Yenilik.Az
www.Yenilik.Az » Sağlamlıq » Cəmdəkləri ayaqqabı boyası ilə rəngləyib kənd toyuğu adı ilə satırlar - AQTA

Cəmdəkləri ayaqqabı boyası ilə rəngləyib kənd toyuğu adı ilə satırlar - AQTA

Cəmdəkləri ayaqqabı boyası ilə rəngləyib kənd toyuğu adı ilə satırlar - AQTA
2020-09-21 , 12:17

Aparılan dövlət nəzarəti tədbirləri zamanı bəzi quşçuluq təsərrüfatlarının baytarlıq nəzarətindən yayınaraq, məhsullarını müxtəlif ticarət mərkəzlərinə və ictimai iaşə müəssisələrinə təqdim etməsi cəhdləri olur.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi məlumat verib.
Baytarlıq nəzarətindən keçmədən quş əti və məhsullarının istifadəsi zamanı insanların virus mənşəli Quş qripi, Nyukasl, bakterial mənşəli Salmanelyoz, Kompilobakterioz, Yersinyoz, Xlamidyoz, Pasterilyoz, Quş vəbası və s. xəstəliklərə yoluxması təhlükəsi vardır.
Cari ildə ölkəyə idxal olunan quş əti və məhsulları üzərində həyata keçirilən risk əsaslı nəzarət tədbirləri zamanı laborator müayinələr üçün nümunələr götürülmüş və normativ texniki sənədlərin tələblərinə cavab verməyən Rusiya, Belarus, Ukrayna, Gürcüstan mənşəli 49.307 ton toyuq məhsulu məhv edilmiş, 30.964 ton toyuq məhsulu isə geri qaytarılmışdır.
Təəssüflə deməliyik ki, yerli quşçuluq müəssisələrində də aparılan monitorinqlər zamanı aşkar olunan norma və qayda pozuntuları bu sahədə vəziyyətin qənaətbəxş olmadığının gostəricisidir. Bəzi təsərrüfatlar nəinki özləri effektiv baytarlıq nəzrətini təşkil etmir, həmçinin dövlət baytarlıq nəzarətinin təmin edilməsinə də maneələr yaradılmasına cəhd edirlər.
Agentlik tərəfindən bu müəssisələrdə nəzarət qaydasında həyata keçirilən fəaliyyət zamanı quş cəmdəklərinin ayaqqabı sənayesində dərilərin boyanması üçün istifadə edilən anilin boyası vasitəsilə sarı rəngə boyayaraq kənd toyuğu adı altında insanlara satılması, toyuğun çəkisini artırmaq məqsədilə cəmdəklərə 30-40 faiz su vurulması, istifadə müddəti keçmiş quş əti və məhsullarının, habelə yumurtanın istehsal tarixini dəyişərək yenidən satış şəbəkələrinə qaytarılması, müxtəlif xəstəliklərdən quşların kütləvi ölüm hallarının gizlədilməsi və s. kimi halların aşkar olunması bu müəssisələrə dövlət nəzarətinin vacibliyini bir daha zəruri edir. Aşkar edilmiş bu pozuntular ictimailəşdirilərək, geniş istehlakçı kütlələri məlumatlandırılmış və əhalinin ciddi və haqlı qınağı ilə qarşılanmışdır.
Qida Təhlükəsizliyi Agentliyi bu sahədə fəaliyyət göstərən təsərrüfat subyektlərinə, ticarət və ictimai iaşə müəssisələrinin rəhbərlərinə ciddi şəkildə xəbərdarlıq edərək bildirir ki, dünyada yayılmaqda olan COVID-19 pandemiyası şəraitində bəzi işbazlar təsərrüfat subyektlərinin sahibləri ilə əlbir olaraq baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçməyən heyvan mənşəli məhsulların satışa təqdim edilməsi hallarına yol verirlər ki, bu da əhali arasında kəskin zoonoz infeksiyalarının yaranmasına səbəb ola biləcək qanun pozuntusudur. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən baytarlıq qanunvericiliyinin pozulmasına görə bu sahibkarlıq subyektlərinə qarşı qanunvericilikdə nəzərdə tutulmuş qaydada ən sərt tədbirlər görüləcəkdir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.