Mediasiya Şurasının sədri mediaya təşəkkür etdi

Mediasiya Şurasının sədri mediaya təşəkkür etdi Mediasiya Şurasının sədri Nadir Adilov Azərbaycan mediasına təşəkkür edib.
Yenilik.az-ın məlumatına görə, N.Adilov bildirib ki, "Media ilə iş üzrə bizdən tez-tez soruşulan suallardan biri də odur ki, Mediasiya Şurasının mətbuat xidmətinin rəhbəri kimdir? Bunu qürur və fəxrlə deyə bilərəm ki, ölkəmizin mətbuat sektoruna həmişəlik və hər zaman bir vəfa borcumuz var. 
Ölkəmizin media sektoru bizə o qədər yaxından və heç bir təmənnasız, ödənişsiz, heç bir qarşılıq gözləmədən dəstək verir ki, buna əsaslanaraq, fərəhlə və fəxrlə deyə bilərəm ki, mətbuat xidmətimizi ölkəmizin media sektoru əvəz edir. 
Ona görə də Mediasiya Şurasında mətbuat xidməti və bu xidmətin rəhbəri yoxdur." 
"Fəxrlə və qürurla qeyd edim ki, Mediasiya Şurasının mətbuat xidmətinin rəhbərləri bizim media kapitanları, mətbuat xidmətimiz isə bu media qurumlarında işləyən yüzlərlə fədakar jurnalistlərimizdir. Onların hər birinin mediasiyanın inkişafında böyük əməyi var. 
Ölkəmizin media sektoruna dərin təşəkkür etməklə, mediadan olan hər bir dostumuzun diqqətinə çatdırıram ki, sizlərin hər biriniz bizim mediada olan simamızsınız, üzümüzsünüz və sizlərlə fəxr edirik." deyən sədr N.Adilov mediaya təşəkkürünü bildirib: 
"Əziz dostlarımız, fəaliyyətimizə göstərdiyiniz dəstək, qayğı üçün hər birinizə dərin təşəkkür edirəm." 

Mediasiya nədir?
Xatırladaq ki, Mediasiya mübahisələrin məhkəmədənkənar həlli üsuludur. Mediasiya zamanı tərəflər mediatorun (vasitəçinin) köməyi ilə digər tərəfin mövqeyi barədə daha çox məlumat qazanmaqla, öz mövqeyini yenidən qiymətləndirir və barışmaq imkanlarını araşdırır. Tərəflərin vicdanla yanaşdıqları və mübahisəni həll etməkdə maraqlı olduqları mediasiya proseslərində tərəflərin mübahisəni həll etmələri ehtimalı 85%-dən yüksəkdir. Mediasiyanın belə uğurlu olmasının əsas səbəbləri aşağıdakılardır:

Mediasiya zamanı tərəflər mediatorun (vasitəçinin) köməyi ilə həm özlərinin, həm də qarşı tərəfin mövqeyini yenidən qiymətləndirmək imkanı əldə edirlər. Bu zaman tərəflər qarşı tərəfin sübutları və hüquqi əsasları ilə tanış olur, məhkəmə prosesinin gedişatı və nəticəsi barədə daha aydın mənzərə qazanırlar.

Mediator (vasitəçi) tərəflər arasındakı münasibətlərin kəskinləşməsinin və tərəflərin mövqelərinin uzaqlaşmasının qarşısını alır. Belə ki, tərəflər vasitəçinin iştirakı olmadan mübahisəni həll etmək istədikdə, öz mövqelərini, inam görüntülərini və simalarını qorumaq üçün güzəştlərə getmirlər və müəyyən hallarda sadəcə olaraq daha aqressiv mövqe sərgiləyirlər. Qeyd edilən problemlərin qarşısının alınması isə mediatorun əsas funksiyalarındandır.

Tərəflər mediasiya zamanı mübahisənin həllini üçüncü şəxsə etibar etmir, tam əksinə mübahisənin həllini öz əllərində saxlayırlar. Bu zaman hər hansı üçüncü şəxsin (məsələn, hakim və ya arbitrın) səhv qərar qəbul etmək ehtimalı azalır. Həmçinin, tərəflər öz müqəddəratını özləri müəyyən edirlər.

Mediasiya prosesi məhkəmə və arbitrajdan fərqli olaraq, daha qısa müddətdə (adətən, bir gün ərzində) baş verir. Bu isə tərəflərin xərclərinə və vaxtlarına qənaət edir. Əlavə olaraq, məhkəmə və arbitraj zamanı tərəflər qərarların qüvvəyə minməsi və icraya yönəldilməsi üçün uzunmüddətli məhkəmə (arbitraj) və icra proseslərindən keçməli olurlar. Mediasiya zamanı isə adətən tərəflər barışıq sazişini qısa müddət ərzində icra edirlər. Bu zaman tərəflər bir neçə il sonra hər hansı bir məbləğ əldə etmək əvəzinə, daha qısa müddətdə və mövcud dəyəri daha yüksək olan maddi və digər nemətlər əldə edirlər.

Mediasiya əksər məhkəmə proseslərindən fərqli olaraq, konfidensialdır. Bu isə tərəflər barədə həssas məlumatları qorumaqla yanaşı, tərəflərin arasındakı mübahisənin mövcudluğunu gizli saxlayır və tərəflərin öz işgüzar münasibətlərini davam etdirməklərinə şərait yaradır.

Mediasiya Şurasının yaranması
29 mart 2019-cu il tarixdə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Azərbaycan Respublikası Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi" haqqında 3 aprel 2019-cu il tarixli Fərmanına və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq işçi qrupu formalaşdırılıb, Mediasiya Şurasının nizamnaməsi razılaşdırılıb və 12.02.2020-ci il tarixində Mediasiya Şurası təsis edilib.

Mediasiya Şurasının ilk üzvü olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası 3 mart 2020-ci il tarixində ilk mediasiya təlimi qurumu qismində Mediasiya Şurasının üzvlüyünə qəbul edilib. 20 oktyabr 2020-ci il tarixində ilk dəfə Mediasiya Şurasına müraciət etmiş 17 namizədin mediator qismində Mediasiya Şurasının üzvlüyünə qəbul edilməsi barədə qərar verilib. Hal-hazırdabütün ölkə üzrə 275 nəfər aktiv mediator fəaliyyəti göstərir. 2021-ci il iyunun 30-da hüquq üzrə fəlsəfə doktoru, dosent Nadir Adilov Mediasiya Şurası İdarə Heyətinin sədri seçilib.
Geri qayıt