Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Prezidentdən banklara ciddi XƏBƏRDARLIQ

Prezidentdən banklara ciddi XƏBƏRDARLIQ

Prezidentdən banklara ciddi XƏBƏRDARLIQ
2020-02-04 , 12:33

“Bank sektorunda sağlamlaşdırma prosesi davam etdirilir və davam etdirilməlidir. Biz banklara çox böyük dəstək vermişik. Bütün əmanətlər sığortalanıb və bu prosesi uzatmışıq. Hesab edirəm və tam əminəm ki, artıq böhranlı dövr arxada qalıbdır. Ancaq əhalinin banklara inamının artırılması üçün dövlət bu məsələni yenə də öz üzərinə götürür”.




Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda yekun nitqində deyib.



Dövlət başçısı bildirib ki, Azərbaycan nadir ölkələrdəndir ki, bütün bank əmanətləri dövlət tərəfindən sığortalanır.



“Bu, banklara verilən böyük dəstəkdir, edilən güzəştdir, eyni zamanda, onların məsuliyyətini artırır. Əgər banklar tərəfindən, özəl banklar tərəfindən hər hansı bir sürpriz olarsa, onlar özlərindən küssünlər. Mərkəzi Banka verilən yeni səlahiyyətlər çərçivəsində nəzarət daha güclü olmalıdır ki, sağlamlaşma prosesi uğurla başa çatsın.



Bütövlükdə özəl banklar iqtisadi inkişafımıza təkan verməlidir. Onların işi ancaq oturub pul qazanmaq olmamalıdır. Onlar öz məsuliyyətini dərk etməlidirlər. Dövlət onlara fəaliyyət göstərmək üçün imkan yaradıb, lisenziya verib. Əgər o banklarda hansısa problemlər olarsa, bu lisenziya ləğv ediləcəkdir. Son vaxtlar bir çox bankların lisenziyası ləğv olundu. Onlar bu imkanlardan məhrum olacaqlar. Ona görə məsuliyyətli yanaşmalıdırlar. Heç bir sürpriz olmamalıdır. Onlar biznes-kreditlərə üstünlük verməlidirlər. Mən bunu ilin yekunlarına həsr edilmiş müşavirədə qeyd etdim.



Yenə də bu meyil görünməkdədir. İstehlak kreditlərinə üstünlük verilir. Əlbəttə, bu, çox asandır. İstehlak kreditini verir, sonra da faizini alır. Amma bank krediti ölkə iqtisadiyyatı üçün, real sektor üçün, iş yerlərinin yaradılması üçün lazımdır. Ona görə burada mən bir daha göstəriş verirəm, Mərkəzi Bank və aidiyyəti nazirliklər, o cümlədən Nazirlər Kabineti bunu nəzarətə götürsün və mənə müntəzəm olaraq məlumat verilsin ki, biznes-kreditlərinin pay faizi nə qədərdir. İstehlak kreditləri və monitorinq daimi olmalıdır”. (Report)

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.