Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » BDU-da müasir dövrdə hüquq sahələrinin qarşılıqlı əlaqəsi və tətbiqinə dair virtual konfrans keçirilib

BDU-da müasir dövrdə hüquq sahələrinin qarşılıqlı əlaqəsi və tətbiqinə dair virtual konfrans keçirilib

BDU-da müasir dövrdə hüquq sahələrinin qarşılıqlı əlaqəsi və tətbiqinə dair virtual konfrans keçirilib
2020-06-03 , 19:29

İyunun 2-də Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin, Dövlət Gömrük Komitəsi Akademiyasının, Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyasının, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının, Milli Aviasiya Akademiyasının Hüquq fakültəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Müasir dövrdə hüquq sahələrinin qarşılıqlı əlaqəsi və tətbiqi: nəzəriyyə və təcrübə” mövzusunda virtual respublika elmi konfransı keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, konfransı giriş sözü ilə açan rektor Elçin Babayev yeni növ koronavirus (COVID-19) infeksiyasının Azərbaycanda geniş yayılmasının qarşısını almaq üçün ali təhsil ocağında görülən qabaqlayıcı və effektiv tədbirlərlə bağlı məlumat verib. Azərbaycanda yeni növ koronavirusla mübarizənin inkişaf etmiş dövlətlərlə müqayisədə daha yaxşı təşkil olunduğunu vurğulayan rektor dövlət başçısı İlham Əliyevin nəzarəti altında həyata keçirilən çevik tədbirlər nəticəsində virusun ölkəmizdə geniş yayılmadığına və bundan sonra da yayılmasının ehtimal olunmadığına diqqət çəkib. COVID-19 pandemiyasının ölkəmizə, tələbə və müəllimlərə, eyni zamanda, tədqiqat sahəsinə təsirindən danışan E.Babayev bildirib ki, müasir dünyada elm və texnologiya sahəsində baş verən inkişaf yeni təhsil ehtiyacları yaratmaqla yanaşı, təhsil tətbiqlərinə yeni imkanlar təqdim etməkdədir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə demokratik və hüquqi dövlət quruculuğu istiqamətində görülən işlərdən bəhs edən E.Babayev əlavə edib ki, BDU-nun Hüquq fakültəsi fəaliyyət göstərdiyi müddətdə minlərlə yüksəkixtisaslı hüquqşünas kadr yetişdirərək respublikanın hüquq mühafizə orqanlarını, dövlət və hökumət qurumlarını hüquqşünas kadrlarla təmin edib. Bu fakültə respublikada hüquq elminin inkişafında və hüquq üzrə elmi-pedaqoji kadrların hazırlanmasında əsas aparıcı mərkəzdir.
Dövlət Gömrük Komitəsi Akademiyasının rəisi Qulu Novruzov “Heydər Əliyev beynəlxalq nəqliyyat dəhlizlərinin müəllifidir”, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektor əvəzi Elçin Xələfov “Məhkəmə-hüquq islahatları dövründə ədliyyə sahəsində elektron texnologiyaların tətbiqinin bəzi məsələləri”, Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyası rəisinin birinci müavini Elşad Nəsirov “Hüquqi dövlət prinsiplərinin Azərbaycan Respublikası Konstitusiyasında təsbiti”, Milli Aviasiya Akademiyasının Hüquqşünaslıq kafedrasının müdiri İbrahim Quliyev “Yerli özünidarəetmə sistemində bilavasitə xalq demokratiyası”, BDU-nun Hüquq fakültəsinin Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının müdiri Məsumə Məlikova “Hüquqi sistem və hüquqi həyat anlayışlarının nisbəti məsələləri”, Hüquq fakültəsinin dekanı Əmir Əliyev və Beynəlxalq ümumi hüquq kafedrasının professoru Əfsər Sadıqov “Beynəlxalq iqtisadi hüquq” magistratura ixtisaslaşmasının yaradılmasının əhəmiyyəti və zəruriliyini müəyyən edən əsas amillər”, Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyasının müəllimi Mehparə Fətullayeva “İnsan və vətəndaşın mülki hüquq və azadlıqlarının müdafiəsinin Azərbaycan Respublikası Konstitusiyasında təsbiti”, BDU-nun İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müəllimi Gülnaz Rzayeva “Süni intellekt sistemləri və şəxsi toxunulmazlıq hüququ”, Hüquq fakültəsinin magistrantı Əkbər Əliyev “Rəqəmsal dünyada məlumatların mühafizəsi və məxfiliyi” mövzularında məruzə ilə çıxış ediblər.
Məruzələrdə ölkələrin tranzit potensialının geosiyasi və geoiqtisadi aspektləri, “Şərq-Qərb”, "Şimal-Cənub", Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin - TRASEKA həyata keçirilməsi, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, tranzit potensialının artırılması, məhkəmə işlərinin elektron idarəedilməsi, "Elektron məhkəmə" informasiya sisteminin tətbiqi, dövlətin əsas qanunu kimi konstitusiya anlayışı, Azərbaycan dövlətinin Konstitusiya statusu, məhkəmə hakimiyyətinin müstəqilliyi, hüquq və azadlıqların üstünlüyü prinsipi, insan və vətəndaşın hüquqi statusunun anlayışı və prinsipləri, insan və vətəndaşın əsas hüquq və azadlıqları: sosial-iqtisadi hüquqlar, yerli özünüidarəetmənin təminatlarının hüquqi əsasları, hüququn anlayışı - dövlət və hüququn qarşılıqlı əlaqəsi, hüquq münasibətləri, gömrük hüququ, beynəlxalq iqtisadi hüququn dövlətdaxili hüquq ilə qarşılıqlı əlaqəsi, insan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsinin hüquqi tənzimlənməsi, məhkəmə sistemlərində süni intellektdən istifadə, fərdi məlumatların məxfiliyinin təmin edilməsi, elektron hökumətin hüquqi əsasları kimi mövzularda müzakirələr aparılıb.
Konfransın moderatoru, Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev son illər Hüquq fakültəsində nəşr olunan nüfuzlu elmi jurnalların sayının daha da artmasından, o cümlədən elmi müstəvidə qazanılan uğurlardan bəhs edərək məruzəçilərə minnətdarlığını bildirib.
“Microsoft Teams” platforması üzərindən təşkil olunmuş konfrans iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.