Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi 2024-cü ilin ikinci yarısında başa çatdırılacaq

Layihənin ətraf mühitə təsirlərinin qiymətləndirilməsi sənədini hazırlayan "Geoexpert Consulting” MMC-nin direktor müavini Azad Məcidov isə vurğulayıb ki, yol tikintisinin 2024-cü ilin ikinci yarısında yekunlaşması planlaşdırılır. "Artıq layihənin böyük bir hissəsi həyata keçirilib. Yolun çəkilməsində minalanmış ərazilər böyük problemlər yaradaraq prosesi bir qədər yubatmışdı. Hərəkətin intensivliyi nəzərə alınaraq yolun Tuğ dairəsinədək olan 48 kilometrlik hissəsi altı, Şuşa şəhərinə qədər olan 33,7 kilometrlik hissəsi isə dörd hərəkət zolağından ibarət olacaq. Sözügedən yol Zəfər yoluna paraleldir. Bu yolun çəkilməsində əsas məqsəd Zəfər yolunda mövcud olan kəskin döngələrin böyük maşınlar və ağır texnikanın hərəkəti üçün təhlükəli olmasıdır. Yeni çəkilən yolda həmin həssas yerlər daha rahat formaya salınıb və 11 körpü çəkilib, onlardan 9-nun tikintisi başa çatıb. Yolda ümumi olaraq 35 keçid var və bu keçidlər heyvanların istifadəsi üçün də nəzərdə tutulub. Eyni zamanda, su axıntısı üçün suötürücü qurğular quraşdırılıb. Bundan başqa yolda 9 viyadük, 7 tunel, 203 dairəvi və düz bucaqlı boru, 35 keçid, 7 qovşaq, 2 ödəniş nöqtəsi fəaliyyət göstərəcək”, - deyə şirkət rəsmisi bildirib.
Həmçinin qeyd olunub ki, Əhmədbəyli-Füzuli—Şuşa avtomobil yolunun tikintisi zamanı layihə altına düşən torpağın üst münbit qatı əkinçilik və yaşıllığın bərpasında nəzərdə tutulmaqla səmərəli istifadə ediləcək. Yolun yamaclarındakı bitki qatı bərpa edilib, bu isə gələcəkdə həmin torpaqların eroziyasınının qarşısını alacaq.
İctimai dinləmədə layihənin Qarabağ bölgəsində həyata keçirilməsi və strateji əhəmiyyəti nəzərə alınaraq qısa müddət ərzində ekspertizasının aparılması barədə ümumi razılığa gəlinib.


