqyasda canlı itkiyə məruz qalıb, işğalçı ermənilərin nə qədər çoxsaylı hərbi texnika, hərbi mövqeləri, istehkamları darmadağın edilib. İşğal olunmuş ərazilərimizdən sonuncu erməni çıxarılana qədər biz əks-hücumu davam etdirməliyik. Mən İlham Əliyevin Rusiya telekanalına müsahibəsindən də gördüm ki, Azərbaycan prezidentinin bu barədə çox qətiyyətli, birmənalı mövqeyi var. Müsahibənin verdiyi ən böyük açıq mesaj budur. İlham Əliyevin komandanlığı ilə Azərbaycan Ordusu Qarabağı azad edəcək və bununla da İlham Əliyevin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq”.
 
S.Cəlaloğlu vurğuladı ki, İlham Əliyevin müsahibədə də qətiyyətli mövqe ortaya qoyması xalqının iradəsinə, beynəlxalq hüquqa əsaslanmasından irəli gəlir: “Azərbaycan xalqı bir yumruq kimi birləşib və bütün xalq işğaldakı torpaqlarımızın azad olunması üçün Vətən müharibəsinə hazır olduğunu ortaya qoyub. Prezident İlham Əliyev demokratiyanın, konstitusiyanın tələb etdiyi kimi davranır. Prezident Azərbaycan xalqının iradəsini ifadə edir. Bu da bir demokratiyadır. Demokratiya budur - xalqın iradəsinə hörmət eləmək. İlham Əliyev də bunu edir. Prezidentin mövqeyini, qətiyyətini gücləndirən amillərdən ən ciddisi budur. Xalqı İlham Əliyevə deyir ki, Qarabağı azad et, o da xalqı ilə birlikdə Qarabağı azad edir və bunu Rusiya telekanalında da, BMT tribunasında da bəyan edir. Bu, demokratik haqdır, bu ədalətli müharibədir, beynəlxalq hüquq da bizim yanımızdadır. Beynəlxalq hüquq tələb edir ki, biz ərazilərimizi işğaldan hərbi yolla azad edək. Bu, Azərbaycanın daxili işidir və kənardan kimsə buna qarışa bilməz”.
 
Politoloq Qabil Hüseynli isə bildirdi ki, Azərbaycan prezidenti “Rossiya 1" telekanalına müsahibəsində Rusiyada ermənilərin təbliğat maşınının apardığı təşviqatı darmadağın etdi.
 
Eyni zamanda İlham Əliyev bu müsahibədə Ermənistanın baş nazirinin başını sözün siyasi və mənəvi mənasında əzdi: “Azərbaycan prezidenti bu debatdakı yüksək səviyyəli nitqi, çıxışı, arqument bazası ilə Azərbaycanın haqlı mövqedə olduğunu bir daha çatdırdı. Müharibənin getdiyi anda Rusiya televiziyası ilə bu mövqeni ortaya qoymaq çox ciddi hadisədir. İlham Əliyev böyük diplomatik məharətlə Azərbaycanın haqq səsini çatdırdı, Ermənistanın işğalçılıq siyasətinin mahiyyətini isə açıb ortaya qoydu. Ermənistana bir daha agah oldu ki, qarşılarında rəşadətli Azərbaycan Ordusu ilə yanaşı qətiyyətli, xalqına, beynəlxalq qanunlara arxalanan siyasi lider var. Bu iki tandem işğalçı Ermənistanda artıq çox böyük vahimə yaradıb.
 
Prezident müsahibəsində bəyan etdi ki, ermənilərin sentyabrın 27-də səhər başladıqları hərbi təxribat nəticəsində Azərbaycanın yaşayış məntəqələri, döyüş mövqeləri şiddətli artilleriya atəşinə məruz qalıb. Azərbaycan təcavüzkara adekvat cavab verməyə və beləliklə, öz xalqımızı, öz adamlarımızı və torpağımızı müdafiə etməyə məcbur olub. Prezident İlham Əliyev Ermənistanın dinc əhaliyə qarşı müharibə apardığını, Ermənistan ordusunun əsas hədəfinin yaşayış məntəqələri və mülki əhali olduğunu faktlarla göstərdi. Bildirdi ki, təcavüz nəticəsində Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olub, hərbi qulluqçular arasında da həlak olanlar var.
 
Prezident İlham Əliyev Rusiyanın aparıcı mediasında Türkiyənin də maraqlarını qorudu və qardaş ölkəni müdafiə etdi. Bəyan elədi ki, Türkiyə Azərbaycanı, beynəlxalq hüququ dəstəklədiyini bildirib. Türkiyə Azərbaycana mənəvi dəstək verir və hazırkı vəziyyətdə onun başqa rolu yoxdur.
 
Prezident İlham Əliyev həm münaqişənin mahiyyətini Rusiya ictimaiyyətinin diqqətinə çatdırdı, həm də faktlarla Ermənistanın təxribatçı siyasətini ifşa etdi. İlham Əliyev Nikol Paşinyanın dilindən çıxan təxribatçı bəyanatları xatırlatmaqla Ermənistanın işğalçılıqda maraqlı olduğunu, danışıqları pozduğunu qeyd etdi. Ermənistanın baş naziri deyir ki, “Qarabağ Ermənistandır” və Azərbaycan danışıqları Dağlıq Qarabağın oyuncaq rejimi ilə aparmalıdır. Ermənistan bilərəkdən danışıqlar prosesini pozur, qəbuledilməz tələblər irəli sürür və təxribatlar törədir.
 
Azərbaycan prezidenti onu da faktlarla qeyd etdi ki, Ermənistan təxribatlar törətməklə Azərbaycanı təqsirləndirmək, sonra üçüncü tərəfləri cəlb etmək və beləliklə, danışıqlar prosesini pozmaq istəyir. O da qeyd olundu ki, Ermənistanın hərəkətlərinin və bəyanatlarının xronologiyası göstərir ki, bu ölkə təxribata uzun müddətdir hazırlaşıb və şüurlu şəkildə gedib. Xronologiya isə belədir ki, iyul ayında Ermənistan Azərbaycanla dövlət sərhədindəki yaşayış məntəqələrimizə silahlı hücum etdi, erməni tərəfi açıq-aşkar, nümayişkaranə şəkildə əslən Livandan olan ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərində və qədim Şuşa şəhərində məskunlaşdırılmasını elan etdi, Şuşada-Azərbaycan mədəniyyətinin qədim incisində cinayətkar Dağlıq Qarabağ rejiminin qondarma başçısının qondarma inauqurasiyasını keçirdilər. Beləliklə, Ermənistan ardıcıl və şüurlu şəkildə Azərbaycana qarşı provokasiyalar törətdi, Azərbaycanı münaqişəyə cəlb etmək və cavab hərəkətlərinə təhrik etmək istədi. Bütün bunları sadalamaqla cənab İlham Əliyev xüsusilə Rusiya ictimaiyyətinə, Rusiya siyasi dairələrinə Ermənistanın yalanlarına inanmaq üçün əsasların olmadığını, Azərbaycanın isə həqiqətləri söylədiyini çatdırdı".
 
Politoloq qeyd etdi ki, prezident İlham Əliyev Ermənistan hakimiyyətinin avtoritar və diktator mahiyyətini də növbəti dəfə ifşa etdi, Paşinyanın Sorosun əlaltısı olduğunu açıq bəyan etməklə Ermənistan baş nazirinin kukla olduğunun tablosunu cızdı: “Bununla yanaşı, Prezident Ermənistanda daxili siyasi böhranın hökm sürdüyünə də diqqəti cəlb etdi. Bunu elə-belə yerə demədi. Çünki Nikol Paşinyan məhz daxildəki böhrandan diqqəti yayındırmaq, diqqəti müharibəyə yönəltmək üçün Azərbaycana qarşı hərbi təxribatlara əl atır. Paşinyan çoxlu vədlər verib və bu vədləri yerinə yetirə bilmir, ölkə böhran içindədir. Paşinyana bir xarici amil, qarışıqlıq lazım idi ki, əhalinin diqqətini yayındırsın. Azərbaycana hücumdan iki gün əvvəl Ermənistanın əsas müxalifət partiyasının lideri həbs edildi. Paşinyanın diktator, despotik rejimi öz ölkəsindəki bütün müxalifəti məhv edib və indi Azərbaycan xalqına qarşı yenidən təcavüz nümayiş etdirir”.
 
Q.Hüseynlinin sözlərinə görə, Prezident müsahibəsində Ermənistanın təbliğatının iç üzünü açdı, bu ölkə tərəfindən dövriyyəyə buraxılan yalan məlumatların məqsədini göstərdi: “Guya Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfin yaydığı bütün şayiələrin təxribat xarakteri daşıdığını qeyd etdi və Türkiyənin münaqişədə iştirakı barədə heç bir sübutun olmadığını bəyan elədi. Prezidentin daha bir arqumenti bu oldu ki, Azərbaycan Ordusu öz xalqının və öz ərazisinin müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlıdır.
 
Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələrinin döyüş əməliyyatlarında heç bir şəkildə iştirak etmədiyini də İlham Əliyev qəti şəkildə bildirdi və qeyd etdi ki, bu gün müasir texnologiyalar dövründə nəyisə gizlətmək çox çətindir. Türkiyə münaqişə tərəfi deyil, münaqişədə heç bir şəkildə iştirak etmir və buna zərurət yoxdur".
 
Politoloq qeyd etdi ki, Azərbaycan prezidenti İlham Əliyev sözünün çəkisi olan siyasi liderdir və onun hər bir açıqlaması, bəyanatı ciddi qəbul edilir. Bu baxımdan da şübhə yoxdur ki, “Rossiya 1" kanalına müsahibədəki fikirlər Azərbaycan həqiqətləri haqqında aydın təsəvvür yaradılmasında əhəmiyyətli rol oynayacaq.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.