Gürcüstan olaylarını Bakıya daşımaq cəhdi - Xəyanətin "inkasatorluq" forması

Qeyd edək ki, bundan əvvəl “Toplum TV”, “Abzas Media” əməkdaşları üçün də bu cür tədbirlər həyata keçirilmiş və eyni istiqamət üzrə aparılan istintaq tədbirləri zamanı çoxsaylı qanun pozuntuları müəyyən edilib. Vətəninə qarşı xəyanət yolu tutan bu insanlar və qanunsuz fəaliyyətlərdə iştirak edənlər sözsüz ki, qanun qarşısında cavab verməlidirlər.
Qərb ölkələri Azərbaycanda illərdir eyni çirkin ssenarini həyata keçirməyə cəhd edir, mənfur planlarının reallaşmasına çalışırlar. Məqsəd isə bəllidir: ölkəmizdə siyasi sabitliyi pozmaq, xalqla dövləti üz-üzə qoymaq... Adlarını çəkdiyimiz media qurumlarında aparılan araşdırmalar zamanı Qərbin Azərbaycanla bağlı məkrli planları faktlarla üzə çıxarılıb. Məsələn, "Toplum TV"-nin ofisində axtarış-əməliyyat tədbirlərinin həyata keçirilməsi zamanı Qərb institutları tərəfindən Azərbaycan qanunlarına zidd şəkildə medianın, jurnalistlərin və ayrı-ayrı şəxslərin maliyyələşdirilməsinə dair ciddi sübutlar müəyyən edilib. Ölkəmizdə yaradılmış söz azadlığından, habelə dövlətin ədalətli siyasətindən sui-istifadə edən belə qurumlar mənəviyyatlarını itirərək, Qərbin bu oyununa gəlib satqınlıq nümayiş etdirirlər.
Zamanla ABŞ-nin bir sıra ölkələrdə sabitliyi pozmaq, insanlar arasında qanlı qarşıdurmalar yaratmaq cəhdlərinə də çox rast gəlmişik. Yeri gəlmişkən qeyd edək ki, oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərindən sonra bu ölkədə də Qərbin dəstəyi ilə qarşıdurmalar başlayıb. Qərbin “maşa”sı ilə hərəkət edən gürcü müxalifəti insanları mitinqə çağırır, ölkədə çaxnaşma yaradır. Görünür Gürcüstan dövlətinin başına gətirdikləri bu hadisələrdən “ruhlanan” Qərb dairələri, bu çaxnaşmaları Azərbaycana da transfer etmək həvəsinə düşüblər. Bu məqsədlə də qanunsuz maliyyə maxinasiyaları həyata keçirir, xəyanət yolu tutanların iştirakı ilə "inkasator" şəbəkələri yaradırlar... Sözsüz ki, hansı çirkin əməllərə əl atırlar atsınlar, ölkəmizə qarşı həyata keçirmək istədikləri ssenarilər baş tutmayacaq! Ölkəmizdə yürüdülən və bilavasitə milli maraqlara söykənən siyasət, yüksək təhlükəsizlik tədbirləri bu kimi təhdidlərin və müdaxilə cəhdlərinin qarşısını birmənalı olaraq alacaq.
Nurlana Əhmədova
Missiya.Az