Ceyhun Bayramov İsrailin müdafiə naziri ilə görüşüb

Ceyhun Bayramov İsrailin müdafiə naziri ilə görüşüb Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrailə rəsmi səfəri çərçivəsində İsrailin müdafiə naziri Yoav Qallant ilə görüşüb.
Yenilik.az xəbər verir ki, bu barədə Oxu.Az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. 
 
Görüşdə iki ölkə arasında müdafiə, hərbi-texniki və digər aidiyyəti sahələr üzrə əməkdaşlıq, o cümlədən regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
 
Ceyhun Bayramov Azərbaycan və İsrail arasında müdafiə sahəsində münasibətlərin mövcud əməkdaşlıq gündəliyində müstəsna rolunu diqqətə çatdırıb. 
 
17 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində İsrail Dövlətinin müdafiə naziri ilə keçirdiyi görüşə istinad edən Ceyhun Bayramov sıx təmasların, o cümlədən qarşılıqlı səfərlərin münasibətlərin inkişafına mühüm töhfə verdiyini bildirib.
 
Ceyhun Bayramov həmçinin post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycanın regionda sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində sülh və quruculuq səyləri barədə qarşı tərəfi məlumatlandırıb. 
 
Yoav Qallant iki ölkənin müdafiə, hərbi-texniki sahədə uğurlu əməkdaşlıq təcrübəsinə istinad edərək, bu xüsusda, əməkdaşlığın daha da genişləndirilməsi üçün mövcud potensialdan istifadənin vacibliyini qeyd edib. Qarşılıqlı təmasların davam etdirilməsinin əhəmiyyətli olduğu bildirilib.

Geri qayıt