AzTV diletantların əlində oyuncağa və asan qazanc mənbəyinə çevrilib

AzTV diletantların əlində oyuncağa və asan qazanc mənbəyinə çevrilib
“Azərbaycan televiziyası Azərbaycan Xalqının milli sərvətidir” (Heydər Əliyev) – Bu yazı illərdir Aztv-nin girişində həm çalışanları, həm kanala qonaq qismində gələn insanları salamlayır və hansı sənət məbədinə daxil olduqlarını bir daha bəyan edir.
Əfsuslar olsun ki, milli sərvətimiz olan televiziya bu gün diletantların əlində oyuncağa və asan qazanc mənbəyinə çevrilib. AzTV-nin hazırkı rəhbəri Rövşən Məmmədov və “kreativ” ətrafı, yəni Nazilə Babayeva və komandası, Ranar Musayev və komandası heç bir rejissorluq təhsili olmadan AzTV-yə illərini vermiş rejissor və müəlliflərə meydan oxuyurlar. “İt hürər, karvan keçər” misalı isə Nazilə Babayevanın dilindən düşmür ki, düşmür. Azərbaycan televiziyasının Baş prodüserinin, Rövşən Məmmədovun sevimlisi və müdafiəçisi N.Babayevanın səviyyəsini, təhsilini, tərbiyəsini bu kəlmə və yazılar bir daha üzə çıxarır. Əli Həsənovun vəzifədən getməsilə R.Məmmədov və komandasının itli, karvanlı söhbətləri bitmir ki, bitmir…

“Ağ qara” (Белая студия), “Gün başladı” (Çağla ile Yeni Bir Gün) və başqa verilişlərin layihə rəhbəri olan Nazilə Babayeva AzTV-nin 64 illik fəaliyyətinin üstündən xətt çəkib xarici ölkə telekanallarından copy-paste etdiyi “bu böyük işlərini” nəzərdə tutur? Oğurluq verilişlərlə efiri doldurduğunuz kimi CİBLƏRİNİZİ də yetərincə insanların haqqına girib doldurursunuz. İxtisasca “filoloq” olan N.Babayeva hamısı sözünün yazılış qaydasını belə bilmir, da və dəni nə zaman ayrı, nə zaman bitişik yazmalı olduğundan bixəbərdir. İllərdir rejissor kimi çalışan, özünü peşəkar adlandıran Nazilə xanımın özünü sevimli sədri Rövşən Məmmədovun yolunda həlak etməsi yəqin ki, ona olan rəğbətiylə bağlı deyil – jurnalistlər üçün tikilən 3-cü binada özünə mənzil istəyən, Rövşən Məmmədovun ev siyahısında adı birincilər sırasında olan, aylıq gəliri 8000 AZN–dən yüksək olan məvacibindən məhrum olmamaq yanğısı Nazilə xanımı Rövşən Məmmədovun yolunda insanları itə, çaqqala bənzətməyə vadar edir.
Allaha şükür, Nazilə Babayevanın nitq qabiliyyətindən, danışıq manerasından, insanlara müraciət üslubundan yazmağa belə ehtiyac yoxdur. Çünki bunu AzTV-də hamı ÇOX GÖZƏL bilir. Azərbaycan məkanında öndə getməli olan kanala rəhbərlik edən Rövşən Məmmədov aparıcısı olduğu “Həftə” analitik proqramında tez-tez dediyi kəlmələri heyiflər olsun ki, unudur. Azərbaycançılıq, humanizm, vətən və sair…

AzTV-də çalışan hər kəs təkcə kanalın deyil, bu ölkənin insanıdır. Son il yarımda AzTV-ni NAZ TV-yə çevirən Rövşən müəllim! Həm AzTV-nin, həm də özünüzün açarını nazilələrə, ranarlara, sərvərlərə, mehribanlara, ilhamələrə, zemfiralara verib kreslonuzdan bərk-bərk yapışsanız da faydası yoxdur. Təyin olunduğunuz gündən əməkdaşların maaşlarını, qonorarlarını kəsib, verilişlərini bağlayıb nazilələri, sərvərləri və başqalarını yedizdirirsiniz. Qarınlarını doyurduğunuz bu insancıqlar 64 illik AzTV-nin arxivində qorunub saxlanılan dahi şəxsiyyətlərə dair verilişləri heç bir zaman çəkib ortalığa çıxara bilməzlər. Elə siz özünüz də.
N.Babayevanın həm sürücüsü, həm verilişlərinin aparıcısı, aktyoru, təzəlikcə N.Babayevanın əli ilə AzTV-də “Dublyaj” redaksiyasının Baş redaktoru təyin olunan Kamran Ağabalayev kimilər, sən demə, Azərbaycan televiziyasının tarixini yazırmış.
Ana televiziyanın özülünü qoymuş rejissorları – Rauf Kazımovski, Arif Babayev, Ağəli Dadaşov, Kamil Rüstəmbəyov kimi böyük sənətkarları, peşəkarları Nazilə, Rövşən kimilər silməyə çalışsalar da, özlərini biabır etməkdən başqa heç nə əldə edə bilməyəcəklər. Görkəmli ədiblər və musiqiçilər – Məmməd Səid Ordubadi, Müslüm Maqomayev, İlyas Əfəndiyev, Ənvər Əlibəyli, Seyfəddin Dağlı, Nəbi Xəzri, Ənvər Məmmədxanlı və başqaları Ana televiziyamızın və milli radiomuzun astanasında durmuş ziyalılar olublar.
Çirkli işlərdən, pullardan, murdar əməllərdən danışan Nazilə xanım, Rövşən müəllim, əminik ki, respublikamızda son aylarda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və DTX-nın keçirdiyi əməliyyat tədbirləri sizdən də yan keçməyəcək.
Unutmayın ki, keçmişini dananın gələcəyi olmaz!
Nocomment.az
Geri qayıt