Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » İşə qəbul zamanı dövlət sosial sığorta şəhadətnaməsi tələb edilməyəcək

İşə qəbul zamanı dövlət sosial sığorta şəhadətnaməsi tələb edilməyəcək

İşə qəbul zamanı dövlət sosial sığorta şəhadətnaməsi tələb edilməyəcək
2021-04-02 , 17:03

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” qanuna dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə qanunun 9.1.1 -ci bəndi (sığortaolunanı işə qəbul edərkən ondan dövlət sosial sığorta şəhadətnaməsini (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olunmaqla) tələb etmək) ləğv edilir.
Layihədə bildirilir ki, sosial sahədə aparılan islahatlar nəticəsində sosial sığorta, fərdi uçot və pensiya təminatı sahəsindəki funksiyaların bir-birini tamamladığı vahid dövlət pensiya təminatı sistemi formalaşdırılmışdır. Həmin sistemin fəaliyyəti müasir tələblər səviyyəsində təşkil olunmuş, o cümlədən hər bir sığortaolunana fərdi şəxsi hesab açılaraq ödənilən məcburi dövlət sosial sığorta haqlarının bu hesablarda fərdi uçotunun aparılması, vətəndaşların pensiya hüquqlarının dəyər ifadəsində həmin uçotun məlumatları əsasında müəyyənləşdirilməsi mexanizmi yaradılıb.
Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2018-ci il tarixli 258 nömrəli Sərəncamına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətləri üzrə əhaliyə göstərilən xidmətlərin vahid internet portalı üzərindən təqdim edilməsi məqsədilə “e-sosial.az” saytı istifadəyə verilmişdir. Yaradılmış bu imkan nəticəsində vətəndaşlar özlərinə aid əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat növləri, torpaq-pay mülkiyyəti, əlillik, reabilitasiya, ödənilmiş məcburi dövlət sosial sığorta haqları ilə bağlı məlumatları və s. sahələr üzrə mütəmadi olaraq yenilənən məlumatları bu internet portalı vasitəsilə asanlıqla əldə edə bilirlər.
“Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi”ndə sığortaolunanlara məxsus sosial sığorta nömrəsi onların şəxsiyyət vəsiqəsinin FİN nömrəsi ilə əlaqələndirilmişdir. Başqa sözlə, fərdi uçot sistemində elektron xidmətlərə keçidin sürətləndirilməsi və innovativ həllərin tətbiqi artıq sadəcə sosial sığorta nömrəsinin olmasını yetərli etmiş, sosial sığorta şəhadətnaməsinin maddi daşıyıcıda çap edilməsi öz aktuallığını və əhəmiyyətini itirmişdir. Belə ki, sosial sığorta şəhadətnaməsinin hazırlanması və sığortaolunanlara çatdırılması əlavə maliyyə xərci və vaxt itkisinə səbəb olur.
“Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Qanununun layihəsi də məhz fərdi uçot sistemində proseslərin tam elektronlaşdırılmasına mane törədən halların aradan qaldırılması, elektron pensiya sisteminin əhatə dairəsinin genişləndirilməsi, habelə Dövlət Sosial Müdafiə Fondunun müvafiq xərclərinin azalması və azaldılan xərclərin vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə yönəldilməsi məqsədilə hazırlanıb.
Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.