“Dr. Gülü”nün növbəti QURBANI görünməz halda: “TikTok reklamına inandım, üz sinirlərim zədələndi”- VİDEOFAKT
Bakıda fəaliyyət göstərən estetik mərkəzlərdən biri ilə bağlı ciddi iddialar səsləndirilib. Paytaxt sakini İnci Məmmədova sosial şəbəkədə gördüyü reklam əsasında müraciət etdiyi estetik mərkəzdə uğursuz əməliyyatın qurbanı olduğunu bildirib.İnci Məmmədova iddia edir ki, əməliyyatdan dərhal sonra vəziyyəti pisləşib. O, şiddətli ağrılar və qanaxmaların başladığını, hazırda isə ağzının sağ tərəfini tam hiss etmədiyini bildirib. Zərərçəkmişin sözlərinə görə, əməliyyat zamanı üz sinirləri zədələnib.
Zərərçəkmiş onu da bildirir ki, əməliyyatdan sonra araşdırma apararkən öyrənib ki, əməliyyatı icra edən Gülbadi Abdullayevanın tibbi təhsili, diplomu və ya cərrahi fəaliyyət göstərmək üçün rəsmi icazəsi yoxdur. İ.Məmmədova həmin şəxsin əsl peşəsinin saç ustası olduğunu iddia edir.
Zərərçəkmiş bildirir ki, hadisədən sonra nə əməliyyatı həyata keçirən şəxs, nə də klinika rəhbərliyi onun vəziyyəti ilə maraqlanıb. Onun sözlərinə görə, edilən zənglərə əsasən köməkçilər cavab verir və məsuliyyətdən yayınmağa çalışırlar.
Hazırda həm fiziki, həm də psixoloji cəhətdən ağır vəziyyətdə olduğunu bildirən İnci Məmmədova aidiyyəti dövlət qurumlarına və hüquq-mühafizə orqanlarına müraciət edərək hadisənin araşdırılmasını, məsul şəxslərin qanun qarşısında cavab verməsini tələb edir.
Onu da bildirək ki, “Dr. Gülü” adı ilə tanınan Gülbadi Abdullayeva bundan əvvəl də sosial şəbəkələrdə mübahisəli paylaşımları ilə gündəmə gəlib. Özünü estetik mütəxəssis kimi təqdim edən şəxs xüsusilə əməliyyat otağında çəkilmiş videoları və rəqs görüntüləri ilə geniş müzakirələrə səbəb olmuşdu. Sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid olunan həmin görüntülərdən sonra onun peşə fəaliyyəti ilə bağlı müxtəlif suallar ortaya çıxmışdı. Son hadisə isə bu müzakirələri yenidən alovlandırıb və estetik müdaxilələr həyata keçirən şəxslərin peşə hazırlığı, tibbi təhsili və fəaliyyətinə nəzarət məsələsini gündəmə gətirib.
