Sumqayıt şəhərində “Məişət zorakılığına məruz qalmış ailələr və münaqişəli ailələrdə əziyyət çəkən uşaqlara dəstək” mövzusunda tədbir keçirilib

Daha sonra çıxış edən Sumqayıt 1 saylı Mediasiya Təşkilatının rəhbəri Etibar Həsənov mediasiya proseslərinin ailədaxili münaqişələrin dinc və hüquqi yolla həllindəki rolunu vurğulayıb. O, münaqişəli ailələrdə uşaqların psixoloji sağlamlığının qorunmasının vacibliyinə toxunaraq, bu istiqamətdə həyata keçirilən layihələr barədə tədbir iştirakçılarını məlumatlandırıb. Təşkilat rəhbəri onu da vurğuladı ki, məişət zorakılığının qarşısının alınması istiqamətində görülən tədbirlər çərçivəsində həmçinin məişət zorakılığını törədən şəxslərlə də iş aparılmalıdır.
Mediator Xanlar Sətullayev və Elçin Hüseynov çıxış edərək, mediasiya xidməti göstərilərkən rast gəlinən məişət zorakılığı halları, onların ehtimal olunan səbəbləri və aradan qaldırılması üçün effektiv vasitələri tədbir iştirakçılarının diqqətinə çatdırmışlar.
Sumqayıt Şəhər Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik iş üzrə bölməsinin rəisi,Azər Bağırov isə çıxışında uşaqlara qarşı zorakılıq halları, onların aşkarlanması və qarşısının alınması istiqamətində hüquq-mühafizə orqanlarının gördüyü tədbirlərdən danışıb.
Sumqayıt Tibb Mərkəzinin direktor müavini İlkin Namazov valideyn məsuliyyəti və ictimai nəzarətin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Tədbirdə iştirak edən digər çıxışçılar da mövzu ilə bağlı fikirlərini bildirərək, ailədaxili zorakılığın uşaqlara təsiri, bu cür halların qarşısının alınması yolları, psixoloji və hüquqi dəstək mexanizmləri barədə ətraflı məlumat veriblər.
Qeyd edək ki, tədbirin əsas məqsədi ailələrdə zorakılıq hallarının azaldılması, uşaqların hüquqlarının müdafiəsi və cəmiyyətin bu məsələyə dair maarifləndirilməsidir. Tədbirin sonunda iştirakçılar arasında fikir mübadiləsi aparılıb və gələcəkdə bu istiqamətdə görüləcək işlər barədə danışılıb.





