Yenilik.Az
www.Yenilik.Az » Şikayət » Sumqayıt Avtovağzalında yığılan pullar hara gedir?

Sumqayıt Avtovağzalında yığılan pullar hara gedir?

Sumqayıt Avtovağzalında yığılan pullar hara gedir?
2021-09-01 , 01:46

Son illərdə ölkədə maraqlı tendensiya yaranıb. harda 3-4 maşın dayanırsa orda bir sarı jiletli, əli çubuqlu biri peyda olub pul yığmağa başlayır. Bilmirsən dilənçidir, yoxsa haranınsa işçisidir. Haranınsa işçisidirsə, yığılan pullara görə çek təqdim olunarsa adam bilər ki, bu qanunidir, yox üst-başı səliqəsiz, danışığını bilməyən biri hərbə-zorba gəlib, heç bir çek təqdim etmədən pul tələb edərsə onun haqqında artıq başqa təsəvvür yaranır. Sumqayıt Avtovağzalında da məhz belədir. Sumqayıt Avtovağzalının yanında böyük bir dayanacaq var, çirkli bir iplə girişini bağlayıb, ipi də veriblər Minə deyilən, olduqca kobud danışan, özünə nəzarəti tez itirən bir yaşlı qadının əlinə, o da "babam mənə kor deyib, gəlib-gedəni vur deyib" prinsipi ilə hətta dayanacağa maşını döndərib çıxmaq məqsədilə girəndən də 50 qəpik almamış buraxmır, az qala özünü maşının altına, atır, yaxud arxasında dayanır, ya pulu ver, ya da burda qal" deyir, hətta gedib o çirkli ipi də bağlayır ki, "heç yana getməyəcəksən".


"50 qəpik nədir ki" düşüncəsi ilə istədiyini ona vermək çətin deyil, amma iş burasındadır ki, bu qadını bura kim təhkim edib, əmək müqaviləsi bağlayıbmı, yoxsa elə əlinə çubuq verib "gəlib-gedəndən 50 qəpik almamış buraxma" deyiblər? Qadın özü deyir ki, "mənim böyüyüm Hidayət müəllimdir, o deyib, mən də alıram". Hidayət müəllimi axtarmaq istədik ki, görək XXI əsrdə bu necə iş üsuludur ki, adama çek vermədən pul tələb olunur, çek tələb edəndə kobudluq edilir, sonra da gedib üstündə saatı, tarixi olmayan çek gətirilir, amma həmin müddətdə başqa maşınlar çeksiz-filansız dayanacağı tərk edir? Bu hansı qanunda yazılıb, hansı qaydaya əsaslanır? Bəlkə Sumqayıt Avtovağzalının və onun Hidayət müəlliminin özünün yazdığı qaydalar var və Minə arvad həmin qaydalara əsasən jilet geyib, çubuq gəzdirir, sürücüləri dayanacaqdan çıxmağa qoymur? Hidayət müəllimi axtarmaq üçün Avtovağzalın inzibati binasına girdikdə məlum oldu ki, dispetçer məntəqəsində oturan 2 işçi xüsusi karantin rejiminin qaydalarına zidd olaraq qapalı məkanda tibbi maskadan istifadə etmirlər, içəridən çıxan xalid adlı işçi bildirdi ki, "Hidayət müəllim Rusiyaya gəzməyə gedib, dayanacaq da özəldir, Minə də düzgün hərəkət edib." Buradan məlum oldu ki, Minənin sürücüləri qeyri-qanuni dayanacaqda saxlatmaq cəsarəti haradan qaynaqlanır. 

Sonra Avtovağzalın qarşısında əlində sənədlər xidmət aparan polis əməkdaşına yaxınlaşıb qapalı məkanda tibbi maska taxmayan dispetçerlərlə bağlı niyə tədbir görmədikləri ilə maraqlandıqda polis əməkdaşı əvvəlcə həmin şəxslərlə bağlı protokol yazacağını bildirsə də, sonradan görməzlikdən gəldi və qapalı məkanda dispetçerlərin niyə arxayın şəkildə maska taxmadıqlarının da səbəbi məlum oldu. Hər şey gün kimi aydın oldu. Bu yazıdan sonra ümid edirik ki, İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidməti "kölgədən şəffaflığa" siyasətini Sumqayıt Avtovağzalında da tətbiq edəcək və həmin dayanacaqda yığılan pulların son qəpiyinə kimi dövlət büdcəsinə köçürülməsini təmin edəcək. Daxili İşlər Nazirliyi, Sumqayıt Polis İdarəsi isə ümid edirik ki, qapalı məkanlarda, xüsusilə Sumqayıt Avtovağzalında işçilərin tibbi maska ilə bağlı tələblərə əməl olunmasına, orada xidmət aparan polis əməkdaşlarına nəzarəti bir az da gücləndirəcək.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.