Yenilik.Az
www.Yenilik.Az » Sağlamlıq » COVID-19 tüğyan edir, test isə ucuzlaşmır: Bizi nə gözləyir?

COVID-19 tüğyan edir, test isə ucuzlaşmır: Bizi nə gözləyir?

COVID-19 tüğyan edir, test isə ucuzlaşmır: Bizi nə gözləyir?
2020-11-27 , 13:50

Azərbaycanda koronavirusa yoluxma sayı hər gün artır. Buna görə də test yoxlanışından keçmək istəyənlərin sayı da artır. Lakin böyük əksəriyyət COVID-19 testlərinin qiymətlərinin yüksək olduğundan şikayət edir. Bildirilir ki, Təcili Tibbi Yardım əməkdaşları pulsuz test etmək üçün çağırışa gəlmirlər, özəl xəstəxanalarda isə qiymətlər çox yüksəkdir. 


Bəs insanlar pandemiyanın hökm sürdüyü belə bir ərəfədə nə etməlidir?

Mövzu ilə bağlı “BakuPost”a danışan Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Məlahət İbrahimqızı bildirdi ki, cəmiyyətdə koronavirus testlərinin baha olmasına dair müəyyən müzakirələrin olduğu həqiqətdir:


“Bununla mən də razıyam. Koronavirus testlərinin qiymətləri yüksəkdir. Məsələni parlamentdə də qaldırdıq, amma bununla Nazirlər Kabineti məşğul olur. Qiymətləri yalnız gücü çatan təbəqə üçün tənzimləməməliyik. Eyni zamanda əməkhaqqı, gəlir mənbəyi aşağı olan insanları da nəzərə almaq lazımdır. Çünki virus kasıbla varlını seçmir. Yalnız maddi vəziyyəti yaxşı durumda olanlar xəstəliyə yoluxmur axı. Bu, kütləvi xarakter daşıyan pandemiyadır. Ona görə də qiymətlərə yenidən baxılmasını məqbul hesab edirəm. Amma qeyd edim ki, koronavirus xəstəsinin ailə üzvləri və onunla əlaqədə olan digər şəxslər dövlətimiz tərəfindən pulsuz olaraq COVID-19 testindən keçirilir. Bu baxımdan hökumət öz üzərinə düşən işi yüksək səviyyədə icra edir. Lakin hazırda özlərindən şübhələnərək şəxsi istəyi ilə respublikanın müxtəlif laboratoriyalarında test yoxlamasından keçən insanlar qiymətlərin yüksək olmasından narazılıqlarını bildirirlər. Bu, xarici ölkələrdə də pulludur. Eyni zamanda bildirim ki, koronavirus testləri Azərbaycanda istehsal edilmir, xaricdən gətiririk. İnsanlar birmənalı olaraq bilməlidirlər ki, COVID-19 testinin cavabı maksimum 3 gündən sonra dəyişə bilər. Yəni, bu gün testin cavabı neqativ çıxa bilər, amma 2 gün sonra cavab pozitiv olar. Biri var, biləsən, bu testi etdim, 3-4 ay nəticəsi qüvvədə qalacaq, bu zaman ayda heç olmasa 1 dəfə yoxlanışa gedər. Ona görə də 1 şəxs COVID xəstəsi ilə təmasda, kontaktda olmayıbsa, test etdirməyinin heç bir mənası yoxdur. Bu qəbildən olan şəxsləri də qeyd etdiyim kimi dövlət özü pulsuz test edir”. 

Millət vəkili əlavə etdi ki, hazırda dünyanın bütün ölkələrində təcili tibbi yardım qıtlığı yaşanır, hətta tibbi personal çatışmazlığı da var: 

“Məsələn, ABŞ-ın təkcə Nyu-York şəhərində COVID-19-dan ölən 600 şəxsin meyidi morqda qalıb, dəfn etmək imkanları yoxdur. Heç bir ölkədə koronavirusla bağlı hökumətin hazırlığı yox idi. Yəni, heç kimin ağlına gəlməzdi ki, belə bir vəziyyət olacaq. Azərbaycan da dünyanın bir parçasıdır və ölkəmizdə bu xəstəlik epidemik vəziyyətdədir. Son günlərdə isə epidemolji vəziyyət özünün pik həddinə çatıb. Bundan başqa, əvvəllər insanlar 38-39 dərəcə temperaturla Təcili Tibbi Yardım çağırmırdılar. Lakin indi pandemiya ilə əlaqədar insanlarda qorxu, şübhə, narahatlıq var. Bu təşvişə görə də Təcili Tibbi Yardıma müraciətlər artıb. Bu, tək Azərbaycanın problem deyil, Avropanın inkişaf etmiş ölkələrində də eyni durum hökm sürür. Almaniyada xəstəxanalarda artıq yer yoxdur. Fransada xəstələri ətraf ölkələrdən hansında yer varsa, ora aparırlar. Azərbaycanda isə hələlik xəstəxana problemi yaşanmır. Bizim ölkədə koronavirusun hələ birinci dalğası zamanı xəstə ilə təmasda olanları da atletlər şəhərciyində, beş ulduzlu otellerdə karantinə alırdılar, yerləşdirirdilər. Ümid edirik ki, virusa yoluxma sayı daha da yüksəlməz. Qısa müddətdə erməni virusunu məhv etdik, koronavirusu da məhv edək”. 

Tibb elmləri doktoru Adil Qeybulla isə bildirdi ki, özəl tibb müəssisələrin COVID-19-a yoluxanları xəstəxanaya aparmaq ixtiyarı yoxdur: 
“Hazırda bu istiqamətdə bir sıra çətinliklər var. Bu da sırf bütün dünyada tüğyan edən COVID-19 pandemiyası ilə bağlıdır. Çünki Azərbaycanda da koronavirus xəstələrinin sayı həddən artıq çoxdur. Buna görə də mövcud olan təcili yardım sistemi çağırışları tam yerinə yetirə bilmir. Bu problemin varlığını açıq etiraf etmək lazımdır”. 

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinə ünvanladığımız sorğu artıq neçə gündür cavabsız qalıb. 

Təcili Tibbi Yardımın “103” çağırış xidmətindən isə qeyd olundu ki, problem yoluxma sayındakı kəskin artımla əlaqədardır: 

“Demək olar ki, bütün avtomobillərimiz koronavirus xəstələri üçün səfərbər olub. Ona görə də əməkdaşlarımız çağırışlardan sonra mənzil başına gec çatırlar”.

Qeyd edək ki, Milli Məclisin plenar iclasında deputat Sabir Rüstəmxanlı sözügedən problemə toxunaraq, koronavirusla bağlı getdikcə ağırlaşan vəziyyətdən bəhs edib:

“Camaat koronavirusla əlaqədar müayinə olunmur. Çünki bir dəfə evdə yoxlanmaq üçün gərək 100-120 manat verəsən. Bunun kasıbı, imkansızı var. Adamların imkanı olmur, yoxlanmır, özfəaliyyət nəticəsində isə xəstəlik sağalmaqdansa, dərinləşir”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.