Mediasiya Şurası təkmilləşdirilmiş hesabat verdi

Mediasiya Şurası təkmilləşdirilmiş hesabat verdi
Hər zaman cəmiyyətə fəaliyyətilə bağlı hesabatları təqdim edən Mediasiya Şurası bu ildən onları mediasiya təşkilatları və mediatorlarla davamlı müzakirələr nəticəsində daha da təkmilləşdirilib. Bu barədə Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov məlumat verib.
Əvvəlkilərdən fərqli olaraq, bu il yayılan hesabatlarda təkcə mediasiya təşkilatlarına daxil olan işlərin çeşidi və barışıq üzrə statistika deyil, bu mediasiya təşkilatları ilə əmək və mülki müqavilə əsasında işləyən mediatorların adlı siyahıları da dərc edilib. Belə ki, hesabatlarda hər bir mediatora mediasiya təşkilatı tərəfindən bölünən iş sayı, mediatorlar tərəfindən baxılan, bu işlərdə əldə edilən barışıqların həcmi də göstərilir.
Nadir Adilovun sözlərinə görə, növbəti aydan etibarən bu hesabatlar daha da təkmilləşdiriləcək. Belə ki, mart ayının hesabatından etibarən təkcə mediatorun baxdığı iş sayı və əldə etdiyi barışıqların sayı deyil, həmin mediatorun baxdığı ailə, əmək və kommersiya işlərinin sayı və bu işlərdən əldə edilən barışıqların hər birinin sayı ayrı - ayrılıqda rəqəmlərlə göstəriləcək. Hazırda isə bu say mediasiya təşkilatına daxil olan iş sayında ailə, əmək və kommersiya işləri üzrə dəqiq rəqəmlərlə göstərilir. Mediatorda isə ailə, əmək və kommersiya işlərinin sayı və barışıqların da nəticəsi cəm şəklində göstərilib.

“Amma mart ayının sonundan yayacağımız hesabatda mediasiya təşkilatına daxil olan işlərin nə qədərinin ailə, əmək və ya kommersiya işlərinə aid olmasını görməklə bərabər, bu işlərin mediatorlar arasında da şəffaf bölgüsünü görə biləcəyik. İctimaiyyət müəyyən edə biləcək ki, hansı mediatora hansı sahələr üzrə nə qədər işlər daxil olub və bu işlərdən konkret olaraq hansı iş üzrə neçə barışıq əldə edilib”,- Nadir Adilov bildirib.

O əlavə edib ki, Mediasiya institutu ölkəmiz üçün yenidir. Biz inkişaf edən xətt üzrə nəticələrə nail oluruq, ona görə də ictimai hesabatlılığımızın özü də addım - addım təkminləşdirlir. Mediatorların hər biri icraatında olan iş üzrə böyük bir əmək sərf edir: “Siz təsəvvür edin ki, təktərəfli və ikitərəfli görüşlər də daxil olmaqla, hər bir işinə məsuliyyətli yanaşan mediator tərəflər üçün saatlarla zaman ayırır. Burada əlbəttə ki, mütləq tərəflər dinlənilməlidir. Onların fikirləri barışıq sazişinin taleyini həll edir. Bəzən olur ki, mediator bir tərəfi və yaxud da mübahisədə iştirak edən digər tərəfləri həftələrlə və saatlarla təkrarən dinləyib, qarşı tərəfin təkliflərini müzakirə etmək üçün bir neçə görüş keçirir. Bunu deməkdə məqsədim odur ki, mediator peşəsi kənardan göründüyü qədər də asan bir peşə deyil. Hər bir barışığın arxasında böyük bir əmək, stress və səbr durur.

Misal üçün barışıq sazişləri üzrə bir neçə kiçik detala diqqət yetirək. Alimentin artırılması və yaxud da uşaqla ünsiyyət məsələsini nümunə kimi götürək. Deyək ki, illər əvvəl nikahına xitam verilmiş tərəflər bəzən illərlə uşaqla ünsiyyətlə bağlı böyük münaqişədə olurlar. Mən bunu davam edən münaqişələr adlandırıram. Və bu epizodda münaqişənin yaşı onun perspektivindən xəbər verir. Deyək ki, cütlüklər uşağın 3 yaşı olanda nikaha xitam veriblər. Bu münaqişə istər aliment tələbində, istərsə də uşaqla ünsiyyət, uşağın xaricə çıxarılması məsələlərində ən azı 15 il davam edəcək. Çünkü təcrübə göstərir ki, uşaq 18 yaşına çatana kimi tərəflər bu münaqişəni aparırlar. Amma mediator qarşıdakı 15 illik münaqişəni həll etməklə, tərəfləri uzlaşmaya dəvət edir. Tərəflərin münaqişə müddətinin uzanması uşağın maraqlarına da toxunmamış olur. Həm də belə izah edək, öz övladı ilə ünsiyyət problemini həll etməkdə çətinlik çəkən tərəflərin işinin ağırlığına bir də mediator bucağından baxmaq lazımdır. O bucaqdan ki, mediator hər iki valideynlə uşağın ünsiyyəti üçün onların və onların uşaqlarının mənafeyi naminə saatlarla, həftələrlə danışıqlar aparır. Və mediator tərəflərin iradəsinin əleyhinə heç bir qərar verə bilməz. Xüsusən də əgər məsələlər uşağın maraqlarına toxunursa. Əlbəttə ki, nəticədə əldə edilən barışıq təkcə mediatorun deyil, bütövlükdə ailə institutunun və cəmiyyətin uğurudur. Fürsətdən istifadə edib, bizə bu işdə yaxından dəstək olan valideynlərə dərin təşəkkür edirəm. Ailə mübahisələrində mediatorların qarşılaşdıqları daha mürəkkəb məsələlər də var - əmlakın bölünməsi, aliment tələbi, uşağın ölkə xaricinə çıxarılması, cehiz əşyalarının qaytarılması və s. kimi. Burada isə işə qohumlar qarışanda və tətikləyici tərəflər işə müdaxilə edəndə mediatorun işi daha da mürəkkəbləşir.

Eyni məsələlər kommersiya və əmək mübahisələrində də keçərlidir. Kommersiya mübahisələrində bir-birinə güzəştə getməyib, bir-birini cəzalandırmaq istəyən tərəfləri bir anlıq göz önünə gətirin və o zaman mediatorun nə qədər çətin bir işlə məşğul olduğunu görəcəksiniz. Yaxud da işəgötürən və işçilər arasında olan əmək mübahisələri də çox mürəkkəb məsələlərdir. Bunları niyə deyirəm? Çünki bəzən barışıq sazişlərinin alınmasına mane olan tərəflər olur, bəzi hallarda tərəfi tətikləyən xidmətçilər tərəfləri mediasiya proseslərində iştirak etməkdən çəkindirir. Bu, əlbəttə ki, yaxşı hal deyil. Bir çox hallarda vətəndaşın xeyrinə olan mediasiya prosesləri vətəndaşın xidmətçisi tərəfindən düzgün izah edilmədiyindən də vətəndaş yaxud da mediasiyaya müraciət edən tərəf mediasiyanın üstünlüyündən faydala bilmir. Bu, bizim hələ ki, mövcud qayğılarımız sırasına daxildir.

Amma ötənilki təcrübəmizlə müqayisə etdikdə görürük ki, biz əgər ötən il mediatorlar tərəfindən yalnız arayışların verilməsi məsələləri ilə ciddi mübarizə aparırdıqsa, artıq bu mərhələni demək olar ki, geridə qoyuruq. Belə ki, artıq mediatorlar da, hüquqşünaslar da, cəmiyyət də mediasiyada imzalanan barışıq sazişinin məzmununa köklənib. Yəni artıq, “Arayışımı ver, gedim məhkəməyə” fəlsəfəsi geridə qalır. Bu gün işinə hörmət edən hər bir hüquqşünas mübahisənin mediasiya yolu ilə qısa həlli yolunu seçir”.

Mediasiya Şurasının İdarə Heyətinin sədrinin sözlərinə görə, ən sevindirici hal odur ki, bir daha qeyd edirəm, arayışların verilməsi deyil, barışıq sazişlərinin məzmunu məsələləri mediator və hüquqşünaslar arasında çox ciddi müzakirə edilir və ciddi barışıq sazişləri əldə edilir. Bu bizi sevindirir. Barışıq sazişlərinin məzmunu məsələsində tərəflər qanunvericilik çərçivəsində, qanunu pozmayan bütün hallarda hüdudsuz imkanlara malikdirlər. Eyni zamanda bunu da qeyd etmək zəruridir ki, barışıq sazişlərinin imzalanması cəmiyyətimizdə hüquq mədəniyyətini yüksəldir, münaqişənin səviyyəsini kəskin azaldır, münaqişə tərəflərinin özlərinin üzərinə mənəvi öhdəliklər qoyur. Dövlət bu gün mediasiyaya müraciət edən tərəflərə – bu istər ailə mübahisələri olsun, istər əmək, istərsə də kommersiya, - özlərinin qərar qəbul etmə səlahiyyəti verib. Əgər tərəflərə Qanun bu imkanı veribsə, sonradan məhkəmənin qəbul edəcəyi hər hansı bir qərar barədə tərəflərin narazı qalmağa nəinki hüquqi əsası olmur, hətta mənəvi əsası da olmur. Çünki məhkəmədən öncə dövlət vətəndaşa heç bir inzibati müdaxilə, heç bir kənar elementin qərarı olmadan tərəfin özünün qərar qəbul etməsi üçün geniş imkanlar verir.

“Bəzi hallarda mediasiyada iştirak etmək istəməyən tərəflər sonradan onlar barədə qəbul edilən məhkəmə qərarından narazı qalırlar. Axı Qanun şərait yaradıb ki, tərəflər mediasiyada problemlərini özləri həll etsinlər; edə bilməsələr, məhkəmələrin qapısı hər zaman açıqdır. Yox əgər özün problemini həll edə bilməmisənsə, hansı səbəbdən qanuni qüvvəyə minmiş və qanuna əsaslanan qərardan narazı qalırsan?

Yəni bunu deməkdə məqsədim ondan ibarətdir ki, bu gün mediasiyada tərəf və ya tərəflər özləri qərar qəbul edir. İstədikləri və gözlədikləri ən ədalətli qərarı tərəflərin özlərinin qəbul etməsi üçün onlara kifayət qədər hüquq və vəzifələr verilib.

Mən mediasiyaya müraciət edən bütün tərəfləri keyfiyyətli barışıq sazişləri əldə etməyə dəvət edirəm. Əgər hər hansı tərəfin bizim xidmətlərdən şikayəti olarsa, böyük məmnuniyyətlə həmin tərəflərlə şəxsən görüşməkdən və problemlərinə dəstək olmaqdan şad olardım”,- deyə N. Adilov qeyd edib./Azvision.az
Geri qayıt