Heydər Əliyev siyasətinin təntənəsi: müstəqil, suveren və qalib Azərbaycan
Azərbaycanın müasir dövlətçilik tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə ayrılmaz şəkildə bağlıdır. Onun həyat və fəaliyyəti təkcə müəyyən bir dövrün deyil, bütövlükdə müstəqil Azərbaycan dövlətinin formalaşması, qorunması və inkişafının əsas sütunlarından birini təşkil edir. Məhz buna görə də bu gün qüdrətli, müstəqil və suveren Azərbaycan Heydər Əliyev siyasi kursunun təntənəsi kimi dəyərləndirilir.
1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilən Heydər Əliyev respublikanın inkişafında yeni mərhələnin əsasını qoydu. Həmin dövrdə sənaye, kənd təsərrüfatı, elm, təhsil və mədəniyyət sahələrində genişmiqyaslı islahatlar həyata keçirildi, yeni zavod və fabriklər istifadəyə verildi, minlərlə azərbaycanlı gəncin SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil alması təmin edildi. Milli kadr potensialının formalaşdırılması, Azərbaycan dilinə və milli-mənəvi dəyərlərə göstərilən xüsusi diqqət gələcək müstəqil dövlətçiliyin ideoloji əsaslarını yaratdı.
1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan ciddi siyasi, iqtisadi və hərbi böhranlarla üz-üzə qaldı. Xüsusilə AXC-Müsavat hakimiyyəti dövründə ölkədə dərin idarəçilik böhranı hökm sürürdü. Hakimiyyət daxilində qarşıdurmalar, nizami ordunun formalaşdırılmasında yol verilən səhvlər, təcrübəsiz idarəetmə, iqtisadi tənəzzül və separatizm meyilləri Azərbaycan dövlətçiliyini real təhlükə ilə qarşı-qarşıya qoymuşdu. Ölkədə vətəndaş qarşıdurması təhlükəsi yaranmış, dövlətin parçalanması ehtimalı güclənmişdi.
Belə bir ağır şəraitdə xalqın təkidli tələbi ilə 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi. Ulu Öndər qısa müddətdə siyasi sabitliyi təmin etdi, separatçı meyillərin qarşısını aldı, dövlət çevrilişi cəhdlərini dəf etdi və ölkədə hüquqi dövlət quruculuğunun əsasını qoydu. 1994-cü ilin oktyabr və 1995-ci ilin mart hadisələrinin qarşısının alınması dövlətçiliyin qorunması baxımından mühüm tarixi əhəmiyyət daşıyırdı.
Eyni zamanda, məhz Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın neft strategiyası müəyyənləşdirildi, "Əsrin müqaviləsi" imzalandı, xarici investisiyalar ölkəyə cəlb edildi, beynəlxalq münasibətlərdə balanslaşdırılmış siyasət həyata keçirildi və Azərbaycanın uzunmüddətli inkişaf konsepsiyası formalaşdırıldı. Bu siyasət sonrakı dövrdə ölkənin iqtisadi qüdrətinin və hərbi potensialının güclənməsinin əsasını təşkil etdi.
2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən Heydər Əliyev siyasi kursu ardıcıl şəkildə davam etdirildi. İqtisadi islahatlar, müasir infrastrukturun yaradılması, güclü ordunun formalaşdırılması, beynəlxalq nüfuzun yüksəldilməsi və milli maraqlara əsaslanan müstəqil xarici siyasət Azərbaycanın regionun aparıcı dövlətinə çevrilməsini təmin etdi. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycanda əldə olunan bütün uğurlar Heydər Əliyev siyasətinin davamının nəticəsidir.
2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər və 2023-cü ilin antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa olundu. Beləliklə, uzun illər ərzində formalaşdırılan siyasi, iqtisadi və hərbi potensial öz bəhrəsini verdi. Qarabağda qazanılmış tarixi qələbə, əslində, Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin məntiqi nəticəsi oldu.
Bu gün Azərbaycan beynəlxalq aləmdə müstəqil qərarlar qəbul edən, milli maraqlarını qətiyyətlə müdafiə edən, ərazi bütövlüyünü və suverenliyini təmin etmiş güclü dövlət kimi tanınır. Dövlətçiliyimizin möhkəm təməli, iqtisadi inkişaf, siyasi sabitlik, milli həmrəylik və tarixi Zəfərlər göstərir ki, müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin siyasi irsinin ən parlaq təcəssümü və Heydər Əliyev siyasətinin təntənəsidir.
Tarix təsdiq edir ki, uzaqgörən liderlərin müəyyən etdiyi strateji xətt xalqların taleyini dəyişir. Azərbaycanın bugünkü uğurları da məhz Heydər Əliyev ideyalarının Prezident İlham Əliyev tərəfindən dövrün çağırışlarına uyğun şəkildə davam etdirilməsi nəticəsində mümkün olmuşdur.
Xanlar Sətullayev
