Vəkil: Əfv Sərəncamı dövlətin vətəndaşlarına göstərdiyi qayğı və etibarın açıq ifadəsidir

Vəkil: Əfv Sərəncamı dövlətin vətəndaşlarına göstərdiyi qayğı və etibarın açıq ifadəsidir Prezident İlham Əliyevin imzaladığı Əfv Sərəncamı ölkəmizin hüquq sistemində humanizm və ədalət prinsiplərinin möhkəmləndirilməsinin bariz nümunəsidir.
Bunu Sumqayıt Regional Vəkil Bürosunun müdiri Anar Qasımlı Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamla bağlı "İki sahil"ə açıqlamasında deyib.

"Bu sərəncamla 154 nəfər əfv olunub, bunlardan 63 nəfər tam azad edilib, 52 nəfərin cəzası yarıya endirilib. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 28 nəfər cəzalarının çəkilməmiş hissəsindən azad olunub, və 1 nəfər isə tamamilə cəzadan azad edilib. Bu, dövlətin vətəndaşlarına göstərdiyi qayğı və etibarın açıq ifadəsidir", - A.Qasımlı bildirib.

O, həmçinin əlavə edib ki, bu addım Əfv olunan şəxslərin cəmiyyətə yenidən inteqrasiya olunmasına, onların sosial və iqtisadi həyatlarına yenidən başlamağa imkan verir: “Əfv olunanlar arasında sosial və iqtisadi çətinliklər səbəbindən cinayət törədənlərin də olması onların yenidən inteqrasiya prosesində dövlətin və cəmiyyətin dəstəyinə ehtiyacının olduğunu göstərir. Bu addım Azərbaycan xalqının humanizm dəyərlərinə sadiqliyini və vətəndaşlarının rifahını ön planda tutduğunu bir daha sübut edir."

Anar Qasımlı Əfv Sərəncamının cəmiyyətin inkişafına və milli həmrəyliyə xidmət etdiyini vurğulayaraq, əfv olunan şəxslərin yenidən cəmiyyətə qayıdaraq faydalı vətəndaşlar olmasına şərait yaratdığını qeyd edib. O, Prezident İlham Əliyevin bu addımını yüksək qiymətləndirib və bu qərarın Azərbaycan xalqı tərəfindən də rəğbətlə qarşılandığını bildirib: "Bu sərəncam, eyni zamanda, hüquq sistemimizin humanist dəyərlərə əsaslandığını və dövlətin vətəndaşlarının hüquq və azadlıqlarına verdiyi yüksək dəyəri göstərir. Əfv olunan şəxslərin gələcəkdə cəmiyyətə fəal və müsbət töhfələr vermələri üçün bu addım onlara bir şans olaraq verilir. Vəkil kimi bu qərarı yüksək qiymətləndirir və əfv olunan şəxslərin cəmiyyətə uğurla inteqrasiya olunması üçün dəstək olmağa hazırıq"./“İki sahil”
Geri qayıt