Prezident İlham Əliyevin çoxvektorlu siyasi xətti coğrafi məkan tanımır - ŞƏRH

O bildirib ki, Prezident İlham Əliyevin ötən həftə Qahirəyə səfəri Azərbaycan-Misir münasibətləri tarixində yeni mərhələdir. “Hər iki ölkənin bu münasibətləri ən yüksək səviyyəyə qaldırmaq üçün həm siyasi iradəsi, həm iqtisadi potensialı, həm də nəqliyyat-tranzit imkanları var. Azərbaycan və Misir çox əlverişli coğrafi mövqelərdə yerləşməklə Asiyanı Avropaya, Avropanı Afrikaya və Yaxın Şərqə bağlamaq imkanlarına sahibdirlər. Lakin bu ölkələri bağlayan, birləşdirən yalnız iqtisadi və siyasi maraqlar deyil. Mənəvi dəyərlər, ən başlıcası isə böyük İslam dini Azərbaycan və Misir xalqlarını yaxınlaşdıran, həmrəy edən böyük amillərdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin Misirə səfəri zamanı Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyiblə görüşü də baş tutdu. Bundan əlavə, Azərbaycanda fəaliyyət göstərən Misir Mədəniyyət Mərkəzinin xətti ilə həyata keçirilən çoxşaxəli tədbirlər, elm, təhsil, mədəniyyət və incəsənət xadimlərinin qarşılıqlı səfərləri və digər hadisələr iki ölkə arasındakı əlaqələrin dinamikasını göstərən nümunələrdir”, - deyə o qeyd edib.
Siyasi şərhçi diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin çoxşaxəli və çoxvektorlu siyasi xətti coğrafi məkan tanımır. Planetin bütün qitələrini əhatə edən bu siyasi xətt uzaqları yaxın etməklə, dostlarımızın sayını çoxaltmaqla düşmənlərimizin də ətrafını daraltmaqdadır. Artıq dünənə qədər asıb-kəsən, bizə diş qıcayan ən böyük dövlətlər belə bu gün Azərbaycanla bağlı siyasətlərinə yenidən baxmaq barədə düşünməyə başlayıblar. Bu, artıq qələbədir: haqqın, həqiqətin və sağlam düşüncənin qələbəsi!