Əliməmməd Nuriyev: "Bu gün vəkillik institutu tamamilə fərqli mərhələdədir"

Əliməmməd Nuriyev: Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev Vəkillər Kollegiyasın sədri Anar Bağırovun 50 illik yubileyi ilə bağlı sosial şəbəkədə paylaşım edib.
E-huquq.az paylaşımı təqdim edir:
"Dəyərli Anar müəllim, Əziz dostum!
50 illik yubileyiniz münasibətilə Sizi təbrik edirəm.
Bu gün Sizin haqqında düşünəndə ağlıma ilk növbədə yaş deyil, keçdiyiniz yol gəlir. Çünki insanın ömrü bəzən təqvimlə deyil, gördüyü işlərlə ölçülür. Uzun illərdir Sizi tanıyıram. Müxtəlif dövrlərdə, müxtəlif şəraitlərdə fəaliyyətinizi izləmək imkanım olub. Bu illər ərzində bir həqiqətə dəfələrlə şahid olmuşam. Siz heç vaxt məsuliyyətdən yayınan insan olmamısınız. Çətin qərarlar vermək lazım gələndə də, ən asan yolu deyil, doğru bildiyiniz yolu seçmisiniz. Azərbaycan vəkilliyinin son iyirmi ildə keçdiyi yolu izləyən insanlardan biri kimi hesab edirəm ki, bu gün əldə olunan nəticələr təsadüfi deyil. Bir vaxtlar öz nüfuzu, təsir imkanları və ictimai etimadı ilə bağlı ciddi problemlərlə üzləşən vəkillik institutu bu gün tamamilə fərqli mərhələdədir. Bu dəyişikliklərin arxasında dayanan insanların sırasında Sizin xüsusi yeriniz var. Vəkillər Kollegiyasına rəhbərlik etdiyiniz dövr təkcə institusional inkişaf dövrü deyil, həm də vəkillik peşəsinin cəmiyyətdə nüfuzunun artdığı, hüquqi yardımın əhatəsinin genişləndiyi və peşəkar vəkillik korpusunun formalaşdığı bir mərhələ kimi yadda qalacaq. Lakin insanın əsl dəyəri yalnız gördüyü işlərdə deyil, həmin işləri görərkən özünü necə qoruyub saxlamasında üzə çıxır. İllər keçdikcə bir həqiqəti daha yaxşı anlayırsan: vəzifələr dəyişir, səlahiyyətlər dəyişir, zaman dəyişir. Dəyişməyən isə insanın xarakteridir. Mənim üçün Sizin ən böyük üstünlüyünüz də məhz budur. Qazandığınız mövqelər Sizi dəyişmədi. Dostluğa sədaqətiniz, insanlara münasibətiniz və ləyaqət hissiniz həmişə olduğu kimi qaldı. Həyatda elə insanlar var ki, onların uğurlarına hörmət edirsən. Elələri də var ki, həm uğurlarına hörmət edir, həm də onları dost adlandırmaqdan qürur duyursan. Siz həmin insanlardansınız.
İnsan ömrünün dəyəri yaşadığı illərlə deyil, həmin illərdə nəyi dəyişə bilməsi ilə ölçülür. Siz 50 ilə yalnız bir ömür deyil, həm də Azərbaycan vəkilliyinin tarixində silinməyəcək bir səhifə yaza bilmisiniz.
Sizə möhkəm can sağlığı, ailə səadəti, daxili rahatlıq və hələ uzun illər Azərbaycan hüquq sisteminə, vəkilliyin inkişafına xidmət etmək gücü arzulayıram.
50 yaşınız mübarək olsun, əziz dostum!"

Geri qayıt