Bakıda hərbi sursat, Naxçıvanda top mərmisi tapılıb

Bakıda hərbi sursat, Naxçıvanda top mərmisi tapılıb
Bakı şəhərinin Nərimanov rayonunda hərbi sursat aşkar edilib.
Yenilik.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı bir ədəd RQ-42 əl qumbarası və partladıcısı, bir ədəd PQ-7 70 mm-lik qumbaraatan mərmisinin partladıcısı, 10 ədəd 12 mm-lik tüfəng mərmisi, 15 ədəd 9x18 mm-lik, 12 ədəd 9x19 mm-lik kiçik çaplı silah mərmisi və 10 ədəd 5,45 mm-lik avtomat mərmisi olduğu müəyyən edilib.
Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Bundan əlavə, “112” qaynar telefon xəttinə daxil olmuş zəng əsasında Naxçıvan şəhərində aşkar edilmiş bir ədəd 85 mm-lik kameralı zirehdələn top mərmisi Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri tərəfindən müvafiq qaydada ərazidən götürülərək kənarlaşdırılıb.
Geri qayıt