Yenilik.Az
www.Yenilik.Az » Şikayət » "AZTECH" mağazası qüsurlu mal satıb, indi isə... - ŞİKAYƏT - FOTO

"AZTECH" mağazası qüsurlu mal satıb, indi isə... - ŞİKAYƏT - FOTO

"AZTECH" mağazası qüsurlu mal satıb, indi isə... - ŞİKAYƏT - FOTO
2021-11-26 , 16:33

Redaksiyamıza daxil olan bugünkü şikayət "AZTECH" mağazasındandır.

Sonxeber.az-ın məlumatına görə, şikayətçi Zaur Əzməmmədov "AZTECH" mağazasından 2 illik rəsmi zəmanətlə kompüter alıb, lakin əşya zavod qüsurlu çıxıb.
O bildirir ki, rəsmi servis bunu təsdiqləyib akt tərtib etsə də, sonradan bəhanə ilə problemi həll etməkdən boyun qaçırıblar:
"25 sentyabr tarixində özünü "ASUS"-un rəsmi dileri kimi təqdim edən "AZTECH" mağazasından kompüter almışam. Cihaza dair şübhələrim olduğundan noyabr ayının 10-da cihazı diaqnostika üçün "AZTECH"in məni yönləndirdiyi rəsmi servisə qoydum və 9 gün sonra cihazın anakartında qüsur olduğunu bildirdilər. Bunun isə zavod qüsuru olduğu və istifadə qaynaqlı olmadığı barədə mənə rəsmi servislərindən məlumat verilərək akt tərtib edildi.
"AZTECH"ə bu barədə bildirdikdə, ilk öncə ancaq təmirin mümkün olacağını dedilər. Bir qədər təkid etdikdən sonra dəyişməyə razı oldular. Lakin şərt qoydular ki, cihaz cızıqsız, zədəsiz olsun. Halbuki mühüm qüsuru olan cihazı qeyd-şərtsiz ya dəyişməli, ya qaytarmalı, ya da təmir etməlidirlər. Ayın 22-də cihazı servisdən götürüb birbaşa mağazaya gəldim. Orada işıq altında baxanda xırda cızıq olduğunu (buna cızıq da demək olmaz) dedilər və dəyişməkdən, eyni zamanda qaytarmaqdan boyun qaçırdılar. Mən də bildirdim ki, bunu servisdə ediblər, çünki mən kompüteri verəndə mənə təhvil aktı imzaladıldı. Təhvil verəndə isə heç bir cızıq olmadığı üçün akta heç nə qeyd edilməyib. Və mən servisdən təslim alanda həmin cızığı normal şəkildə baxaraq görməyim qeyri-mümkün idi.
İndi nə servis cızdığını boynuna götürmür, nə də mağaza dəyişim və qaytarmağa razı deyil".
Mövzu ilə bağlı "AZTECH" mağazası ilə əlaqə saxlamağa çalışsaq da, zəngimiz cavabsız qaldı. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq./Sonxeber.az
AzTECH mağazasından Zaur Əzməmmədovun iddiaları ilə bağlı sosial şəbəkədə mövqe bildirilib. Həmin mövqeyi olduğu kimi dərc edirik:
"Həmin müştəri bizim mağazamızdan 2 il rəsmi zəmanətlə sözügedən noutbuku almışdır. Elə zəmanət də məhz buna görə verilir ki, alınan məhsulda hər hansı bir nasazlıq yarandığı halda həmin hissə təmannasız zəmanət çərçivəsində ya təmir olunur ya da yenisi ilə əvəz olunur. Həmin satılan məhsulda problem 3 aydan və ya 1 ildən sonra da baş verə bilərdi və ya ümumiyyətlə, heç bir problem çıxmaya da bilərdi. Problemin həllindən heç kim boyun qaçırmır. Zəmanət çərçivəsində həmin nasaz hissə zavoddan sifariş olunmuş orijinal hissə ilə əvəz edilə və noutbuk müştəriyə tam saz (işlək) vəziyyətdə təhvil verilə bilər. Burda isə hər şey təhrif olunur və elə qeyd olunur ki, guya həmin cızıqlara görə, biz zəmanət üzrə öz öhdəliklərimizdən imtina edirik. Halbuki, bu tam təhrif edilmiş, yalan məlumatdır.
Dəyişdirilməsi ilə bağlı müştərinin bizə müraciətinə gəldikdə isə, noutbukun 2 aya yaxın istifadə olunmasına baxmayaraq, biz yenə də xoş niyyətimizi göstərərək təklif etdik ki, əgər korpusunda cızıq və ya zədə yoxdursa, gətirin baxaq, mümkün olsa yenisi ilə dəyişdirə bilərik. Noutbuku mağazaya gətirəndə artıq üzərində xeyli cızıqlar var idi. Cızıqların harada baş verməsi ilə bağlı isə biz heç nə deyə bilmərik. Müştərinin noutbuku zəmanət çərçivəsində tam saz vəziyyətdə müştəriyə təhvil verilə bilər. Amma servisdə nasazlığı aradan qaldırmaq üçün müştəriyə müraciət etdikdə, müştəri öz qərarı ilə bu xidmətdən imtina etmişdir. Belə olan halda biz müştəriyə heç cür köməklik göstərə bilmərik. Noutbuk rəsmi servis mərkəzinə gətirilməlidir ki, ona zəmanət çərçivəsində yeni ehtiyat hissə sifariş olunsun.
Müştəri müxtəlif qruplarda olan yazışmalarında qeyd edir ki, guya noutbuku aldıqdan 3 gün sonra problem olması barədə öz tanışına skrinləri göndərib və onu məhkəmədə sübut kimi istifadə edə bilərmi deyə soruşur. Əgər 3 gün sonra noutbukda həqiqətən də problem var idisə, niyə müştəri dərhal bu barədə mağaza və ya servisə birbaşa müraciət etmədi?! Halbuki, müraciət etsəydi, problem dərhal həll olunar, ya noutbuku geri qaytarıla ya da dəyişdirilə bilərdi. Maraqlıdır, niyə müştəri ancaq 2 ay sonra bu məsələ ilə bağlı mağazaya müraciət etdi?
Müxtəlif sosial şəbəkələrdəki qruplarda müştəri qeyd edir ki, guya noutbuku ondan geri almamaq üçün, bizim mağazanın işçisi bilərəkdən özü noutbuka cızıqları elə mağazada saldı. Bu tamamilə əsassızdır, şər və böhtandır!!! Mağazamızda 24 saat kamera müşahidəsi aparılır, bunu təkzib etmək heç də çətin olmayacaq. Aztechin nüfuzu, öz şərəf və ləyaqətimizi qorumaq üçün qanunvericiliyə müvafiq qaydada bütün imkanlardan biz də istifadə edəcəyik."
"AZTECH" mağazası qüsurlu mal satıb, indi isə... - ŞİKAYƏT - FOTO"AZTECH" mağazası qüsurlu mal satıb, indi isə... - ŞİKAYƏT - FOTO

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.