"Rəsulzadənin adının belə bir müqayisədə çəkilməsi tarixi şəxsiyyətlərimizin dəyərsizləşdirilməsinə xidmət edir" AÇIQLAMA

"Rəsulzadənin adının belə bir müqayisədə çəkilməsi tarixi şəxsiyyətlərimizin dəyərsizləşdirilməsinə xidmət edir" AÇIQLAMA Sosial şəbəkələrdə "Milli Şura-AXCP"nin növbəti videokonfrans formatındakı iclasının görüntüləri yayılıb. Qeyd edək ki, bundan əvvəl yayılan videolardan da görünürdü ki, həmin toplantılarda ciddi məsələlər müzakirə edilmir. Qeybətxananı xatırladan sonuncu videotoplantıda “Milli Şura” üzvləri növbəti "şou-proqramlarını" təqdim ediblər.
Budəfəki söhbətlərində yenə onlar bir-birinə etiraz ediblər. Videokonfransda Əli Kərimlinin Rahim Hacıyev tərəfindən "zəmanəmizin Rəsulzadəsi" adlandırılmasına Cəmil Həsənli və Vidadi Mirkamal etiraz edib. Qənimət Zahid isə ironiya ilə “Yaxşı, bəylər, Topçubaşov. Allah xeyir versin” replikasını atıb. Bir-birini tərifləməyə etiraz edən "Milli Şura" üzvləri guya bu yolla dəyər itirdiklərini deyiblər. Qənimət Zahid Əli Kərimliyə qarşı şiddətin təşkilinin ona, AXCP yə və "Milli Şuraya" dividendlər qazandırdığı, onların təbliğatına kömək etdiyini, onlara siyasi qazanc gətirdiyini də etiraf edib. Əli Kərimlinin Rəsulzadə ilə eyniləşdirilməsinə "Milli Şura"dan olan etirazlar nə ilə bağlıdır? Müqayisənin yersiz olduğu həqiqətən başa düşülür, yoxsa bu, Əli Kərimliyə silahdaşlarının qısqançlığından irəli gəlir?
Məsələ ilə bağlı “Resurs” Analitik İnformasiya Mərkəzinin rəhbəri Rasim Quliyev SİA-ya açıqlamasında bildirib ki, “Milli Şura” adlı təsisat hələ 2013-ci ildə Azərbaycanda keçirilən prezident seçkiləri ərəfəsində xarici qüvvələrin sifarişi ilə yaranmışdı. 2013-cü ildə keçirilən prezident seçkilərinə “Milli Şura” adlı qondarma qurumla qoşulan radikal müxalifətin əslində əsas məqsədi seçkiləri pozmaq, ölkədə qarşıdurma yaratmaq idi. Həmin quruma toplaşanlara, nəinki xalqın, hətta, müxalifət nümayəndələrinin özlərinin də inamı yox idi. Çünki “Milli Şura” xarici düşmənlərimizin ideyası əsasında yaradılmışdı, əsas vəzifəsi də müstəqil dövlətimizin beynəlxalq aləmdəki mövqelərinə xələl gətirməyə köklənmişdi. Bu quruma toplaşanların ermənipərəst mövqeyi isə hamıya bəlli idi. Bu mənada hesab edirəm ki, belə təşkilatdan ciddi nəsə gözləməyə də dəyməz. Onların əsas işi-gücü arada yığışıb çayxana səviyyəsində dedi-qodu etməkdir. Bunları, hətta “Qeybət Şurası” da adlandırmaq olar. Çünki onların indiyədək keçirdikləri hər bir iclas yalnız qeybətə hesablanıb və bununla da gündəmdə qalmağa çalışıblar. İctimai-siyasi proseslərə təsir imkanları olmayan "milli şura"çılar bu gün videokonfrans formatında yığışaraq mənasız söhbətlər edir, siyasətə, cəmiyyətə aid olmayan mövzulardan danışırlar. Rəsulzadənin adının belə bir müqayisədə çəkilməsi isə tariximizdə olan şəxsiyyətlərimizin dəyərsizləşdirilməsinə xidmət edir. Onların hərəkətləri cəmiyyətdə daha çox ikrah hissi yaradır. Elə öz aralarında da çəkişmələrə, didişmələrə səbəb olur. Belə son onlayn toplantıların birində Rahim Hacıyev adlı birinin Əli Kərimlini "zəmanəmizin Rəsulzadəsi" elan etməsi heç bir çərçivəyə sığmır. İroniya doğuran bu iddiaya Cəmil Həsənlinin və Vidadi Mirkamalın etiraz etməsi bu qurumun hansı vəziyyətdə olduğunu ictimaiyyətə açıb göstərir. Qənimət Zahidin Əli Kərimliyə qarşı şiddətin təşkilinin həm ona, həm AXCP-yə, həm də "Milli Şura"ya dividentlər qazandırdığı deməsi, bir daha onların mübarizəsinin qarın davası, şəxsi maraqlar davası olduğunu sübut edir".

Geri qayıt