Azərbaycan Almaniya ilə əlaqələrini neft və qazdan kənara çıxararaq dərinləşdirir
Euronews.com Azərbaycan-Almaniya münasibətləri ilə bağlı məqalə dərc edib. Yenilik.az həmin məqaləni təqdim edir:
250-dən çox Almaniya şirkəti hazırda Azərbaycanda istehsalat, logistika və tikinti sahələrini əhatə etməklə fəaliyyət göstərir.
Avropa öz təchizat zəncirlərini Rusiyadan kənarlaşdıraraq şaxələndirməyə çalışdığı bir vaxtda, Azərbaycanın Almaniya ilə münasibətləri enerjidən kənara çıxır və hər iki ölkə sənaye və logistika sahələrində əlaqələri dərinləşdirir.
"CASPIA" Analitik Mərkəzinin direktoru Orxan Yolçuyev bildirib: "Azərbaycan Almaniya tərəfindən tədricən yalnız enerji təchizatçısı kimi qəbul edilməkdən çıxır və daha çox yeni Avrasiya sənaye və logistika meynstreaminin (arxitekturasının) tərkib hissəsinə çevrilir."
Yolçuyevin sözlərinə görə, Almaniyadan sənaye avadanlıqları, maşınqayırma məhsulları və nəqliyyat sistemlərinin ixracı hesabına iki ölkə arasında ikitərəfli ticarət dövriyyəsi 2025-ci ildə təxminən 1,7 milyard avroya çatıb.
Hazırda Azərbaycanda istehsalat, tikinti, logistika və enerji sahələrini əhatə edən 250-dən çox Almaniya şirkəti fəaliyyət göstərir.
Bu keçid, Avropanın Rusiyanın Ukraynaya tammiqyaslı hücumundan sonra Rusiya enerjisindən asılılığı azaltmaq üçün ümumi səylərinin tərkib hissəsi olaraq, Azərbaycanın 2026-cı ilin əvvəlindən Almaniya və Avstriyaya birbaşa qaz nəqlinə başlaması ilə daha da sürətlənib.
Enerjidən kənarda
Yolçuyev qeyd edib ki, real dəyişiklik ticarət göstəricilərində deyil, onların nəyi ifadə etməsindədir.
O, Almaniyanın yeni ixrac bazarlarına və daha davamlı təchizat şəbəkələrinə ehtiyac duyduğuna diqqət çəkərək bildirib: "Bu göstəricilər ikitərəfli münasibətlərin sənaye əməkdaşlığının daha yüksək səviyyəsinə doğru inkişaf etdiyini göstərir."
Artıq Azərbaycanda fəal olan Almaniya şirkətləri tezliklə ölkənin bərpa proqramlarına və xüsusilə mühəndislik, nəqliyyat, bərpa olunan enerji və qabaqcıl istehsalat kimi genişlənən sənaye zonalarına cəlb oluna bilər.
Bu dəyişikliyin böyük hissəsi Çin və Mərkəzi Asiyanı Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropa ilə birləşdirən nəqliyyat marşrutu — Orta Dəhlizdən keçir.
Rusiyanın Ukraynadakı müharibəsi bu marşrutun əhəmiyyətini daha da artırıb, çünki Avropa şirkətləri təchizat zəncirlərini dayanmalardan qoruyan alternativlər axtarırlar.
Azərbaycan dəniz və dəmir yolu əlaqələri ilə bu transkontinental marşrutda getdikcə daha mərkəzi rol oynayaraq onun logistik mərkəzində yer alır.
Yolçuyev bildirib ki, dəhlizin dəyəri karqo həcmindən çox, onun nə daşımasındadır:
"Avtomobil komponentləri, sənaye maşınları, elektrik avadanlıqları, elektronika və ya kimyəvi məhsullar kimi yüksək əlavə dəyərli məhsulların payı nə qədər yüksək olarsa, marşrutun iqtisadi səmərəliliyi də bir o qədər böyük olar," — deyə o, Ələt Azad İqtisadi Zonası və Bakı Limanının genişləndirilməsinin yeni istehsal və logistika investisiyalarının hərəkətverici qüvvəsi olduğunu vurğulayıb.
Enerji hələ də mərkəzdədir
Əməkdaşlığın əhatə dairəsinin genişlənməsinə baxmayaraq, enerji mərkəzi mövqeyini qoruyub saxlayır. Azərbaycan özünü etibarlı qaz təchizatçısı kimi mövqeləndirib və 2026-cı ilin əvvəlindən Almaniya və Avstriyaya birbaşa qaz göndərir.
Avropa və Amerika Tədqiqatları İnstitutunun qeyri-rezident elmi işçisi Fərid Şükürlü Rusiyanın hücumunun dönüm nöqtəsi olduğunu bildirib:
"Ənənəvi olaraq Azərbaycan ilə Almaniya arasında iqtisadi əlaqələr məhdud sayda sahələrdə, o cümlədən ağır maşınqayırma, avtomobil və əczaçılıq sektorlarında cəmləşmişdi," — deyə o qeyd edib.
"Lakin Rusiyanın Ukraynaya tammiqyaslı hücumu ikitərəfli iqtisadi münasibətləri əsaslı şəkildə yenidən formalaşdırdı."
Şükürlünün sözlərinə görə, Azərbaycanın Almaniyaya ilk xam neft partiyasını göndərməsindən sonra beş ay ərzində ölkə təxminən 210,9 milyon dollar (196 milyon avro) dəyərində 360,300 ton xam neft və neft məhsulları ixrac edib.
O inanır ki, Azərbaycan zamanla Qazaxıstan nefti və Türkmənistan qazının Almaniya və digər Avropa bazarlarına çatdırılması üçün tranzit marşrutuna çevrilə bilər.
Almaniyanın bu istiqamətdəki dəyişikliyi, onun keçmişdə Rusiya qazından asılılığını nəzərə alsaq, böyük çəkiyə malikdir. İtaliya Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Azərbaycan qazının Avropadakı ən böyük alıcısı olaraq qalır, lakin Almaniya da indi eyni istiqamətdə hərəkət edir.
Almaniyanın Mayns-Bingen rayonunun Şprendlingen-Gensinge icmalar birliyinin meri Manfred Şerer Azərbaycanın hazırkı energetika naziri Pərviz Şahbazovun Almaniyadakı səfirlik dövründə onunla görüşdüyünü xatırlayıb.
"Almaniya ilə Azərbaycan arasında iqtisadi əlaqələr son illərdə müsbət istiqamətdə inkişaf edib. Əməkdaşlığı daha da güçləndirmək üçün böyük potensial var," — deyə Şerer bildirib.
"Hazırkı energetika naziri Pərviz Şahbazovun Azərbaycanın Almaniyadakı səfiri olduğu dövrdə icmamıza səfərini məmnuniyyətlə xatırlayıram," — deyə o davam edib.
"O vaxt biz bələdiyyə tərəfdaşlığı vasitəsilə əlaqələrimizi dərinləşdirmək və regionlarımız arasında əməkdaşlığı gücləndirmək imkanlarını müzakirə etmişdik."
Daha geniş Avropa dəyişikliyi
Almaniyanın bu dönüşü Avropanın Cənubi Qafqaz və Mərkəzi Asiyaya doğru ümumi istiqamətlənməsinə uyğundur. Bu, qismən də Ermənistan-Azərbaycan sülh prosesini dəstəkləmək məqsədi daşıyır ki, bu da enerjinin daha da şaxələndirilməsinə və regional əlaqələrin açılmasına imkan verə bilər.
Yüksək səviyyəli səfərlərin sayı kəskin artıb. Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Azərbaycanla tərəfdaşlığın "Avropa İttifaqı üçün böyük əhəmiyyət kəsb etdiyini" və "real dinamikaya malik olduğunu" bildirib.
Avropa Şurasının Prezidenti Antonio Kosta Aİ-nin yenidən aktiv şəkildə proseslərə cəlb olunması üzrə danışıqlar aparmaq üçün Bakıya səfər edib, Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas isə may ayında səfərdə olub.
İtaliyanın Baş naziri Corciya Meloni və Slovakiya Prezidenti Peter Pelleqrini də Prezident İlham Əliyevlə yüksək səviyyəli danışıqlar aparıblar.
https://www.euronews.com/business/2026/07/20/azerbaijan-deepens-ties-with-germany-beyond-oil-and-gas