Yenilik.Az
www.Yenilik.Az » Şikayət » İcra hakimiyyəti qazinin anasından rüşvət istədi

İcra hakimiyyəti qazinin anasından rüşvət istədi

İcra hakimiyyəti qazinin anasından rüşvət istədi
2021-10-03 , 18:17

“Oğlum Ağazadə İlham 2-ci Qarabağ müharibəsi qazisidir. May ayının 7-də hərbi xidmətə gedib, 4 ay sonra müharibə başlayanda könüllü o da cəbhəyə yollanıb. Ağdam, Xocavənd ərazisində döyüşüb, Füzulidəki döyüşdə yaralanıb. Deyir ki, ana, Fizulinin 4 kəndini almışdıq ki, döyüş yoldaşımı qoruyanda qəlpə həm ayağıma, həm də qoluma dəydi. Oğlumun əmisi 1992-ci ildə şəhid olub, balam əmisinin qisasını alıb gəldi. O biri oğluma da əmisinin adını qoymuşam. Döyüşlərdə göstərdiyi şücaətə görə ölkə rəhbərliyi tərəfindən də medallarla təltif olunub. Dövlət və Yaşat fondu gəlib daim maraqlanır, onlardan çox razıyıq. Amma bir məmur, aidiyyatı qurumlardan heç kim gəlib maraqlanmayıb ki, burada yaşayan qazi necədir?”

 
Pravda.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında 2-ci Qarabağ müharibəsi qazisi İlham Ağazadənin anası Minarə Ağayeva deyib. O daha sonra şikayətini dilə gətirib.
 
“Oğlum hərbi xidmətə getməmişdən öncə biz Ramanıda 2-ci qəsəbədə 3 sot torpaq almışdıq. Gücümüz çatmırdı ev tikdirməyə. 3 uşaqla kirayədə yaşayıram, bir həyat yoldaşımdır işləyən. Zülmlə pulu yığıb torpaq aldıq.
 
Qazi oğluma əlilliyə görə pul verildi, dedim ki, evi tikməyə başlayaq. Çünki oğlum üçün kirayədə qaldığımız evə heç çarpayı da qoya bilmirəm. Ev tikməyə başlasaq da tikintini yarımçıq saxladılar. Yerli icra nümayəndəliyindən bizə deyirlər ki, bu ərazidə ev tikmək üçün sizin rəsmi sənədiniz olmalıdır. Orada Arif adlı səlahiyyətli bir şəxs var, neçə dəfə yanına gedib xahiş etmişəm. Mənə deyir ki, nə vaxt mən icazə versəm tikə bilərsiniz! İcra hakimiyyətində Fəqan adlı şəxsdən də kömək istədik, bizə kömək etmədi. Ona dedim ki, bir qazinin problemini həll edə bilmirsinizsə niyə oturmusunuz o kresloda?
 
Səbəb kimi onu bəhanə gətirib deyirlər ki, bura SOCAR-ın ərazisidir. Necə olur mənim qonşum yaşayır orada, mən ev tikə bilmirəm? Deyirəm ki, bu ərazidə əgər bir nəfərin sənədi varsa, mən bu evi yarımçıq saxlayaram, tikmərəm. Bəlkə də 150 adamın evi var, bir nəfərin də sənədi yoxdur. Onlardan xahiş etdim ki, mənə kömək edin, bu evi tikim. Qaynımın şəhid olduğunu dedim, oğlumun səhhətininin nə yerdə olduğunu izah etdim. Oğlum döyüşlərdə kontuziya alıb, əsəbləşəndə dili ağzında tutulur, kəkələyə-kəkələyə danışır. O sənin, mənim üçün gedib yaralanıb da.
 
Həyat yoldaşıma deyiblər ki, buranın xərci var, pulunu ver tikintini davam et. Mənim pulum var sənə verməyə? Tikinti üçün sənə pul versəm gərək 10 il də kirayələrdə sürünüm. Balam döyüşdən yaralanıb gələndə dedim ki, eybi yox, vətən sağ olsun! İndi bu çəkdiyimiz zülmlər nəyə görədir? Hədə-qorxu gəlirlər ki, gəlib tikdiyiniz alayarımçıq evi traktorla sökəcəyik. Düşmən evidir ki, tikməyə qoymursunuz? Çox istərdim ki, mənim bu problemini işıqlandırıb, həll olunmasında köməyinizi əsirgəməyəsiniz. Bir qazi anası, şəhid qohumu kimi sizdən xahiş edirəm” deyə qazinin valideyni bildirib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.